Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV

Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur.

Xalq sənətlərinin ən geniş yayılmış növü Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş xalça sənətidir. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların, habelə yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edir.

Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu-I minilliyin əvvəllərində) məşğul olmuşlar. Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzədilmiş at fiqurunun (e.ə. II minillik) üzərində gül-çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənli təpəsində aşkar edilmiş qızıl camın (e. ə. I minillik) səthində üstünə çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalça sənətinin nə qədər qədim tarixə malik olduğunu göstərir. Arxeoloji qazıntılar zamanı Mingəçevirdən I-III əsrlərə aid katakomba qəbirlərdən palaz və xalça qalıqları aşkar edilmişdir.

Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat vermişlər. Sasanilər dövründə (III-VII əsrlər) Azərbaycanda xalça sənəti daha da inkişaf etdi, ipəkdən, qızıl-gümüş saplardan nəfis xalçalar toxundu. Alban tarixçisi Musa Kalankatlı (VII əsr) Azərbaycanda toxunulan ipək parçalar və rəngarəng xalçalar haqqında məlumat verir. Qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı XVI-XVII əsrlərdə ənənəvi xarakter almışdır. Orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi. Baha başa gəldiyindən əsasən feodallar üçün toxunulan bu cür xalçalar "zərbaf" adlanırdı. XVI əsrdə Azərbaycanda olmuş ingilis səyyahı Antoni Cenkinson Şamaxıda Abdulla xanın yay iqamətgahındakı qızıl-gümüş saplarla toxunulmuş xalça haqqında məlumat verir. XVII əsr Holland səyahətçisi Yan Streyts Şamaxı hakiminin atının üstünə salınan çulun qızıl saplarla toxunub mirvari və qiymətli qaş-daşlarla bəzədildiyini xəbər verir.

Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri haqqında orta əsrlərə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir. X əsrə aid "Hüdud əl-aləm" ("Dünyanın sərhədləri") əsərində naməlum müəllif Muğanda toxunulan palas və çullardan, Naxçıvanın zili toxunuşlu xalılarından məlumat verir, "Kitabi-Dədə-Qorqud" dastanında Azərbaycanın ipək xalçaları, Əbül Üla Gəncəvi, Nizami, Xaqaninin (XII əsr) əsərlərində xovlu və xovsuz xalçalar tərənnüm olunur.

XIII-XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə çoxlu xalça və xalça məmulatı ixrac edilirdi. İncə ornamentləri, zərif və nəfis naxışları ilə diqqəti cəlb edən bu xalçalar məşhur Avropa rəssamlarının əsərlərində, miniatürlərdə öz əksini tapır. XV əsr Niderland rəssamları Hans Memlinqin "Məryəm öz körpəsi ilə" tablosunda "Şirvan" xalçası, Van Eykin "Müqəddəs Məryəm" əsərində "Zeyvə xalçası", Alman rəssamı Hans Holbeynin (XV əsr) "Səfirlər" əsərində "Qazax" xalçasının təsvirləri verilmişdir.

XVIII əsrin II yarısında Azərbaycanın Şimalı kiçik feodal — Şəki, Bakı, Quba, Qarabağ, İrəvan, Gəncə, Naxçıvan, Şirvan xanlıqlarına bölünməyə başladı. Xanlıqlar dövründə xalça istehsalı xeyli genişlənmiş, hər xanlığın özünün xalçaçılıq karxanası olmuşdur. Xanlıqlar dövründə xalçaçılıq sənətinin inkişafı gələcəkdə xalçaçılıq məktəblərinin adının yaranmasına zəmin yaratdı.

1872-ci ildə Moskvada " Moskva-Politexnik" sərgisində və 1882-ci ildə "Ümumrusiya sənaye və incəsənət sərgisi"ndə nümayiş etdirilən Bakı, Quba, Şamaxı, Gəncə, Şəki, Qazax, Cavad qəzası və başqa yerlərdən gətirilmiş xalçalar və xalça məmulatlarının ən yaxşı nümunələri qızıl, gümüş medallara layiq görüldü. 1872-ci ildə Vyanada (Avstriya), 1911-ci ildə Turində (İtaliya), 1913-cü ildə Londonda və Berlində təşkil edilmiş Beynəlxalq sərgilərdə nümayiş etdirilən eksponatların əsas hissəsi Azərbaycandan aparılmış xalça və xalça məmulatlarından ibarət idi.

Xovsuz xalçaların növləri. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir.

Azərbaycan xalça sənəti öz yüksək bədii texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir. Burada xovsuz xalçaların bütün nümunələri təqdim edilmişdir, digər ölkələrin xalça sənətində isə bu nümunələr az miqdarda təmsil olunur. Bundan çıxış edərək Alman sənətşünası Q.Rop "Şərq xalçası" kitabının "Qafqaz xalçaları" bölməsində buradakı xalçaların Asiya xalçalarından daha erkən əmələ gəldiyini, xovsuz xalçalardan — kilimlərin Qafqazda ən yaxşı olduğunu sübut edir. Xovsuz xalçaların, ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür.

- Palaz
- Cecim 
- Ladı 
- Kilim 
- Şəddə
- Vərni 
- Zili 
- Sumax

Azərbaycan xalçaçılıq məktəbləri. Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür:

1. Quba
2. Bakı yaxud Abşeron
3. Şirvan
4. Gəncə
5. Qazax
6. Qarabağ 
7. Təbriz

1. Azərbaycanın şimal-şərgində yerləşən Quba xalça mərkəzi üç hissəyə — dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür. Dağlıq hissəyə Qonaqkənd, Xaşi, Cimi, Afurca, Yerfi, Buduq, Qırız, Cek, Salmasöyüd kəndlərində mərkəzləşmiş məntəqələri aid etmək olar.

Dağətəyi hissədə xalça istehsalı Əmirxanlı, Əlixanlı, Xəlfələr, Pirəmsan, Bilici, Şahnəzərli, Pirəbədil, Zeyvə, Zöhrami, Sumaqobaq, Xırdagül-çiçi, Sırt-çiçi, Dərə-çiçi kəndlərində, ovalıq hissədə isə Şabran aran zonasında Çay Qaraqaşlı, Hacı Qaraqaşlı, Süsənli, Qaraqaşlı, Dəvəçi, Mollakamallı və s. kəndlərdə mərkəzləşib. Bu məktəbə həmçinin də Dərbənd ərazisində toxunan xalçalar da daxildir.

Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılmışdır. Quba xalçalarının ən parlaq kompozisiyaları "Qədim-Minarə", "Qımıl", "Alpan", "Qollu-çiçi", "Pirəbədil", "Hacıqayıb", "Qırız", "Cek" və s.-dir.

2. Bakı məktəbi Abşeronun kəndlərini — Görədil, Novxanı, Nardaran, Bülbülə, Fatmayı, Mərdəkan, Qala, Xilə və digər kəndləri, həmçinin Abşerondan kənarda yerləşən Xızı rayonu və ona daxil olan Qədi, Hil, Keş, Fındığan və s. xalça məntəqələrini əhatə edir. Bakı xalçaları daha yumşaq olması, rənglərinin intensivliyi, bədii elementlərinin orijinallığı və naxışlarının incəliyi ilə seçilir. Xalçaların bəzəklərində həndəsi formalı göllər, əyri xətli nəbati elementlər üstünlük təşkil edir. Bakı qrupuna aid xalçaların rəng koloritində ara sahə yerliyi üçün, əsasən tünd göy, nadir hallarda isə qırmızı və sarı rənglərdən istifadə edilir. Bu xalçaların əksəriyyəti toxunduğu kəndin adını daşıyır. Bakı qrupuna "Xiləbuta", "Xilə-əfşan", "Novxanı", "Suraxanı", "Qala", "Bakı", "Görədil", "Fatmayı", "Fındığan", "Qədi" və s. çeşnilər daxildir.

3. Şirvan xalçaçılıq məktəbi

Şamaxı, Mərəzə, Ağsu, Kürdəmir, Qazıməmməd (Hacıqabul), Göyçay və onların ətraf kəndlərini əhatə edir. Şirvan qrupuna "Mərəzə", "Qobustan", "Şirvan", "Kürdəmir", "Şilyan", "Şirəlibəy", "Çuxanlı","Bico", "Sor-Sor", "Hacıqabul" və s. kompozisiyalar daxildir. Şirvan xalçalarının zəngin və mürəkkəb naxışlı kompozisiyaları orta əsrlərdən məşhurdur. Şirvan xalçalarının bədii dəyəri haqqında VI - VIII əsr alman, ingilis tacirləri, səfirləri öz gündəliklərində qiymətli məlumatlar vermişdilər. Bu xalçalar hələ XIV-XV əsrlərdə Avropa rəssamlarının tablolarında tərənnüm edilmişdir. Niderland rəssamı Hans Memlinq (XV əsr) "Məryəm öz körpəsi ilə" əsərində "Şirvan" xalçasının təsvirini vermişdir.

4. Gəncə xalçaçılıq məktəbi Gəncə şəhəri və onun ətraf kəndlərini, Gədəbəy və Goranboy, Şəmkir, Samux rayonlarının ərazisini əhatə edir. Bu məktəbin mərkəzi Gəncə şəhəridir. Qədim şəhərlərdən olan Gəncə Azərbaycanın şimal qərbində yerləşir. Gəncə hələ X-XI yüzilliklərdə ipək, yun parçaların, ipək xalçalarını istehsal mərkəzi kimi tanınmışdır. Əsrlər boyu yüksək keyfiyyətli xalça istehsalı mərkəzi olan Gəncədə xüsusi xalça emalatxanaları olmuşdur. Gəncə xalçaçılıq məktəbi Gəncə ətrafında olan rayonların xalçaçılığına müsbət təsir göstərmişdir.

Gəncə xalça məktəbinə "Gəncə", "Qədim Gəncə", "Gölkənd", "Fəxralı", "Çaykənd", "Çaylı", "Şadılı", "Çıraqlı", "Samux" və s. kompozisiyalar daxildir. Gəncə qrupuna daxil olan "Fəxralı" namazlıq xalçası öz yüksək bədii xüsusiyyətinə, toxunuşuna görə digər xalça kompozisiyalarından fərqlənir.

5. Qazax xalçaçılıq məktəbinə Qazax, Gürcüstan ərazisindəki azərbaycanlılar yaşayan Borçalı və 1988-ci ilə qədər azərbaycanlıların tarixi yaşayış məskəni olan Ermənistan ərazisində Göyçə xalçaçılıq mərkəzləri aiddir.

Qazax xalça məntəqəsinə Azərbaycanın qədim şəhərlərindən olan Qazax və onun ətraf kəndləri, Ağstafa və Tovuz rayonları daxildir.

Göyçə xalçaçılıq mərkəzini Bəmbak, Ləmbalı, İcevan, Qaraqoyunlu və Göyçə gölü (indiki Sevan) ətrafındakı ərazi, Borçalı xalça mərkəzini  Borçalı, Qarayazı, Qaraçöp, Qaçağan xalça məntəqələri əhatə edir.

Qazax qrupuna, "Şıxlı", "Borçalı", "Qaymaqlı", "Qaraqoyunlu", "Qarayazı", "Qaraçöp", "Qaçağan", "Dağkəsəmən", "Dəmirçilər", "Kəmərli", "Göyçəli", "Salahlı" və s. çeşnili xalçalar daxildir.

Bu məktəblərin xalçalarında az rənglərlə ahəngdar kolorit yaradılır. Gəncə-Qazax xalçalarının naxışları hələ orta əsrlərdə Avropa rəssamlarının marağını cəlb etmiş, XV əsr italyan rəssamı Karlo Krivelonun "Müjdə", Alman rəssamı Hans Holbeynin (XV əsr) "Elçilər" tablolarında bu xalçaların təsviri verilmişdir.

