Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin bazasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılsın.

2. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Əsasnaməsi” təsdiq edilsin.

3. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin aparatının işçilərinin say həddi 23 ştat vahidi müəyyən edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını dörd ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;

4.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

6. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təşkili məqsədi ilə zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 18 dekabr 2014-cü il

№ 409

 

 

 Azərbaycan Respublikası Prezidentinin

2014-cü il 18 dekabr tarixli 409 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında ƏSASNAMƏ

06 iyun 2018, 20:11

 

Azərbaycan Respublikası Prezidentinin

2018-ci il 6 iyun tarixli Fərmanı

ilə təsdiq edilmişdir

 

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti (bundan sonra – Xidmət) mədəni irsin qorunması, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərindən (abidələrindən) istifadə, onların bərpası, rekonstruksiyası, konservasiyası və yenidən qurulması sahəsində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnaməni, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası mədəniyyət nazirinin qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Xidmətin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.5. Xidmətin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər, qrantlar, ianələr, habelə tabeliyindəki qurumların göstərdikləri xidmətlərdən və gördükləri işlərdən əldə edilən vəsait hesabına maliyyələşdirilir.

1.6. Xidmət Bakı şəhərində yerləşir.

2. Xidmətin fəaliyyət istiqamətləri

2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;

2.0.2. mədəni irsin qorunmasını və inkişafını təmin etmək və mədəni irsin qorunmasına dövlət nəzarətini həyata keçirmək;

2.0.3. dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərinin (abidələrinin) bərpasına, rekonstruksiyasına, konservasiyasına, yenidən qurulmasına, texniki təchizat vasitələrinin yeniləşdirilməsinə, cari və əsaslı təmir-bərpa işlərinin layihələndirilməsinə dövlət nəzarətini həyata keçirmək;

2.0.4. müvafiq sahədə əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılan vəsaitin səmərəli idarə edilməsini təmin etmək;

2.0.5. müvafiq sahədə aparılan abadlıq, inşaat, təmir, bərpa, rekonstruksiya, konservasiya və yenidənqurma işlərinin layihələrinin həyata keçirilməsinə Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla razılıq vermək və işlərin gedişinə nəzarət etmək.

3. Xidmətin vəzifələri

3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır:

3.0.1. müvafiq sahəyə aid olan dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsində iştirak etmək;

3.0.2. dövlət qurumlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;

3.0.3. öz tabeliyindəki elmi tədqiqat, layihə və istehsalat təşkilatlarının işini səmərəli təşkil etmək;

3.0.4. tarix və mədəniyyət abidələrindən istifadə və onların təbliği işini, bu sahədə beynəlxalq və yerli tədbirlərin keçirilməsini təşkil etmək;

3.0.5. tarix və mədəniyyət abidələrində təmir və bərpa işləri aparıldıqda, texniki-iqtisadi əsaslandırmanın hazırlanmasını və smeta sənədlərinin ekspertizadan keçirilməsini təmin etmək;

3.0.6. tarix və mədəniyyət abidələrinin bərpası ilə bağlı layihə-smeta sənədlərini hazırlamaq;

3.0.7. tarix və mədəniyyət abidələrinin mühafizəsinin dövlət monitorinqini həyata keçirmək;

3.0.8. tarix və mədəniyyət abidələrinin yerləşdiyi ərazilərdə qazıntı işlərini təşkil edən hüquqi və fiziki şəxslərdən aparılmış tədqiqat işləri barədə hesabat tələb etmək;

3.0.9. tarix və mədəniyyət abidələrinin bərpasına, mühafizəsinə və istifadəsinə dair layihələrin hazırlanmasında iştirak etmək;

3.0.10. müvafiq sahədə inşa edilən, bərpa və təmir olunan obyektlərin, digər əsas fondların tikintisinə və təmirinə ayrılan vəsait hesabına görülən işlər üzrə sifarişçi funksiyasını yerinə yetirmək;

3.0.11. müvafiq sahədə aparılan bərpa, tikinti-quraşdırma, cari və əsaslı təmir işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə, vaxtında istifadəyə verilməsinə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq texniki nəzarət etmək, tikintisi başa çatmış obyektlərin istismarına icazə verilməsi üçün sənədləri aidiyyəti üzrə təqdim etmək;

3.0.12. hazırlanmış layihə-smeta sənədlərinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və digər dövlət qurumları ilə razılaşdırılmasını, ekspertiza müəssisələrinin təklifləri nəzərə alınmaqla layihələrdə dəyişikliklər edilməsini və onların təsdiq olunmasını təmin etmək;

3.0.13. müvafiq sahədə bərpa olunacaq və tikiləcək obyektlərin layihə işlərinin maliyyələşdirilməsini, yerinə yetirilmiş bərpa, tikinti-quraşdırma və təmir işlərinin dəyərinin ödənilməsini təmin etmək;

