Məlum olduğu kimi dekabrın 2-də Şuşa şəhərində 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı”nın bağlanış tədbirlərinə başlanılıb.
Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun birgə təşkilatçılığı ilə baş tutan beynəlxalq proqrama İƏT-ə üzv və müşahidəçi ölkələrin 300-ə yaxın rəsmi nümayəndəsi, habelə gənclər və könüllülər iştirak edirlər.
Bu çərçivədə reallaşan Mədəniyyət Nazirliyinin "Yaradıcılıq marafonu" İslam ölkələrindən olan gənc istedadları bir araya gətirərək müxtəlif yaradıcı sahələrdə birgə əməkdaşlıq və innovativ məhsulların yaradılmasını təşviq edən unikal platforma rolunu oynayır.
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı rəhbər tutaraq təqdim olunan bu layihənin əsas məqsədi gənclərdə innovativ və yaradıcı yanaşma tərzini formalaşdırmaqdır.
Marafonun əsas istiqamətləri animasiya, dəb, film və dizayn olaraq müəyyən edilib.
Marafonda təcrübəli mentorların rəhbərliyi ilə beynəlxalq və yerli iştirakçılardan ibarət komandalar 24 saat ərzində öz məhsullarını hazırlayacaq və dekabrın 3-də münsiflər heyəti qarşısında təqdim edəcəklər. Qalib komandalar xüsusi mükafatlarla təltif olunacaqlar.