6. Azərbaycanın cənub-qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda — dağlıq və aran zonalarında inkişaf etmişdir. Yazılı mənbələrdə ərəb tarixçiləri Əl-Müqəddəsi, Məsudi və b. tərəfindən X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağın Dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Malıbəyli, Çanaxça, Tuğ, Tuğlar, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Tutmas kəndləri əsas rol oynayırdılar. Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran rayonlarında Cəbrayıl, Ağdam, Bərdə və Füzuli xalça istehsalında əsas yer tutur. Bu mərkəzin hər birində əhalisi satış üçün intensiv şəkildə xalça toxuyan çoxlu miqdarda kəndlər mövcud olmuşdur. Öz bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalça istehsalı mərkəzləri də Qarabağ xalça məktəbinə daxildirlər. "Aran", "Bağçadagüllər", "Balıq", "Buynuz", "Bərdə", "Bəhmənli", "Qarabağ", "Qoca", "Qasımuşağı", "Ləmbərani", "Muğan", "Talış", "Ləmpə", "Malıbəyli", "Xanqərvənd", "Xanlıq", "Xantirmə", "Çələbi", "Şabalıdbuta", və s. çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı — gəbələr geniş yayılmışdır.

1750-ci illərin əvvələrində Qarabağ xanı Pənahəli xan Şuşa şəhərini saldırdı. Şəhər ilk vaxtlar Pənahabad adlandırıldı və uzun illər Qarabağ xanlığının paytaxtı oldu. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları - "Bağçadagüllər", "Saxsıdagüllər", "Bulud" və s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng - boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər cür - bəcür həşaratlardan alınmışdı. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı koşenildir. Xalq arasında ona "qırmız böcəyi", "qurd qırmız", "palıd cücüsü" deyilirdi.

7. 1828-ci il fevralın 10-da Rusiya ilə Iran arasında Təbriz yaxınlığındakı Türkmənçay kəndində bağlanmış sülh müqaviləsi tarixə Türkmənçay müqaviləsi adı ilə daxil oldu və bu müqavilə 1826-28-ci illər Rusiya-İran müharibəsinə son qoydu. Müqavilənin şərtlərinə əsasən Azərbaycanın şimal hissəsi Rusiyanın tərkibinə qatıldı. Təbriz, Ərdəbil, Urmiya, Xoy, Marağa, Mərənd, Maku və digər şəhərlər də daxil olmaqla, ölkənin cənub hissəsi İranın əsarəti altına keçdi. Beləliklə, Azərbaycan 2 yerə parçalandı. Bax elə həmin vaxtdan da "Cənubi Azərbaycan" termini yaranıb meydana gəldi. Həmin vaxtdan Təbriz xalçaçılıq məktəbinin xalça nümunələri bütün dünyada İran xalçaları adı ilə tanındı.

Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə İran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan, eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur.

Artıq XI-XII əsrlərdə çiçəklənmə dövrü keçirən Təbriz xalçaçılıq məktəbi XIII-XIV əsrlərdə Təbriz miniatür məktəbinin bədii xüsusiyyətlərini mənimsəmiş, XVI-XVII əsrlərdə yüksək inkişaf mərhələsinə çatmışdı. Bu məktəbə mənsub xovsuz və xovlu xalçalar bədii tərtibat, rəng ahəngdarlığı, ornamental bəzəklərin müxtəlifliyi ilə fərqlənir. Təbriz xalçaçılıq məktəbi əsas xalça kompozisiyalarına görə 2 qrupa ayrılır: Təbriz və Ərdəbil qrupları. Təbriz qrupuna "Təbriz", "Baxşayış", "Qərəcə", "Görəvan", "Heris", "Ləçəkturunc", "Əfşan", "Ağaclı", "Ovçuluq", "Dörd fəsil" kompozisiyaları, Ərdəbil qrupuna "Ərdəbil", "Şeyx Səfi", "Şah Abbası", "Sərabi", "Zəncan", "Mir" və "Açma-yumma" çeşniləri daxildir. Təbriz xalçaçılıq məktəbinin "Bağ-behişt", "Bağ-meşə", "Balıq", "Buta", "Dərviş", "Kətəbəli", "Gördəst", "Göllü-guşəli", "Güldanlı", "Leyli və Məcnun", "Məşahir", "Mun", "Namazlıq", "Nəcaqlı", "Sərvistan", "Sərdari", "Səhənd", "Silsiləvi ləçək", "Fərhad və Şirin", "Xəyyam", "Xətai", "Həddad", "Çərxi-gül", "Ceyranlı" və s. klassik kompozisiyaları da məşhurdur. Təbrizdə toxunmuş "Ləçəktürünc" kompozisiyalı məşhur "Şeyx Səfi" xalısı (ölçüsü 56,12 kv. m, 1539-cu il, "Viktoriya və Albert" muzeyi, London) ornamental xalçaların ən gözəl nümunəsi, Təbriz xalçaçılıq məktəbinin şah əsəridir.

XX əsrdə xalçaçılığın inkişafı. Azərbaycan xalça sənətinin sonrakı inkişaf dövrü XX əsrin ortalarına təsadüf edir. Bu dövrdə Azərbaycan xalça sənətinin inkişafı bir neçə istiqamətdə davam edərək çoxcəhətli xarakter daşımışdır. Respublikanın rayon və kəndlərində xalça sənəti ənənələri ayrı-ayrı xalça ustaları tərəfindən davam etdirilir. Onların ənənəvi çeşnilərdə toxuduqları xalçalarda klassik kompozisiyalara yaradıcı münasibət qabarıq şəkildə özünü göstərir. Eyni zamanda xalçaçılıqda yeni-yeni kompozisiyalar, naxış elementləri meydana gəlir. Yeni yaranan çeşnilərdə nisbətən əyri xətlərlə işlənmiş nəbati naxışlara, insan, heyvan, quş təsvirlərinə, lirik və romantik üslubda yaradılmış süjetli kompozisiyalara meyl üstündür. Xalça sənətinin inkişafının digər bir qolu "Azərxalça" İstehsalat Birliyinin fəaliyyətidir. "Azərxalça"nın sex və emalatxanalarında toxunan xalçalarda ənənəvi naxış, göl və rənglərdən ustaların yaradıcı şəkildə etdiyi dəyişmələr klassik xalça kompozisiyalarının sayını artırıb zənginləşdirir.

Xalça sənətinin digər bir qolu peşəkar rəssamlar tərəfindən davam və inkişaf etdirilir. Onların yaratdıqları yeni ornament və çeşnilər əsasında toxunan xalçalar klassik kompozisiyaların zənginləşdirilməsində mühüm əhəmiyyət kəsb edir.

Bu xalçaların kompozisiya, rəsm həlli və koloritində bəzən klassik kanonların pozulmasına baxmayaraq, müxtəlif bədii və texniki vasitələr mövzunun açılmasına kömək edir.

Azərbaycanda xalçaçılığın inkişafı üçün mühüm tədbirlər həyata keçirilmişdir. Xalçaçılıq sənət və elm sahəsi kimi Ə.Əzimzadə ad. Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eləcə də incəsənət yönümlü kolleclərdə tədris edilir. Xalçaçılıq sənət kimi texniki peşə məktəblərində, uşaq rəsm qalereyalarında və digər yerlərdə öyrədilir.

Azərbaycan xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və professional rəssamların yaradıcılığında müasir inkişafı Azərbaycanın xalq rəssamı Lətif Kərimovun (1906-1991) adı ilə bağlıdır. Şərq, o cümlədən Azərbaycan xalçası və dekorativ-tətbiqi sənətinin mahir bilicisi, görkəmli ornamentalist-rəssam, tədqiqatçı alim kimi tanınan L.Kərimov uzun illər Azərbaycan xalçalarını tədqiq etmiş, Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirmiş, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaratmışdır. L.Kərimovun eskizləri əsasında toxunmuş "Əfşan" (1932), "Qonaqkənd" (1939), "Ləçəktürünc" (1952), "Şuşa" (1953), "Göygöl" (1958), "Qarabağ" (1960), "İslimi" (1964), "Butalı" (1965), "Bahar" (1966,1976), "Heyvanlar aləmində" (1969), "Şəbi-hicran" (1975), "Zərxara" (1977), "Firdovsi" (1934), "Səməd Vurğun" (1956), "Vaqif" (1967), "Füzuli" (1972), "Nəsimi" (1974), "Səfiəddin Urməvi" (1975), "Əcəmi" (1976) və s. ornamental və portret xalçalar ornament elementlərinin uyarlığı, kompozisiya bitkinliyi, rəsmlərinin zərifliyi və ifadəliliyi, zəngin koloritinə görə xalçaçılıq sənətinin qiymətli nümunələrindəndir. 1949-cu ildə kollektiv müəlliflərlə birgə yaratdığı "Stalin" xalçasına görə 1950-ci ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. 1986-cı ildə Londonda açılmış fərdi sərgisi böyük müvəffəqiyyətlə keçmiş, sərgidə rəssamın "Bəndi-Rumi" (1980,1981), "Ləçəkturunc" (1981), "Xətai" (1981,1985), "Açma-yumma" (1982), "Ləçəkbəndlik" (1983), "Kətəbəbəndlik" (1984), "Əsrlərin nəğməsi" (1985) və s. xalçaları nümayiş etdirilmişdir. L.Kərimovun çox cildli "Azərbaycan xalçası" əsərində 1300-dən artıq Azərbaycan xalça ornament elementinin təhlili verilmişdir.

Müasir dövrdə xalçaçılığın inkişafı

2010-cu ildə Azərbaycan xalça sənəti UNESCO-nun "Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı"na daxil edildi. Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın mədəniyyətinə, mədəni irsimizin təbliğinə göstərdiyi diqqət və qayğısı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və əməyi nəticəsində Azərbaycan muğam sənəti və Azərbaycan aşıq sənətindən sonra milli xalça sənətimizin bu siyahıda yer alması ümumən mədəniyyətimizin beynəlxalq miqyasda tanıdılması yönündə daha bir uğurlu addımdır.

Bu gün Azərbaycanda xalça sənəti öz inkişafının yeni mərhələsini yaşayır. "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanunun qəbul edilməsi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün müasir standartlara uyğun binanın inşa edilməsi bu qədim el sənətinə dövlət qayğısının ifadəsidir.

2014-cü ildən fəaliyyətə başlayan Xalça Muzeyi Azərbaycan xalçasının dünya miqyasında yetərincə təbliğinə və tanınmasına töhfəsini verir. Müasir tələblərə cavab verən muzeydə toplanılan nümunələr xalqımızın tarixini özündə ehtiva edir. Orijinal üslubda inşa olunan bükülmüş xalçanı xatırladan Xalça Muzeyinin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır ki, bu da bu sənət növünün müxtəlif dövrlərdəki inkişafını əks etdirir. Muzeydə Böyük Britaniyanın Viktoriya və Albert Muzeyində saxlanılan məşhur "Şeyx Səfi" xalçasının surəti, eləcə də XVII, XVIII, XIX və XX əsrlərdə toxunmuş məşhur kompozisiyalar da yer alıb. Son illər dövlətimiz tərəfindən xarici ölkələrdə saxlanılan Azərbaycan xalqına məxsus sərvətlərin geri qaytarılması məqsədilə görülən müvafiq tədbirlərin nəticəsi olaraq Xalça Muzeyinin kolleksiyası daha da zənginləşib. Belə ki, Cənab İlham Əliyevin "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" 07.12.2004-cü il tarixli qanun və həmin qanunun tətbiqi haqqında 07.02.2005-ci il tarixli Fərmanının 4.1.4 maddəsindəki "Xarici ölkələrin muzeylərində saxlanılan nadir Azərbaycan xalçalarının ölkəyə qaytarılmasına şərait yaradılması" bəndinə əsasən muzeyi beynəlxalq aləmdə təbliğat işlərini davam etdirilir. Aparılan uğurlu işlərin məntiqi nəticəsi olaraq Şərq xalçası və tekstili üzrə Çikaqo (ABŞ) cəmiyyətinin üzvü mərhum Qrover Şiltsin kolleksiyasından iki ədəd Azərbaycan xalçası — "Əjdahalı" (Qarabağ, XVII əsrin sonu) və "Səlyan Xiləsi" (Şirvan, XIX əsr) muzeyə hədiyyə olunub. Bu hadisə Azərbaycan xalça sənəti tarixinin mühüm səhifələrindən birinin bərpa edilməsi deməkdir.

Torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt edilməsi ilə əlaqədar olaraq təbii, maddi-mədəni abidələrimizin də talan olunaraq “əsir düşməsi” faktı təkzibedilməzdir. Onlardan bəziləri xaricdə yaşayan həmvətənlərimiz tərəfindən alınaraq öz vətəninə qaytarılır. Azərbaycan Xalça Muzeyinin xovlu xalçalar kolleksiyasında Qarabağ qrupunun qeyri-adi tarixə malik “Baxçadagüllər” xalçası saxlanılır. 2017-ci ilin fevral ayında əslən Azərbaycandan olan ABŞ vətəndaşı Elşad Tahirov incəsənət əşyalarının virtual ticarətini həyata keçirən saytda onun diqqətini cəlb edən xalçaya rast gəlir. Qeyd edək ki, Los-Ancelesdə yaşayan E.Tahirov Azərbaycan xalçalarımızı və görkəmli alimi, xalçaçı-rəssam, Azərbaycan xalçaçılıq elminin banisi Lətif Kərimovun yaradıcılığı haqqında kitabları toplamağı sevir, tez-tez internetdə maraqlı sənət əsərləri və məlumatlar axtarır. Bu dəfə kolleksiyaçının diqqətini cəlb etmiş xalçanı təsvir edən yazıda qeyd edilirdi: “Qədim Ermənistan. Qarabağ xalçası”. Lakin, xalçada Azərbaycan dilində kiril əlifbası ilə toxunmuş “1 yanvar 1979-cu il Sərvərin doğum gününə anasından hədiyyə” yazısı bu əşyanın Azərbaycana aid olduğunu dəqiq sübut edir və belə bir nəticəyə gəlinir ki, xalça erməni işğalçıları tərəfindən ölkəmizdən çıxarılmışdır. Və budur, əsrin dörddə biri keçdikdən sonra, Elşad Tahirov bu xalçanı hərracda alır və 2017-ci ilin mayında Bakıya − Azərbaycan Xalça Muzeyinə göndərir. E.Tahirov əşya sahibini tapmağa çalışsa da, buna nail ola bilməyib xalçanı muzeyə hədiyyə edir. Qeyd edək ki, bu uzun illərdən sonra erməni işğalından qayıtmış ilk xalçadır.   

2015-ci il iyulun 15-də Kannın Festivallar sarayında “Azərbaycan xalçaları incəsənətdə” sərgisinin açılışı olub. Sərgidə Azərbaycan rəssamları Lətif Kərimov, Vüqar Muradov, Butunay Haqverdiyev və Elçin Vəliyevin əsərləri – milli xalça eskizləri əsasında modern, pop-art xarakterli əsərlər, installyasiyalar təqdim edilib.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 may tarixli Sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir. İlkin mərhələdə "Azərxalça" ASC-nin Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz və Qəbələ rayonlarında filiallarının yaradılması nəzərdə tutulmuşdu. 2016-2017-ci illərdə adıçəkilən bu rayonlarda binaların tikintisi başa çatdırılmış, filiallar fəaliyyətə başlamış, "Azərxalça"nın xalçaçılıq üzrə tədris-hazırlıq kursları təşkil edilmiş, işçi potensialının gücləndirilməsi məqsədilə müvafiq tədbirlər görülmüşdür.

Azərbaycan milli geyimləri
Azərbaycanın milli geyimləri uzun sürən və çox mürəkkəb inkişaf yolu keçmiş olan xalq maddi və mənəvi mədəniyyətinin nəticəsidir. Xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər, onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir. Geyimlər maddi mədəniyyətin bütün başqa ünsürlərindən daha çox xalqın milli xüsusiyyətini əks etdirməklə yanaşı sabit etnik əlamətlər sırasına daxildir. Geyimlər etnogenez məsələlərini aydınlaşdırmaq, xalqlar arasında mədəni-tarixi əlaqə və qarşılıqlı təsir məsələlərini müəyyənləşdirmək işində yardımçı material rolunu oynamaqla xalqın həm təsərrüfat sahələrinin səviyyəsindən və həm də coğrafi şəraitdən asılıdır. 
Xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xusüsiyyətləri öz əksini geyimlərdə tapır. Bu xüsusiyyət həm müəyyən formalı geyim və onun bəzəklərində və həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzə verir. 

Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünün əvvəllərinə aid (eradan əvvəl III minillik) tuncdan hazırlanmış iynə və biz tapılmışdır. Bu tapıntılar sübut edir ki, Azərbaycanın qədim sakinləri özlərinə paltar tikməyi bacarırdılar. Kültəpədən və Mingəçevirdən (eradan əvvəl II minillik) tapılmış gildən kiçik heykəllər və Mingəçevirdən tapılmış eradan əvvəl V əsrə aid möhür-barmaqçıllar o dövrün geyimləri haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Eramızın V-VI əsrlərinə aid olan Mingəçevir katakomba qəbirlərindən isə müxtəlif ipək parçalardan tikilmiş geyimlərin qalıqları tapılmışdır. Eradan əvvəl III-IV əsrlərə aid qızıldan hazırlanmış çoxlu miqdarda bəzək şeyləri və gildən ayaqqabı formasında qayrılmış qabların tapılması azərbaycanlıların hələ çox qədim zamanlardan yüksək maddi mədəniyyətə malik olduqlarını sübut edən əsaslı dəlillərdəndir. 
Bakı şəhərindəki Şirvanşahlar sarayı (XV əsr) yanındakı məqbərədə aparılan həfriyyat işləri zamanı qiymətli xara və ipək parça qalıqları aşkara çıxarılmışdı. 

Azərbaycanda çoxlu miqdarda ucuz xammal mənbələrinin olması burada orta əsr şəhərlərində ipək və yun parça istehsalı sənətkarlığının inkişafı üçün lazımi şərait yaratmışdır. 
XVII əsrdə Azərbaycan Yaxın Şərqin böyük ipəkçilik zonası, Şirvan əyaləti isə Azərbaycanın əsas ipəkçilik rayonu idi. Şamaxı Şabran, Ərəş, Qəbələ, Cavad, Ağdaş və s. ilə birlikdə Azərbaycanın mühüm toxuculuq mərkəzlərindən biri idi. Bu haqda məşhur səyyah Adam Oleari yazırdı: "Onların (şirvanlıların) əsas məşğələsini iplik, ipək və yun toxuma və müxtəlif tikmə işləri təşkil edir". Şamaxıda istehsal olunmuş tafta, fata və darayı parçaları xüsusi şöhrət tapmış, zərif baş örtüklərinə və başqa toxuma məmulatlarına isə böyük tələbat vardı.

Azərbaycanda Gəncə, Şəki, Naxçıvan, Marağa, Mərənd, Ərəş və Ordubad mühüm toxuculuq mərkəzləri idi. Bunların sırasında ipək parça sənətkarlığının görkəmli mərkəzlərindən biri olan Gəncəni xüsusi qeyd etmək lazımdır. 
Evliyə Çələbi (XVII əsr) yazırdı ki, Gəncə ipəyi çox məşhur idi. Gəncə şəhərində mövcud olan sənətkarlıq içərisində pambıq parça istehsalı da böyük yer tuturdu. 
Təbriz şəhərində ən müxtəlif növlü parça istehsalı mərkəzləşmişdi. Bu şəhər yüksək keyfiyyətli məxmər, atlas, qumaş və keçə istehsalı üzrə xüsusilə məşhur idi. Adları çəkilən parçaların bir hissəsi hətta başqa ölkələrə də ixrac olunurdu.
Naxçıvanın mahir toxucu sənətkarları çoxlu miqdarda ucuz, lakin gözəl və yuksək keyfiyyətli pambıq parça isehsal edirdilər. Onların hazırladığı rəngarəng çit parçalara böyük tələbat var idi.

XVII əsrdə Azərbaycan şəhərlərində parça istehsalı sahəsində meydana gələn müəyyən ixtisaslaşma sonrakı əsrlərdə də davam edirdi. Azərbaycanda istehsal olunub geniş işlənən və başqa yerlərə ixrac olunan parçalar sırasında zərbəft, xara, atlas, tafta, qanovuz, kəmxa, kiseyə, məxmər, darayı, mahud, şal, tirmə, midqal, bez və s. qeyd etmək lazımdır. Bu parçalardan bəziləri xalq arasında "Hacı mənə bax", "gecə-gündüz", "gendə dur", "alışdım yandım", "küçə mənə dar gəlir" və s. ad altında məşhur ildi.
Şübhə yoxdur ki, parça xalqın mədəniyyətini əks etdirən elementlərdən biridir. Parçaların naxışı və rəngləri həm bir xalqı başqasından ayırmağa və həm də eyni xalqın içərisində müxtəlif sinifi təbəqələrin numayəndələrini fərqləndirməyə imkan verirdi. Azərbaycanda əhali arasında qanovuz, darayı, mov, zərbaf, xara, atlas, məxmər, tafta, fay, tirmə və başqa parçalar geniş istifadə olunurdu.
Qadın paltarları əsas etibarilə ipək parça və məxmərdən tikildiyi halda kişi geyimləri əksər hallarda mahuddan və evdə toxunan şal parçadan hazırlanırdı.

İstər qadın və istərsə də kişi alt paltarları kətan və pambıq parçalardan tikilirdi. Lakin çox zaman varlı ailələrdə alt köynəyini də ipək parçadan tikirdilər. 
XVI - XVII yüzilliklərdə Azərbaycan geyimləri də zəngin inkişaf yolu keçmişdir. 
Araşdırmalar göstərir ki, bu vaxt Azərbaycanda əsl mənada milli geyim məktəbi yaradılmışdır. Geyimlə şəxsin yaşını, peşəsini, hətta hansı təbəqəyə mənsub olmasını bilmək olurdu. XVI yüzildə Azərbaycan geyimləri içərisində ən maraqlısı baş geyimləri idi. 
Tarixdən məlumdur ki, XVI yüzildə azərbaycanlıları "qızılbaşlar" adlandırırdılar, çünki onlar başlarına təpəsi nazik və hündür, qırmızı papaq qoyub, onun da ətrafına sarıq dolayırdılar. Zadəganlar və rütbəli hərbi xidmətçilər isə əmmamənin üstündən 12 qaş taxar və ya zərli xətlər çəkdirərdilər. 