3.0.14. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin obyektlərinin və digər əsas fondlarının bərpasına, tikintisinə və təmirinə dair dövlət sifarişlərinin hazırlanmasında iştirak etmək, texniki təchizat vasitələrinin yeniləşdirilməsi işlərini həyata keçirmək;

3.0.15. müvafiq sahə üzrə tikiləcək və təmir ediləcək obyektlərin ehtimal olunan qiymətlərini müəyyən etmək;

3.0.16. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq sahədə bərpa və tikinti işlərini həyata keçirəcək təşkilatın müəyyən edilməsi üçün müsabiqə keçirmək və qalib gəlmiş podratçı təşkilatla müqavilə bağlamaq;

3.0.17. müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;

3.0.18. müvafiq sahə üzrə hər hansı bərpa, inşaat, təmir, rekonstruksiya, regenerasiya və konservasiya layihəsinin həyata keçirilməsinə, Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla razılıq vermək, işlərin razılıq verilmiş layihə və tələblərə uyğun aparılmasının monitorinqini təşkil etmək;

3.0.19. müvafiq sahədə mühafizə rejiminin pozulmasının qarşısını almaq;

3.0.20. tarix və mədəniyyət abidələrinin təbliğinə (audiovizual çəkilişlər aparılmasına və s.) razılıq vermək;

3.0.21. müvafiq sahə üzrə sərgilərin, fotostendlərin, ekskursiyaların, mühazirələrin, sənədli və qısametrajlı filmlərin hazırlanmasını, elmi-kütləvi ədəbiyyatın nəşrini, beynəlxalq və yerli simpozium və seminarların, tədbirlərin keçirilməsini təşkil etmək;

3.0.22. Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntı işlərinin aparılmasına, tarix və mədəniyyət abidələrinin öyrənilməsinə nəzarət etmək;

3.0.23. dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması işini təşkil etmək;

3.0.24. hər hansı texniki avadanlıq və cihaz tarix və mədəniyyət abidələrinin təhlükəsiz istismarına mane olduqda, təhlükəsiz istismara mane olan halların dərhal aradan qaldırılmasını avadanlıq və qurğu sahibindən aidiyyəti orqanların tələb etmələrinə razılıq vermək;

3.0.25. təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin başvermə ehtimalının yüksək olduğu dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə mühafizə tədbirlərinə razılıq vermək;

3.0.26. təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərdə dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrində (bina və qurğularda) bərpa və yenidənqurma işlərini təşkil etməklə bağlı sifarişçi funksiyalarını yerinə yetirmək;

3.0.27. dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə aid yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və ya qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə razılıq vermək;

3.0.28. konservasiya mühafizə dərəcəsi olan daşınmaz mədəni sərvətlərdən məhdud dairədə istifadəyə nəzarət etmək;

3.0.29. mühafizə dərəcəsi olan daşınmaz mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi ilə həmin mədəni sərvətlərin qorunmasına dair mühafizə müqavilələri bağlamaq;

3.0.30. Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparılması və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslərdən görülmüş tədqiqat işləri barədə hesabat qəbul etmək;

3.0.31. dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin dövlət uçotunu aparmaq, bu əmlak barədə texniki məlumatları dəqiqləşdirmək;

3.0.32. qəza vəziyyətinə düşmüş dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə aid mənzilin (yaşayış binasının) mülkiyyətçisi onu mümkün olan ən qısa müddətdə təmir və ya bərpa etmək vəzifəsini yerinə yetirmədikdə, mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barədə məhkəmədə iddia qaldırılmasına razılıq vermək;

3.0.33. qabaqlayıcı mühafizə dərəcəsi tətbiq edilmiş dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə razılıq vermək;

3.0.34. dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarında tikinti zamanı mədəni irs obyektlərinin əlamətləri aşkar edildikdə, tikinti işlərinin dərhal dayandırılması barədə məlumatları toplamaq, dərhal dayandırılan tikinti işlərinin davam etdirilməsinə və zəruri tədbirlər görülməsinə razılıq vermək;

3.0.35. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tarix və mədəniyyət abidələrindən elmi, mədəni, dini, xidməti və turizm məqsədləri üçün istifadəyə, o cümlədən onların icarəyə verilməsinə və yerli əhəmiyyətli memarlıq abidələrinin özəlləşdirilməsinə razılıq vermək;

3.0.36. mədəni irs abidələrinin mühafizə zonalarını müəyyən etmək;

3.0.37. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tarix və mədəniyyət abidələrinin ərazilərində və onların mühafizə zonalarında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcılarının yerləşdirilməsinə razılıq vermək;

3.0.38. tarix və mədəniyyət abidələrinin mühafizəsini təmin etmək, yeni aşkar olunmuş abidələrin dövlət mühafizəsinə götürülməsi və onların əhəmiyyət dərəcələrinə görə bölgüsü barədə təkliflər vermək;