Yüksək rütbəli əyanların qoyduqları baş geyimlərinin üstündə bəzən böyük və qiymətli bir qaş, onun da ətrafında nisbətən kiçik həcmli qaş-daş olurdu. Burada böyük qaş Məhəmməd peyğəmbərə və ya Əliyə, kiçik qaşlar isə 12 imama işarədir. 
Səfəvilər dövrünün baş geyimlərini öyrənən məşhur özbək alimi Q.A.Puqaçenkova və alman alimi H.Hots isbat etmişlər ki, onların baş geyimləri XVI yüzilin əvvəllərindən başlayaraq əsrin axırlarınadək bir neçə dəfə öz formasını dəyişmişdir. Onların qeydinə görə, XVI yüzilin başlanğıcından 1535-ci ilə qədər bu baş geyimləri davam etmiş, XVI yüzilin ikinci yarısından isə azalmağa başlamışdır. XVI yüzilin axırlarınadək dəbdə olmuş bu tip baş geyimləri Təbriz, Naxçıvan, Şamaxı şəhərlərində də xüsusilə geniş yayılmışdı. 

XVI yüzildə Azərbaycanda ucu şiş, qırmızıbaşlı əmmamələrlə yanaşı, adi bəzəksiz əmmamələr də olmuşdur. 

O zaman ən çox yayılmış əmmamələr, əsasən ağ rəngli idi. Şah, vəzir və ya rütbəli ruhanilər isə yaşıl rəngli əmmamə qoyardılar.
XVI-XVII yüzilliklərdə Azərbaycanda çalma ilə yanaşı, orijinal kiçik şlyapaya bənzər papaqlar da mövcud idi. 
XVI-XVII yüzilliklərdə Azərbaycanda bir sıra başqa formalı papaqlar da olmuşdur. Bunların içində qoyun dərisindən tikilən papaqlar nisbətən geniş yayılmışdır. Bunu əsas etibarilə maldarlıq və qoyunçuluqla məşğul olan ərazilərdə geyərdilər. 
XVI-XVII yüzilliklərdə Azərbaycanda qadın baş geyimləri də müxtəlifdir. Əldə edilmiş materiallara əsasən demək olar ki, Azərbaycanda həmin vaxt yeddi növə yaxın qadın baş geyimi olmuşdur. Bunlardan gözəl, əlvan naxışlı örpəkləri, kiçik narın naxışlı araqçınları, çənə altından bağlanan xəz və ya məxmərdən tikilmiş şlyapaları göstərmək olar. 
XVI-XVII yüzilliklərdə ən çox yayılmış qadın baş geyimlərindən biri araqçın idi. Bunlar əsas etibarilə iki cür olurdu: qadın və qız araqçınları. 
Baş geyimlərini qadınlar evdə, həyətdə və qonaqlığa gedəndə geyər, küçəyə çıxdıqları vaxt isə üstən əsas etibarı ilə ağ çarşab örtərdilər. Küçədə çarşabsız gəzməyə, adətə görə kiçik qızlara və qarılara icazə verilirdi. 

XVI-XVII yüzilliklərdə Azərbaycanda üst geyimləri də çox müxtəlif və rəngarəng olmuşdur. Bu dövrdəki üst geyim formaları əsas etibarilə qədim geyim ənənələrinin davamı kimi inkişaf edir. Lakin bu ən-ənə getdikcə daha da zənginləşmiş, gözəlləşmiş və dekorativləşmə istiqamətində inkişaf etmişdir. Dəyişiklik əsas etibarilə ayrı-ayrı detallarda, naxış və bəzəklərdə əmələ gəlmişdir. 
XVI-XVII yüzilliklərdə Azərbaycanda nisbətən varlı təbəqəyə mənsub olan kişilər lap üstdən ətəkləri, çiyin və boyun hissələri tikməli xələt geyərdilər. Bu xələtlər iki növ olardı. Birinci növ xələtlər məhz çiyinə atmaqdan ötrü idi. 
İkinci növ xələt, əksinə ensiz yarımqol olub, əyində nisbətən kip dayanardı. 
XVI-XVII yüzilliklərdə Azərbaycanda ənənəvi libas sayılan üst geyimi - əba da çox yayılmışdı. Qabaqkı dövr əbalarından fərqli olaraq, bunlar bədəndə kip oturur, qollar nisbətən dar olurdu. Bu əsrin miniatürlərində biz belə əbaların ətəklərinin kəmərə sancılaraq gəzdirildiyini də görürük. 
Kişilər ayaqları dar, yuxarı getdikcə enləşən şalvar geyərdilər. Şalvarlar da üst köynəyin malından tikilərdi, lakin rəngi çox vaxt göy və ya tünd-sarı olurdu. 
Bu əsrlərin kişi ayaqqabıları da müxtəlif formalı olmuşdur. Ən çox yayılmış kişi ayaqqabısı yumşaq dəridən tikilən dabansız (bəzən də alçaqdabanlı) və uzunboğaz (yüngül) çəkmələr idi. XVI-XVII yüzilliklərdə Azərbaycanda qadın üst geyimləri də müxtəlif olmuşdur. Lakin bu geyimlər biçiminə görə həmin dövrün kişi geyimlərini xatırladır. 
Kişilər kimi qadınlar da (xüsusən varlı təbəqələr) çiyinlərinə bəzək üçün uzunqollu xələt salarmışlar. Lakin qadın xələtləri daha sadə olub, az naxışlarla bəzənərdi. 
XVI-XVII yüzilliklərdə kütləvi surətdə geyilən qadın əlbəsələrindən biri də dabana qədər uzanan şalvarlar idi. Kişilərdə olduğu kimi, qadınların da şalvarları ayaq tərəfdən çox dar, yuxarısı enli olurdu. 

XVIII yüzildə Azərbaycan geyimləri də çox rəngarəng olmuşdur. Bakı, Quba, Şamaxı, Qarabağ, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, və s. bu kimi müstəqil xanlıqların əmələ gəlməsi geyim məsələlərinə də az təsir etmirdi. Xanlıqların belə xüsusi çərçivədə, başqa-başqa siyasi və iqtisadi vəziyyətdə yaşamaları geyimin (üzdən də olsa) dəyişməsinə səbəb olmuşdur. Bu dəyişkənlik əsas etibarilə geyimin biçimi və siluetində deyil, onun tikildiyi malda və bəzəklərində idi. 
XVIII yüzildə Azərbaycanda kişilər üstündən uzunqollu, bədənə kip oturan çuxa geyərdilər. Çuxa əsas etibarilə qalın parçadan tikilərdi. Şəxsin yaşından asılı olaraq çuxanın rəngi və boyu başqa-başqa olardı. 
XVIII yüzildə əbanı əvvəlki dövrlərə nisbətən, əsas etibarilə mollalar və hörmətli qocalar geyərdilər. 
XVIII yüzildə kişi ayaqqabıları da çox müxtəlif olmuşdur. Ən çox işlədilən kişi ayaqqabıları dəridən tikilmiş dabansız kiçik başmaqlar idi. Bu zaman dövlətlilər arasında nazik dəridən tikilmiş uzunboğaz çəkmələr və kəndlilər tərəfindən keçmişlərdən XX yüzilin əvvəllərinə qədər geyilən çarıqlar da var idi.

XVIII yüzildə qadın geyimləri nisbətən daha gözəl və zövqlə hazırlanırdı. Bu əsrin axırlarında Azərbaycanda olmuş səyyah marşal Fon Biberşteyn bu ölkənin qadınlarının və onların geyimlərinin gözəlliyinə valeh olduğunu xüsusi qeyd edir. 
XVIII yüzildə qadın üst geyimləri - üst köynəyi, çəpkən, arxalıq, kürdü, küləcə, ləbbadə, eşmək və baharıdan ibarət idi. 
Yaşlarından asılı olaraq qadınların geydikləri köynəklərin rəngi də müxtəlif olurdu. Qızlar və gəlinlər sarı, qrmızı, yaşıl, qoca qadınlar isə ağ və ya qara rəngdə köynək geyərdilər. Bu əsrdə gözəl biçimli üst qadın geyimlərindən biri çəpkən idi. Çəpkən astarlı olub, belə qədər bədənə kip biçilirdi. Onun yan tərəflərində aşağıda çapıq adlanan qabarıq hissələri olurdu ki, bu da bədənin daha gözəl və fiqurlu görünməsinə imkan verirdi. 
Qadınlar arasında geniş yayılmış geyimlərdən biri də arxalıq idi. Arxalıq da çəpkən kimi astarlı və belə qədər bədənə kip biçilirdi. Arxalığa beldən aşağı hissədə büzmə, yaxud qırcınlı müxtəlif endə ətək tikilirdi. Bəzi arxalıqlar gen və düz biçilirdi, yan hissədə isə çapığı olurdu. 
Bu əsrdə ən gözəl qadın arxalıqları Şuşa, Şəki, Naxçıvan və Şamaxıda tikilirdi. 
Zəngin qadın üst geyimlərindən biri də bu əsrdə kürdü olmuşdur. Kürdü sarıqlı və qolsuz idi. O, qış fəslində geyildiyi üçün onun boynuna, yaxası və ətəklərinə xəz tikilirdi. 

Qadın ayaqqabısı forması bəzi kişi ayaqqabısına bənzəyirdisə də, onlardan öz zərif biçimi və gözəl bəzəkləri ilə ayrılırdı. Nisbətən kübar qadınların ayaqqabılarının üstünə tikmə salınır, içərisinə isə dabandan tutmuş pəncəyə qədər naxışlarla bəzənmiş gümüş parçası bərkidilirdi (respublikamızın bir çox muzeylərində saxlanılan belə qadın ayaqqabıları buna misal ola bilər). 
XVIII yüzillikdə qadın baş geyimləri də əvvəlki dövrlərdə olduğu kimi çox müxtəlif olmuşdur. 
Qadınlar saçı bir yerə yığmaq üçün cuna və kətandan istifadə edərdilər. Buna həm də tərgötürən vasitə kimi baxılırdı (Qəşbənd-Naxçıvanda). Sürüşməsi üçün qüllabıdan - (çəngəl, boğazaltı) əsasən qızıldan hazırlanar, uclarına üstünə qarmaq yapışdırılmış qızıl pul bərkidilərdi. Cuna ağ rəngli pambıq parçadan, çarqat isə narıncı, al çəhrayı rənglərdə və bəzən də saçaqlı olurdu. 
Kələğayının əlvan rənglərinə üstünlük verilərdi. 

Ləçəyin kələğayının üstündən bağlanmasına da təsadüf edilirdi. Deməli, eyni zamanda üç baş geyimi geyilirdi, birinci cuna (və ya kətan), ikinci kələğayı, üçüncü ləçək (və ya qəsabə, sərəndaz, zərbab). 
Soyuq havalarda bütün bu geyimin üstündən şal salardılar (tirmə şal, kəşmiri şal, təbii yundan əllə toxunmuş şal). 
Bu dövrdə ən çox yayılmış baş geyimlərindən biri araxçın idi. Lakin bu araxçınlar XVI-XVII yüzilliklərdəki araxçınlardan arxa tərəfdə hörük torbasının olmaması ilə fərqlənirdi. XVIII yüzildə və sonralar Azərbaycanda "təsəkqabağı" adlı parçadan tikilmiş baş geyimi də geniş yayılmışdı. Daha çox qadınların alnını bəzəyən bu baş geyimlərini həmin dövrdə dərzilər yox, zərgərlər hazırlayırdılar. 
Bu tip baş geyimləri əsas etibarilə Qarabağ, Gəncə, Qazax, Tovuz, Borçalı mahalında geniş yayılmışdı. 
XIX əsrdə Azərbaycanın Bakı, Şamaxı, Şəki, Gəncə, Qazax və s. şəhərlərini gəzib orada milli geyimlərin naturadan şəkillərini çəkmiş rus rəssamları V.V.Vereşşaqin və Q.Q.Qaqarinin əsərləri də müəyyən əhəmiyyətə malikdir. 

Azərbaycan ərazisini şərti olaraq bir neçə tarixi-etnoqrafik zonaya bölmək olar. Bunlardan Quba-Xaçmaz, Abşeron, Lənkəran-Astara, Şamaxı, Qarabağ, Naxçıvan-Ordubad, Qəbələ-Oğuz, Şəki-Zaqatala, Gəncə və Şəmkir-Qazax zonalarını göstərmək olar. Adları çəkilən tarixi-etnoqrafik zonalarda yaşayan azərbaycanlıların geyimlərinin əsasən eyni olması onların tərixən vahid etnik qrupa mənsub olmaqlarına bir sübutdur. Bu zonaların əhalisinin geyimlərindəki kiçik fərqlər Azərbaycanın vahid milli geyiminin yalnız lokal xüsusiyyətlərini əks etdirirdi. Geyimlər Azərbaycanın ayrı-ayrı tarixi-etnoqrafik zonalarının lokal xüsusiyyətlərini əks etdirməklə bərabər, eyni zamanda onu geyən şəxsin yaşını, ailə və ictimai vəziyyətini də büruzə verirdi. Cavan qızın və ailəli qadının geyimlərində gözə çarpacaq qədər fərqlər olurdu. Cavan gəlinlər daha gözəl və zəngin geyinirdilər. Qızlar və yaşlı qadınlar bəzək şeylərindən az istifadə edirdilər. 
Kişi geyimləri də qadın geyimləri kimi qeyd olunan tarixi-etnoqrafik zonalarda əsasən eyni idi. Kişi geyimlərindən də onun hansı təbəqəyə mənsub olduğunu müəyyən etmək çətin deyildi.
Uşaq geyimləri forma etibarilə yaşlıların geyimi ilə eyni olub, yalnız ölçüləri və yaş xüsusiyyətinə uyğunlaşma elementləri ilə fərqlənirdi. 
Toy və bayram paltarları adətən qiymətli parçalardan tikilməklə bərabər gündəlik və iş paltarlarından fərqli olaraq müxtəlif qızıl və gümüş bəzəklərlə də ziynətləndirilirdi. 
XIX əsrdə və XX əsrin əvvəllərində alt və üst paltarlardan ibarət olan Azərbaycan qadın geyimlərini iki hissəyə bölmək olar. 
Qadın üst geyimləri üst köynəyi, arxalıq, çəpkən, ləbbadə, küləcə, kürdü, eşmək və baharıdan ibarət idi. 
Qadın üst köynəyinin qolu əsasən uzun, enli və düz olurdu. Qolun çiyinə tikilən hissəsi əksərən düz, bəzi hallarda isə xırda qırçınlı olurdu. Qoltuğun altında adətən başqa rəngli parçadan xişdək qoyulurdu. Köynək boyun hissədə bir düymə ilə düymələnirdi. Üst köynəyi adətən qanovuz və ya faydan tikilirdi. Köynəyin boynuna, yaxasına, qolunun ağzına və ətəyinə sarıma bafta tutulurdu. Köynəyin ətəyinə qabaq hissədə qızıl ətəklik, mədaxıl, qızıl və ya gümüş qulplu pul da tikilirdi. 
Çəpkən - üst köynəyin üstündən geyilirdi. Çəpkən astarlı olub, belə qədər bədənə kip biçilirdi. Yan tərəflərdə ətəyə yaxın hissədə çapığı olan çəpkənin əlçək ilə bitən qondarma qolları olurdu. Bu qollar çiyindən aşağı boş sallanırdı. Bəzən bu qondarma qola düymələr də tikilirdi. Çəpkən tirmə, məxmər və müxtəlif zərli parçalardan tikilirdi. Çəpkənin yaxasına, çapığın qırağına, ətəyinə və qolunun kənarlarına sarıma və başqa baftalar, köbə, zəncirə, şahpəsənd və s. tutulurdu. 

Arxalıq - bütün Azərbaycanda ən geniş yayılmış geyimlərindən hesab edilir. Arxalıqlar müxtəlif olurdu. 
Arxalıq da çəpkən kimi astarlı və belə qədər bədənə kip biçilirdi. Arxalığa beldən aşağı hissədə büzmə, yaxıd qırçınlı müxtəlif endə ətək tikilirdi. Bəzi arxalıqlar gen və düz biçilirdi, yan hissədə isə çapığı olurdu. Arxalıqların qollarının da biçimləri müxtəlif olardı. Bəziləri düz və uzun olub, dirsəkdən aşağı əlçəklə qurtaran qondarma qol şəklində tikilirdi. Arxalıqların üçüncü forması lelüfər qollu olurdu. Dirsəyə qədər düz olan lelüfər qol, dirsəkdən aşağı zanbaq formalı açıq biçilirdi. Qolun ağzında arxalığın parçasından iki barmaq endə qırçın də əlavə edilirdi. Arxalıqların yaxası açıq olurdu. Əksər hallarda arxalıqlar döşdən aşağı belə qədər düymələnirdi. Bəzi arxalıqların yaxası düymələnmirdi. 
Arxalıqlar məxmər, tirmə və müxtəlif zərli xara parçalardan tikilirdi, sarıma və cürbəcür baftalarla bəzədilirdi. 
Ləbbadə - sırıqlı və astarlı olurdu. Ləbbadənin yaxası açıq olub, bel hissədə bağ ilə bağlanırdı. Ləbbadənin beldən bir qədər aşağıda yan tərəflərində qısa çapığı olurdu. Qolu qısa, dirsəyə qədər idi. Qoltuq yeri açıq biçilirdi. Ləbbadə tirmə, məxmər və müxtəlif zərli parçalardan tikilib, yaxası, qolunun ağzı və ətəyi zərif baftalarla bəzədilirdi. 

Eşmək - sırıqlı üst geyimidir. Eşməyin döşü və qoltuğunun altı açıq, qolları isə dirsəyə qədər biçilirdi. Eşmək tikmək üçün əsasən tirmə və məxmərdən istifadə edirdilər. Eşməyin içinə, yaxasına, qolunun ağzına və ətəyinə xəz qoyulurdu. Bundan əlavə qolunun ağzına, ətəyinə və yaxasına müxtəlif bafta və zəncirlər tikilirdi.
Kürdü - qolsuz və sırıqlı qadın geyimidir. Yaxası açıqdır. Yan tərəflərdə çapıqları vardır. Kürdü tirmə və məxmərdən tikilirdi. Yaxasına, ətəyinə və qoluna xəz tikilirdi. Bundan əlavə əhali arasında geniş yayılan geyimlərdən biri də Xorasan kürdüsü idi. Xorasandan gətirilən bu kürdülər tünd sarı rəngli dəridən hazırlanır, üzərinə həmin rəngli ipək sapla naxış tikilirdi. 
Baharı - sırıqlı və astarlı qadın geyimidir. Bel hissəyə qədər bədənə kip oturan baharıya, xırda büzməli uzun ətək tikilirdi. Qolu düz və dirsəyə qədər, yaxası açıq biçilirdi. Baharını əsasən məxmərdən tikirdilər. Baharının yaxasına, ətəyinə və qolunun ağzına müxtəlif bafta, köbə və zəncirlər tikilirdi. 
Küləcə - belə qədər düz ətəyi büzməli olan qadın üst geyimidir. Yaxası açıq olan küləcənin uzunluğu dizə qədər, qolu isə dirsəkdən aşağı olurdu. Küləcə əsasən məxmər və tirmədən tikilirdi. Yaxasına, bel kəsiyinə, ətəyinə və qollarının ağzına çox vaxt güləbətin, muncuq, pilək və məlilə ilə tikmə tikilirdi. 

Azərbaycanlı qadının geydiyi tumanın uzunluğu, Naxçıvan-Ordubad zonasından başqa, topuğa qədər olurdu. Naxçıvan-Ordubad zonasında qadınlar nisbətən qısa tuman geyirdilər. Tuman 112 taxta müxtəlif naxışlı ipək və ya yun parçalardan tikilirdi. Üst tumandan başqa onun altından geyilən tumanlara ara tumanı deyilirdi. Tumanlar büzməli yaxud qırçınlı olub lifəsinə tumanbağı keçirilirdi. Keci sapından toxunmuş tumanbağının iki baş tərəflərində rəngli ipək və güləbətin saplardan hazırlanmış qotazları olurdu. Tumanlar çitdən tutmuş tirməyə qədər hər cür parçalardan tikilirdi. Tumanın ətəyinə başqa parçadan köbə, müxtəlif baftalar, zəncirə və s. tutulurdu. Bəzi şəhərlərdə qadınlar küçəyə çıxarkən çaxçur da geyirdilər. Çaxçur müxtəlif ipək parçalardan tikilirdi. 
Qadın üst geyimlərini daha da gözəlləşdirmək üçün evdə və sənətkar karxanalarında hazırlanmış müxtəlif çeşidli baftalar - sarıma, qaragöz, zəncirə, şahpəsənd və s. mövcud idi. Bunlardan əlavə qızıl va ya gümüşdən hazırlanmış qoza va katibi qoza düymələr də qadın geyimlərinin yaxası boyunca tikilirdi. Köynəyin ətəyinə tikmək üçün qızıldan kəsilmiş ətəklik və ya midaxıl istifadə olunurdu. Bəzən köynəyin ətəyinə qızıl pullar tikilirdi. Qadın geyimlərində güləbətin, muncuq, pilək və s. tikmələr də geniş yer tuturdu. 
Qadınlar arxalıq və ya çəpkənin üstündən qızıl yaxud qızıl suyuna salınmış gümüş kəmər taxırdılar. Onlarla yanaşı dəri üzərinə gümüş pullar tikilmiş və gümüş toqqası olan kəmərlər də çox geniş yayılmışdı. 

Qadın baş örtükləri içərisində kəlağayı, müxtəlif örpəklər, naz-naz və qaz-qaz ipək örtüklər xüsusilə geniş yayılmışdı. Kalağayı Azərbaycanın Şəki, Gəncə və Şamaxı kimi məşhur ipəkçilik mərkəzlərində xüsusi karxanalarda istehsal edilirdi. 
Bəzi yerlərdə qadınlar baş örtüyünün altından araxçın qoyardılar. Çox vaxt bu araxçınların üstünə qızıldan kəsilmiş müxtəlif formalı çaxma bəzəklər tikərdilər. 
Azərbaycanda çarşab əsasən bəzi şəhər və şəhəryanı kəndlərin sakinləri üçün səciyyəvi idi. Evdən çıxarkən qadınlar başdan ayağa qədər çarşaba bürünürdü. Çarşab bir rəngli atlasdan, dama-dama keci parçadan və müxtəlif çeşidli ipək parçalardan olurdu. Çarşab örtən qadınlar bəzən rübənddən də istifadə edirdilər. 

XIX əsr Azərbaycanlı kişilərin milli geyimləri də alt və üst paltarlardan ibarət idi. 
Kişi üst geyimləri üst köynəyi, arxalıq, çuxa və şalvardan ibarət olurdu. Qeyd etmək lazımdır ki, xalq geyimlərinin çox geniş yayılmış olan bu dəsti, cüzi fərqlər nəzərə alınmazsa, bütün Azərbaycan ərazisi üçün səciyyəvi idi. 
Kişi üst köynəyi iki növ olurdu: yaxası ortadan və yaxası yandan biçilən hər iki növün kiçik boyunduruğu olurdu. Köynəyin yaxası qaytandan olan düymə və ilgək ilə düymələnirdi. Kişi köynəkləri əsasən atlasdan və sətindən tikilirdi. 
Arxalıq - beldən kəsik və bədənə kip biçilirdi. Ətəyi qırçın və ya büzməli, qolları düz olub bilək hissəyə doğru daralırdı. Arxalıqlar bir, yaxud iki döşlü, kiçik boyunduruqlu və boğaza qədər düyməli olurdu. Arxalıqları kişmirdən, atlasdan, nazik mahuddan, sətindən, lastikdən və s. parçalardan tikirdilər. Arxalığın üstündən cavanlar qayış və ya kəmər, yaşlı və qoca kişilər isə qurşaq bağlayırdılar. 