3.0.39. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, magistral mühəndis kommunikasiyalarının (neft, qaz kəmərlərinin və s.) çəkilişi və digər inşaat işləri zamanı bir hektardan çox ərazini əhatə edən sahələrdə arxeoloji abidə aşkar olunarsa, həmin zonada inşaat və təsərrüfat işlərinin aparılmasına icazə vermək;

3.0.40. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, inşaat və digər təsərrüfat işləri görülərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, onların yerləşdiyi ərazidə inşaat və digər təsərrüfat işlərinin aparılmasına icazə vermək;

3.0.41. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə, onların ərazilərinə və mühafizə zonalarına münasibətdə abadlaşdırma barədə qərarın təsdiq edilməsinə razılıq vermək;

3.0.42. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə tikintiyə icazə verilməsinə razılıq vermək;

3.0.43. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yerli əhəmiyyətli abidələrin köçürülməsinə icazə vermək;

3.0.44. tarix və mədəniyyət abidələrinin mühafizəsi qaydalarını pozduqlarına görə hüquqi və fiziki şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək;

3.0.45. müvafiq sahəni idarə etmək üçün rəqəmli informasiya-kommunikasiya sistemi yaratmaq, beynəlxalq təcrübə nəzərə alınmaqla bu sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.0.46. müvafiq sahəyə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.0.47. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək;

3.0.48. internet saytı yaratmaq, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.0.49. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;

3.0.50. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.0.51. müvafiq sahənin və Xidmətin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq.

4. Xidmətin hüquqları

4.0. Öz vəzifələrini yerinə yetirmək üçün Xidmətin aşağıdakı hüquqları vardır:

4.0.1. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə müvafiq sahə ilə bağlı məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.2. beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq sahə ilə bağlı təcrübəsini öyrənmək;

4.0.3. fəaliyyət istiqamətləri ilə bağlı rəy və təkliflər vermək, təhlillər, ümumiləşdirmələr, tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;

4.0.4. müvafiq sahədə bərpa olunan və tikilən obyektlərə müəllif nəzarətini təmin etmək;

4.0.5. tarix və mədəniyyət abidələrinin təhlükəsizliyini təmin etmək üçün onların mühafizə zonalarında qabaqlayıcı tədbirlər görülməsi barədə qərar qəbul etmək;

4.0.6. təsadüfən aşkar edilmiş abidələrin mülkiyyətçisindən və ya istifadəçisindən abidə haqqında məlumat almaq;

4.0.7. dövlət və bələdiyyə mülkiyyətində olan abidələrin konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında qərar qəbul etmək;

4.0.8. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

4.0.9. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.0.10. müvafiq sahədə işçi qruplar və komissiyalar yaratmaq;

4.0.11. müvafiq sahə ilə bağlı konfranslar, seminarlar və digər tədbirlər keçirmək.

5. Xidmətin fəaliyyətinin təşkili

5.1. Xidmət öz fəaliyyətini Aparatı və tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir.

5.2. Xidmətin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir.

5.3. Xidmətin rəisi Xidmətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.4. Xidmət rəisinin iki müavini vardır. Xidmət rəisinin müavinlərini Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəyə təyin və vəzifədən azad edir.

5.5. Xidmət rəisinin müavinləri Xidmət rəisinin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

5.6. Xidmətin rəisi:

5.6.1. Xidmətə rəhbərlik edir və onun fəaliyyətini təşkil edir;

5.6.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin Aparatının strukturunu, xərclər smetasını və ştat cədvəlini təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə təqdim edir;

5.6.3. Xidmət rəisinin müavinlərinin və təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq, Xidmətin Aparatının struktur bölmələri rəhbərlərinin vəzifələrini müəyyən edir;

5.6.4. Xidmətin Aparatının işçiləri barədə intizam tənbehi tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi qarşısında məsələ qaldırır, Xidmətin Aparatının işçilərinin həvəsləndirilməsi və mükafatlandırılması barədə tədbirlərin həyata keçirilməsini təmin edir;

5.6.5. Xidmətin Aparatının, tabeliyindəki qurumların fəaliyyətinə dair əmr və göstərişlər verir;

5.6.6. Xidmətin vəzifəli şəxslərinin qanunazidd aktlarını ləğv edir;

5.6.7. Xidməti dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətlərdə təmsil edir;

5.6.8. xərclər smetasına uyğun olaraq Xidmətə ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir;

5.6.9. Xidmətin illik və perspektiv iş planlarının tərtib olunmasını təmin edir;

5.6.10. müvafiq sahənin inkişafına dair təklifləri, Xidmətin fəaliyyətinə dair illik hesabatı Azərbaycan Respublikasının mədəniyyət nazirinə təqdim edir.

Bu fərmana uyğun olaraq tarix və mədəniyyət obyektlərinin mühafizəsi, inkişafı və bərpası
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş tarix və mədəniyyət abidələrinin siyahısı ilə tanış ola bilərsiniz.