Çuxa - kişi üst geyimlərindən biridir. Azərbaycanda iki cür - vəznəli və çərkəzi çuxalar mövcud idi. Hər iki çuxanın yaxası açıq biçilirdi. Çuxa belə qədər kip və astarlı, ətəyi büzməli yaxud qırçınlı tikilirdi. Bel hissəsində çuxanın bəndi olardı. 
Vəznəli çuxanın qolları düz və uzun biçilib hər iki döşünə vəznə xəzinələri tikilirdi. Başları gümüş yaxud qızıl ilə ziynətləndirilmiş vəznələr xəzinələrə geydirilirdi. 
Çərkəzi çuxa vəznəlidən qolunun biçiminə görə fərqlənirdi. Çərkəzi çuxanın şiş və ya dairəvi uclu əlçəkli qondarma qolunun astarı ipək parçadan tikilirdi. Bu qolların kəsiyi boyu çox vaxt qaytandan duzəldilmiş ilgək və düymələri olurdu. Çərkəzi çuxanın uzunluğu müxtəlif idi: bəzilərinin uzunluğu dizdən bir qədər aşağı, bəzilərininki isə dizə qədər olurdu. Çuxanı mahuddan və ya şaldan tikirdilər. Çuxanı müxtəlif qızılı bafta, sarıma və başqa parçadan köbə ilə bəzəyirdilər. 

Kişi şalvarı lifə hissəsində nisbətən gen olub, ayaq tərəfə getdikcə daralırdı. Balaqların arasında üçbucaq formalı parça tikilirdi. Şalvarın lifəsinə keci sapından toxunmuş tumanbağı keçirilirdi. Tumanbağının uclarında qızılı və gümüşü güləbətin sapdan toxunmuş gözəl qotazları olurdu. Şalvar evdə toxunmuş şaldan yaxud müxtəlif çeşidli yun parçalardan tikilirdi. Bəzi dağlıq rayonlarda kişi üçün üst qış geyimi qoyun dərisindən tikilən yaxası düyməli kürk hesab olunurdu. Ticarət mərkəzlərində və şəhərlərdə kişilərdən Xorasan kürkü geyənlər də vardı. Xorasan kürkünün üzəri ipək sapla naxışlanırdı. Dağlıq yerlərdə çobanlar qışda yapıncıya burunurdu. 

Kişi baş geyiminə Azərbaycanda xüsusi əhəmiyyət verilirdi. Başı açıq gəzmək olmazdı. Ən geniş yayılmış kişi baş geyimləri müxtəlif biçimli dəri papaqlar hesab olunurdu: buxara və çərkəzi papaq (qara, çal və mixəyi buxara dərisindən), çobanların şələ papağı və başqaları. Tirmə və ipək parçalardan üzəri əksər hallarda güləbətin tikməli araxçınlar çox geniş yayılmışdı. Yaşlı kişilər və qocalar papağın altından ağ bezdən sırıqlı təsək qoyurdular. Gecələr isə kişilər sırıqlı şəbkulah geyirdilər. 
Corablar. Azərbaycanda toxunmuş yun corablar ən geniş istifadə olunan geyimlərdəndir. Corablar ipək və yun saplardan toxunurdu. Azərbaycanda toxunmuş corablar həm incə və gözəl naxışına və həm də saplarının rənglərinə görə fərglənirdi. Onların naxışı xalça, tikmə, basma və parçalarda olan naxışların eynidir. Corablar dizə qədər uzun və topuğa qədər qısa şəkildə toxunulurdu. 
Ayaqqabılar. Azərbaycanda müxtəlif rəngli tumaşdan tikilmiş ayaqqabılar çox geniş yayılmışdı. İstər qadın və istərsə də kişilərin geydikləri ən geniş yayılmış ayaqqabı başmaqlar hesab olunurdu.

Qadınlar üzü tikməli başmaq və ya uzun boğazı olan tikməli çəkmələr də geyirdilər. Aşılanmış və xam göndən hazırlanmış kişi ayaqqabıları adətən bir rəngli və naxışsız olurdu. Şəhərlərdə kişilər başmaqçıların tikdikləri başmaq və ya nəleyin geyirdilər. Kənd yerlərində isə xam göndən tikilmiş çarıqlar daha çox yayılmışdı. Çarıqların bağları yun ipdən toxunulurdu. 
Müxtəlif bəzək şeyləri geyimləri tamamlayır, onun milli xüsusiyyətini zənginləşdirirdi. Zərgərlər bəzək məmulatını qızıl və gümüşdən qayırırdılar. Qiymətli qaş-daş: brilliant, almaz, zümrüd, yaqut, mirvari, firuzə, əqiq va s. istifadə olunurdu. Azərbaycanın zərgərlik məmulatı mərkəzləri Bakı, Gəncə, Şamaxı, Şəki, Naxçıvan, Şuşa şəhərləri idi. Yerli zərgərlər əhaliyə lazım olan hər cür zərgərlik məmulatı hazırlayırdı. Dağıstanın Kubaçi zərgərlərinin isətehsal etdikləri gümüşdən qayrılmış qadın və kişi kəmərləri də Azərbaycanda böyük şöhrət tapmışdı. 
Azərbaycan qadınları bəzəkləri çox sevir, onlardan geniş və bacarıqla istifadə edirdilər. 
Qadınların istifadə etdikləri bəzək şeylərinin dəstinə imarət deyirdilər. Bura müxtəlif çeşidli baş və döş bəzəkləri, üzüklər, sırğalar, kəmər, bazubənd və bilərziklər daxildir.

Azərbaycan xalqı özünün çoxəsrlik tarixi boyunca zəngin və özünəməxsus mədəniyyət yaratmışdır və onun fəaliyyətinin ən yüksək inkişaf etmiş sahələrindən biri dekorativ-tətbiqi incəsənətdir. Bu sənətlər qədimdən mövcuddur. O, bədii sənətin müxtəlif növlərini əhatə edir, onların arasında döymə sənəti və zərgərlik, metal üzərində işləmələr, ağac, daş və sümük üzərində oyma naxış, xalçaçılıq, hörmə sənəti, ornamental toxuculuq və basmanaxış, toxuma və bədii tikmələr və bir çox digərlərini göstərə bilərik. Azərbaycan xalqının zəngin mənəvi aləmindən və istedadından xəbər verən bütün bu bədii yaradıcılıq növlərinin hər birindən bu gün də böyük məhəbbətlə istifadə olunur.

Azərbaycan bədii tikmələrinin texnika və kompozisiyası öz kökləri ilə uzaq keçmişlərə gedib çıxır və xalqın mədəniyyətinin varisliyini sübut edir. Azərbaycanda naxış salmanın müxtəlif növlərinin yayılmağa başlamasını arxeoloji materiallara əsasən müəyyənləşdirmək mümkündür. Bədii tikmələrdəki ornamentlərin analoqu olan sadə elementləri - düz və sınıq xətləri, ziqzaqları, nöqtəvi ornamentləri, dairəcikləri, üçbucaqları, rombları erkən bürünc dövrünün (Azərbaycanda eramızdan öncə III minilliyə aid) saxsı qablarında izləmək mümkündür.

Müxtəlif vaxtlarda bu yerlərdə olmuş çoxsaylı tacirlər, səyyahlar və diplomatlar Azərbaycanda sənətkarlığın inkişafı haqqında çoxlu maraqlı faktlardan söz açırlar. İtalyan səyyahı Marko Polo (XIII yüzil) Şamaxıda və Bərdədə yerli ipək məmulatlarının gözəlliyini qeyd edir. İngilis səyyahı - tacir Antoni Cenkinson (XVI yüzil) yay iqamətgahının dəbdəbəsini təsvir edərkən yazır ki, "kral ipək və qızıl işləməli zəngin çadırda əyləşmişdi, onun geyimi mirvari və zəngin daş-qaşlarla işlənmişdi".

XIX - XX əsrin əvvəllərində bədii tikmələr üçün əsas rolunu oynayan material yerli istehsal olan qonovuz, darai və məxmər idi. Onlar, Şamaxıda, Basqalda, Şəkidə, Gəncədə, Şuşada və Azərbaycanın digər şəhərlərində hazırlanırdı. Bədii tikmə üçün yerli ipək və yun saplardan və yerli basmaqəliblərdən istifadə olunurdu. Boyama üçün bitki mənşəli boyayıcılar işlədilirdi. 
Bədii tikmə məmulatları ornamental motivlərin zənginliyi və müxtəlifliyi ilə fərqlənirdi. Azərbaycan bədii tikmələrində ən çox işlədilən bitki motivləri qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq, meyvə ağaclarının yarpaqları- nar, heyva, alça çiçəkləri, eləcə də sünbül və müxtəlif formalı yarpaqlardır. 

Bədii tikmələrin həndəsi naxışları düz və sınıq xətlərdən, ziqzaqlardan, üçbucaqlardan, dördbucaqlardan, altı və səkkizguşəli ulduzlardan, romblardan, ulduzcuqlardan və günəşin rəmzi təsvirlərindən ibarətdir.
Bədii tikmələrdə quşları: bülbül, tovuz quşu, göyərçin, tutu quşu, hophop (şanapipik), sərçə, qırqovul, bildirçin, kəklik və digərlərini təsvir etməyi sevirdilər. 
Bədii tikmələrdə tez-tez rast gəlinən cüt quş təsvirləri dekorativ-tətbiqi incəsənət məmulatlarında ən qədim və sevilən motivdir. Quşları adətən ya bir-biri ilə sevişən, ya da bir-birindən küsmüş şəkildə təsvir edirlər. Hər iki motivi xalq sevgi və ayrılığın simvolu kimi izah edir. Heyvanlar aləminin təmsilçilərindən bədii tikmələrdə daha çox ceyranlar, tısbağalar, ilanlar-əjdahalar, atlar və s. təsvir edilirdilər. 

Məişət predmetlərindən gülab suyu üçün sürahilər, daraq üçün futlyar, kosmetika üçün flakonlar, kuzələr və s. rast gəlinir. 
Azərbaycanda məişətdə populyar və geniş yayılmış bədii tikmə növləri: güləbətin, saya naxışlı bədii tikmə, təkəlduz, "quş gözü" texnikasında tikmə, metal muncuqlu tikiş, muncuqlu tikiş, basmanaxış, "düymələmə", qurama, spiral şəkilli tikiş və file üzərində işdir. 
Bütün tikmə növlərindən ən qədimi - qızılı və gümüşü saplarla bədii tikmələrdir. Əsasən çox sıx parçadan istifadə edilirdi. Qırmızı, tünd qırmızı, bənövşəyi və yaşıl rəngli birçalarlı məxmər ən yaxşı material sayılırdı. Müxtəlif çalarlı incə mahud, parça, tirmə, atlas, tumac dəri üzərində də bədii tikmələr salınırdı. Qızılı və gümüşü saplarla tikiş üçün fabrik istehsalı qızıl və gümüş saplardan istifadə olunurdu. Bu bədii tikmə növü bir terminlə - güləbətin adlanırdı. 
Güləbətinlə daha çox qadın üst geyimlərinə, baş geyimlərinə, ev məişət əşyalarına, at yəhərinə və daha xırda məmulatlara bəzək vurulurdu. Gəlinin cehizinə güləbətin işləməli məişət təyinatlı müxtəlif əşyaları daxil etmək adəti də vardı. 
Rəngli ipək saplarla işlənmiş bədii tikmələr arasında təkəlduz tikmələri daha geniş yayılmışdı. 
XIX əsrdə təkəlduzçuluğun mərkəzi Şəki şəhəri idi. 

Təkəlduzçuluq üçün əsas material qismində yerli və ya xaricdə istehsal olunan qırmızı, qara və tünd göy rəngli məxmər və mahud işlədilirdi. Təkəlduz bədii tikmələri təkcə qadınların məşğuliyyəti deyildi. Bir çox kişilər tətbiqi incəsənətin bu sahəsində öz qeyri-adi məharətlərini göstərirdilər. Dəzgahda dartılmış parçada usta əvvəlcə rəsmin kontur xətlərini çəkir, sonra isə onun bütün daxili sahəsini doldururdu. Təkəlduz bədii tikmələri üçün işlədilən iynə "qarmac" adlanırdı. 
Təkəlduz bədii tikmələri ilə qadın geyimləri, böyük yastıqların üzlükləri, mütəkkələr, hamamda işlədilən ayaqaltı xalçalar, örtüklərə bəzək vurulurdu.

Bədii tikmələrdə geniş tətbiq edilən digər texnika saya tikmə idi.
Bu növ bədii tikmə üçün adətən parlaq olmayan, pastel çalarlarında, çox zaman qızıl saplarla uzlaşmada rəngli ipək və yun saplardan istifadə olunurdu. Saya bədii tikmənin iki növü vardı: ikitərəfli və birtərəfli. Saya bədii tikmə üsulu ilə geyimlərə, divar bəzəklərinə, üz örtüyünə, pərdələrə və s. naxışlar vurulurdu. 
Bədii tikmələrin geniş yayılmış növlərindən biri "quş gözü" - ağ və ya rəngli ipəklə vurulan bəzəklər idi. 
"Düymələmə" bədii tikmələri araqçının, şəbkülahın (gecə baş geyimi), canamazın, eləcə də yun geyimlərin bəzəklərində rast gəlinir. Onu adi və su tikişi, astar və üz arasında nazik yun və ya pambıq təbəqəsi qoymaqla icra edirdilər. 
Mirvari və muncuqlarla bədii tikmələr böyük maraq kəsb edirdi, onlarla qədimlərdən bəri kostyum elementlərini, məişət əşyalarını bəzəyirdilər. 

Parıltılı bəzək-düzəklərlə, muncuqlarla bədii tikmə - onları parçaya rəngli ipək saplarla çəkilmiş rəsmin konturları boyunca tikməkdir. Qurama və spiral bədii tikmənin nisbətən gənc üsullarıdır. 
Nadir hallarda rast gəlinən file üzərində iş və merejka çox gec yayılmış və dar çərçivədə tətbiq olunur. Bu əl işi növü salfetka, dəsmal, üz örtüyünün bəzəyi üçün daha xarakterikdir. Bu gün də Azərbaycanın bir çox şəhərlərində kökü qədim çağlara gedən bədii tikmə məktəbi qorunub-saxlanılır. Azərbaycan ustalarının əl işləri beynəlxalq sərgilərin və muzeylərin ekspozisiyalarını bəzəyir.

Azərbaycan xalq sənətinin çox qədim və zəngin ənənələri vardır. 
Naxçıvan, Mingəçevir, Gədəbəy, Qazax, Gəncə və s. yerlərdən əldə edilmiş metaldan düzəldilmiş sənət əsərlərinin yaşı 5000 ilə yaxındır. Bu ərazidən tapılmış qab-qacaq, silah və bəzək nümunələri tək bir tarixi fakt kimi deyil, həm də onu yaradan sənətkarın ustalıq bacarığından məlumat verən qiymətli mənbədir.
Azərbaycanda eneolit dövründə mis kəşf edildikdən sonra metal ibtidai icma cəmiyyətinin iqtisadi, təsərrüfat, ictimai və mədəni həyatında görkəmli rol oynamağa başlayır. Bu zaman qurğuşun, qalay, marqans metallarının kəşfi Azərbaycan tarixində yeni və mütərəqqi bir dövrün, tunc dövrünün başlanması ilə bağlıdır. 
Azərbaycan ərazisində qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri göstərir ki, əcdadlarımız hələ eramızdan əvvəl II minillikdə tuncdan zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və s. zinət şeyləri düzəldib öz həyat və məişətində istifadə edirlərmiş. 
Bu dövrdə tuncdan düzəldilmiş məmulatlar öz dəqiq işlənməsi və bəzən çox orijinal formalarda olmalarına baxmayaraq, əsasən bəzəksiz idi. Abidələr içərisində öz orijinal forması və dəqiq işlənməsi ilə Qarabağın Dolanlar kəndindən tapılmış ikibaşlı tunc maral fiqurunu göstərmək olar. Qədimdə metal əsas etibarı ilə dini xarakter daşıyan bədii sənət əsərlərinin düzəldilməsində istifadə olunduğuna görə, çox guman ki, maral bütövlükdə bu ərazidə yaşayanların pərəstiş etdikləri totem imiş. 
Tuncdan düzəldilmiş qədim dövr abidələrimiz içərisində öz bədiiliyi və sənətkarlığı baxımından diqqəti cəlb edən əsərlərdən biri də kəmərlərdir. Qarabağ, Qazax, Gədəbəy və s. yerlərdən əldə edilmiş bu tunc kəmərlər üzərindəki zoomorf rəsmləri və naxışları ilə adamı valeh edir. 

Metaldan düzəldilmiş sənət nümunələri içərisində elələri vardır ki, onların üzərində olan bəzək və təsvirlərlə biz o dövrdəki insanların adət-ənənələri, dini görüşləri və geyimləri ilə yaxından tanış ola bilərik. Belə sənət nümunələri içərisində Mingəçevirdən tapılmış e.ə. VIII-VII əsrlərə aid başı möhürlü tunc üzüklər xüsusilə diqqəti cəlb edir. Bu möhürlərin üzərindəki şirlə vuruşan adam, nizə və qalxanlı döyüşçü və oda sitayiş edən şəxsin təsvirləri hər şeydən əvvəl, o zamankı dövrün geyimləri və insanların adətləri haqqında bizdə təsəvvür yaradır. 
Maraqlı burasıdır ki, burada təsvir olunan geyim, silah və məişət əşyalarının eynisinə yunan alimi Strabonun (e.ə. 63-19) Qafqaz əhli haqda verdiyi məlumatlarında da rast gəlirik. Həmin dövrdə Cənubi Azərbaycanda metal emalı daha yüksək səviyyəyə çatmışdır. 
Bu inkişaf Cənubi Azərbaycanda arxeoloji qazıntılar zamanı aşkar edilmiş zərgərlik sənəti nümunələrində özünü göstərə bilmişdir. 
Təbriz şəhərindən təqribən 70 km aralı Urmiya gölü ətrafında yerləşən Həsənli, Qaratəpə, Ziviyə və s. yerlərdən tapılmış nadir sənət əsərləri nəinki qədim Azərbaycanın taixini və incəsənətini işıqlandıra bilən mühüm əhəmiyyətə malik olan materiallardır, həmdə qədim Yaxın və Orta Şərq mədəniyyətinin inkişafı problemlərinin məsələlərini aydınlaşdıra biləcək çox qiymətli sənəddir.
Tehranın Arxeoloji muzeyində nümayiş etdirilən sənət abidələimiz içərisində Həsənli təpəsindən tapılmış qızıl cam xüsusilə diqqəti cəlb edir. Camın üzərindəki rəsmlər bəzi yerlərdə iki cərgə, bəzi yerlərdə isə üç cərgə şəklində yerləşdirilərək, bütün əşyanı başdan-ayağa qədər örtmüşdür. Qızıl camı tapan Amerika arxeoloqu Robert Dayson qabın üzərindəki təsvirlərə əsaslanaraq onun təxminən e.ə. IX-VIII əsrlərdə yarandığını bildirir. 
Azərbaycan mədəniyyətinin bü dövrlərdə qonşu dövlətlərlə qarşılıqlı əlaqəsini Urmiya gölü ətrafında Ziviya mahalından tapılmış e.ə. VIII-VII əsrlərə aid olan qızıl döşlük də əyani şəkildə təsdiq edir. Döşlük rəsmlərlə bəzənmişdir. Burada şir, qoç, it, dovşan, başı insan bədəni qanadlı şir fiqurları həkk olunmuşdur. 

Qızıl döşlüyün üzərindəki canlı təsvirlər içərisində insan başlı, şir bədənli fiqurlar xüsusilə diqqəti cəlb edir. Bunlar öz ümumi görünüşü, kompozisiyası və işləmə üsulu ilə qədim Assuriyada II Sarqonun saraynının girişində qoyulmuş, tarixdə "Şedu" adı ilə məşhur olan heyvanları xatırladır. Qeyd etmək lazımdır ki, elə bu heykəllər də e.ə. VIII-VII əsrlərdə yaradılmışdır. Bütün bunlar Azərbaycan mədəniyyətinin inkişaf etdiyini bir daha göstərir. 
Azərbaycan el sənətləri taixində ən zəngin dövrlərdən birini orta əsrlər təşkil edir. Bu dövrdə yaradılmış məişət əşyaları içərisində Mingəçevirdən arxeoloji qazıntılar zamanı tapılmış və hazırda Bakıda Azərbaycan Tarixi muzeyində nümayiş etdirilən qab-qacaqlar xüsusən maraqlıdır. Bu qablar içərisində gümüşdən düzəldilmiş nimçə öz incə naxışları və gözəl forması ilə həmişə tamaşaçıların nəzərini cəlb edir. Nimçəni canlandıran əsas şərtlərdən biri onun üzərindəki ardıcıl təkrar olunan qabarıq xətlərdir. Bunlar bir barelyef kimi özündə işıq və kölgə əmələ gətirir və beləliklə bütün əşyanı bədiiləşdirir. Yenə Azərbaycan Tarixi muzeyində nümayiş etdirilən, həmin dövrə aid olan çox zərif aftafa da bu üslubda bəzədilmişdir. 
Milli ənənələrimizə sadiq qalan məişət əşyaları sırasına vaxtı ilə Dağıstandan tapılmış, hazırda Sankt-Peterburqun Ermitajında saxlanılan bürünc məcməini də aid etmək olar. Məcməinin üzərinə döymə üsulu ilə həkk edilmiş gül, çiçək, budaq rəsmləri və onların ümumi kompozisiyası öz üslub xüsusiyyətlərinə görə bu orijinal sənət əsərini VI-VII əsrlərə aid edir. Məcməinin ortasında böyük medalyonda verilən nəbati ornament motivləri xüsusilə diqqəti cəlb edir. 
Azərbaycan sənətkarları bu əsrlərdə metaldan təkcə məişət əşyaları yox, zərif zinət işləri ilə hazırlayırdılar. 
Mil düzündə, Qəbələdə, Mingəçevirdə, Naxçıvanda və s. yerlərdə qazıntı işləri zamanı əldə edilmiş qızıl, gümüş kəmər hissələri, üzük, qolbaq və s. şeylər zərgərliyin Azərbaycanda hələ ilk orta əsrlərə qədər də yüksək səviyyədə olduğunu göstərir. Zərgərliyin ən mürəkkəb texniki üsullarında: şəbəkə, basma, qələm işi və s. bəzədilmiş bu sənət nümunələri öz orijinal formaları və zərif işlənməsi ilə fərqlənir.

Maraqlı burasındadır ki, bu əsr zərgərlik nümunələri üzərində rast gəlinən bəzək ünsürləri, məsələn, aypara, beşguşəli ulduz və s. motivlər dövrümüzə qədər gəlib çatmış və müasir sənətkarlarmız tərəfindən işlənməkdədir. 
XI-XV əsrlərdə Azərbaycan metal sənəti yüksək inkişaf mərhələsi keçmişdir. Bu dövrdə metaldan müxtəlif növlü silahlar, müxtəlif formalı ev avadanlığı və s. sənət nümunələri hazırlanmışdır ki, bunların da bir çoxları dövrümüzə qədər gəlib çata bilmişdir. Əvvəlki dövrlərdə olduğu kimi, yenə də Gəncə, Şamaxı, Naxçıvan, Təbriz metal məmulatı hazırlayan mərkəzlərdən idi. Aparılmış arxeoloji qazıntılar göstərir ki, XII əsrdə və nisbətən sonralar Bakı şəhəri bu sahədə görkəmli yerlərdən birini tutmuşdur. 
Bu dövrdə metaldan düzəldilmiş abidələr içərisində diqqəti cəlb edən yüksək sənətkarlıq nümunələrindən biri Sankt-Peterburqun Dövlət Ermitajında saxlanılan 1206-cı ilə aid tuncdan tökülmüş Şirvan lüləyinidir. İlk baxışda bunun adi bir su qabı olduğunu müəyyən etmək bir qədər çətindir. Çünki qab kiçik heyvan heykəllərindən ibarətdir. Kompozisiya stilizə edilmiş formatda yaradılmışdır. Tunc lüləyinin üzəri cızma və xatəmkarlıq üsulunda gümüşlə bəzədilmişdir. Şirvan lüləyinin ornamental bəzəkləri arasında qiymətli tarixi mənbə olan yazılar da vardır. Yazıların birində bu gözəl sənət nümunəsini yaradan sənətkarın adı "Əli Məhəmməd oğlü" həkk olunmuşdur. 
Bu dövrlərdə yaranmış sənət nümunələri içərisində tapılmış metal məmulatları da diqqəti cəlb edir. Bu nümunələr əsas etibarı ilə İçərişəhərdə Şirvanşahlar sarayı qoruğunda aparılan arxeoloji qazıntılar zamanı əldə edilmişdir. Həmin metal nümunələri içərisində tuncdan düzəldilmiş bədii bir çıraq xüsusilə diqqəti cəlb edir. 
Çıraq başdan ayağa qabartma səpgisində düzəldilmiş müxtəlif tipli təsvirlərlə bəzədilmişdir. Burada real bir səpgidə at, iki öküz, on dörd pişik başı və iki insan sifəti təsvir olunmuşdur. 

Şirvan ərazisi ilə əlaqədar olan abidələrə Quba rayonundan tapılmış XIII-XIV əsrlərə aid edilən bürünc manqalı da aid edə bilərik. Hündürlüyü 30 sm, ağzının dairəsinin mühiti 131 sm, diametri 41 sm, yarımşar formasında olan bu bürünc manqal öz orijinal forması və ornamental bəzəkləri ilə diqqəti cəlb edir. Manqal üzərindəki verilmiş yazılar onun misgər Əhməd Məhəmməd oğlu tərəfindən düzəldiyini bildirir. Metalişləmə sənətkarlığı sahəsində bu əsrlərdə Azərbaycanın Beyləqan, Gəncə, Naxçıvan və Təbriz şəhərləri də mühüm mərkəzlərdən sayılır. Arxeoloji qazıntıdar zamanı bu yerlərdən əldə edilmiş sənət nümunələri bunu bir daha təsdiq edir. Bu yerlərə aid sənət nümunələri içərisində Beyləqandan (Örən-qala) tapılmış bürünc insan, quş fiqurları və hazırda Parisdə Luvr muzeyində saxlanılan Osman Salman oğlu Naxçıvani tərəfindən 1190-cı ildə düzəldilmiş bürünc dolça xüsusi ilə maraqlıdır. 
Sadaladığımız sənət abidələrindən görünür ki, bu əsrlərdə həyat və məişətdə istifadə edilən metal məmulatların əksəriyyəti bürüncdən düzəldilmişdir. 
XIV-XV əsrlərdə bədii metal sənətkarlığı sahəsində Təbriz şəhəri görkəmli yerlərdən birini tutur. Hələ XIII əsrin II yarısında Azərbaycana gəlmiş məşhur Venesiya səyyahı Marko Polo Təbriz şəhərinin böyüklüyündən, müxtəlif sənətkarlığın inkişafında onun tutduğu mövqedən danışır. Hazırda dünyanın bir çox görkəmli muzeylərində bu əsrlərdə Təbrizdə yaradılmış bir çox orijinal bədii metal sənəti nümunələri nümayiş etdirilir. Bunlardan 1319-cu ildə Yusif ibn Əhməd Təbrizi tərəfindən düzəldilmiş və hazırda Londonda Viktoriya və Albert muzeyində nümayiş etdirilən bədii kasanı və Sankt-Peterburq Dövlət Ermitajında saxlanılan tunc tiyanı xüsusilə qeyd etmək lazımdır. 

Üzərində milli ənənləri əks etdirən bu dövrə aid sənət nümunələri içərisində diqqəti ən çox cəlb edən abidə 1399-cu ildə Təbrizdə Əbdül Əziz Şərəfəddin oğlu tərəfindən düzəldilmiş tiyandır. Ağırlığı 2000 kq və diametri 2,45 sm-ə yaxın olan bu nəhəng tiyan şərq aləmində düzəldilmiş ən böyük tiyanlardan sayılır. Tiyanın şöhrəti təkcə onun misli görünməyən böyüklüyündə olmasında deyil, həm də bədii tərtibatındadır. Tiyan üz tərəfdən dairəvi gözəl nəbati naxışlarla bəzədilmişdir. Naxışlar arasında nəsx xəttilə bu tiyanın Teymurləngin sifarişi ilə Xoca Əhməd Yasəvi məscidi üçün 1399-cu ildə Təbrizlə sənətkar Əbdül Şərəfəddin oğlu tərəfindən düzəldiyi qeyd olunmuşdur. Bundan əlavə burada bir-birinin ardınca qazan boyu 22 dəfə təkrar olunan "Dünyanın hökmdarı allahdır" sözləri də yazılmışdır. 
Təbrizlə yanaşı, bu dövrdə və sonralar Azərbaycanın başqa şəhərlərində də bədii metal sənətkarlığının inkişaf etdiyini göstərən çoxlu faktik nümunələr vardır. Hazırda Amerikada cənab Hararinin şəxsi kolleksiyasında XV əsrə aid çox orijinal bir bürünc istirlab saxlanmaqdadır. Astronomiya elmində istifadə edilən bu cihaz üzərindəki qeydlərə görə 1468-ci ildə məşhur Şirvan ustası Şükrullah Müxis tərəfindən hazırlanmışdır. Bu istirlab öz dövrünə görə yüksək texniki bir cihaz olmaqla bərabər, üzərindəki bəzəkləri ilə də nəzəri cəlb edir. 
XVI-XVII əsrlərdə metaldan ev avdanlığı, silah və bəzək nümunələri düzəltmək Təbriz, Ərdəbil, Marağa, Naxçıvan, Gəncə, Şamaxı və Bakı şəhərlərində xüsusilə geniş inkişaf etmişdir. Bu dövrdə xaricdə Azərbaycan sənətkarları tərəfindən hazrlanmış silah (xəncər, qılınc, topuz, qalxan) və zirehli geyimlər (başlıq, dirsəklik, dizlik və s.) xüsusilə geniş şöhrət tapmışdır. 
Rus mənbələrində biz bu əsrlərdə Şamaxıda düzəldilmiş silahların adlarına tez-tez təsadüf edirik. Belə mənbələrin birində rus çarı Boris Qodunovun 8 ədəd Şamaxı sənətkarları tərəfindən düzəldilmiş bəzəkli zirehli başlıqlardan bəhs olunur. 
Bu dövrdə Azərbaycan silahlarının belə geniş şöhrət tapması əbəs yerə deyil. Yerli sənətkarlar ənənəvi silahların düzəldilməsində indi bir çox yeniliklər icad etmişdilər.
XV əsrdə geniş yayılmış düz və enli qılınclar əvəzinə indi əyri ayparaya bənzər qızıl, gümüş və qiymətli sümük dəstəkli qılınclar daha çox yayılmağa başlayır. 

Qalxan və zirehli geyimlərin də tərtibatı əvvəlki dövrlərə nisbətən xeyli zənginləşmiş və dəbdəbəli olmuşdur. 
Hazırda Kremlin silah palatasında saxlanılan XIV əsrə aid bir qalxan xüsusilə diqqəti cəlb edir. Misli görünməyən gözəlliyi olan bu qalxan deyildiyinə görə rus çarı M.F.Romanovun müharibə vaxtı özünü qorubuğu silahlardan olmuşdur. Sonra bu qalxan məşhur rus sərkərdəsi F.İ.Mstislavskidə olmuş, 1622-ci ildən isə o öldükdən sonra, daimi olaraq rus çarlarının xəzinəsinə verilmişdir. Diametri 50,8 sm olan bu qalxan bütöv qırmızı poladdan döyülərək üzəri xatəmkarlıq üslubunda qızılla bəzədilmişdir. 
Azərbaycanda düzəldilmiş bu dövrə iki maraqlı əsəri də qeyd etməliyik. Bunların ikisi də müharibə zamanı zadəganlar tərəfindən istifadə edilən baş geyimləridir. Bunların birisi hazırda Moskvada Silah palatasında, o birisi isə İstanbulda saxlanılır. İkinci başlığın üzərində onun 1528-ci ildə Şah Təhmasib üçün düzəldiyi qeyd olunmuşdur. 
Birinci zirehli başlığa ilk dəfə Şamaxıdan rus çarı Boris Qodunova gətirilən silahların siyahısı arasında rast gəlirik. Sonralar bu dəbilqə də bədii qalxan kimi knyaz F.Mstislavskidə olmuşdur. 
Bəhs etdiyimiz sənət əsəri o qədər bəzəklidir ki, o başı qılınc, toppuz və s. zərbəsindən qorumaq üçün geyilən müdafiə geyimlərindən daha çox güləbətin tikməli araxçını xatırladır. Başlığın bəzəkləri içəriçində xəttatlıq sənəti nümunələri də vardır. Onlar başlığın alın hissəsində enli qurşaqla yerləşdirilmişdir. Burada "Qadir və mərhəmətli Allah naminə" sözləri yazılmışdır. 
Başlıq hamarlanmış poladdan düzəldilmiş, onun bəzədilməsində bədii metal emalının üç texniki üsulundan: şəbəkə, xatəmkarlıq və qələm işindən məharətlə istifadə olunmuşdur. XVI-XVII əsrlərdə metaldan düzəldilmiş bədii sənət nümunələrinin ayrılmaz bir qolunu da zinət işləri təşkil edir. Bunlar əsas etibarı ilə qızıl və sümükdən düzələrək həyatda qadın və kişi bəzəyi kimi istifadə edilirdi. 
Ümumiyyətlə, qiymətli metallardan düzəldilmiş qızıl-gümüş bəzəkləri gəzdirilməsi və geyilməsinə görə 4 hissəyə bölünür: 1. boyun bəzəkləri; 2. qol və barmaq bəzəkləri; 3. baş bəzəkləri; 4. libaslara bənd olunan bəzəklər. 
Bu əsrlərdə düzəldilmiş və dövrümüzə qədər gəlib çatmış zərgərlik nümunələri içərisində iki əsəri qeyd etmək olar. Bunlardan biri Gədəbəy rayonunda qazıntı işləri zaman Səfəvi sikkələri ilə birlikdə aşkara çıxmış badam və nar dənələri formalı üstü naxışlı gümüş boyunbağı, o birisi isə I-ci Şah İsmayılın 1507-ci il tarixli qızıl kəməridir.

Şah İsmayılın qızıl kəməri xüsusilə maraqlıdır. Hazırda İstanbulda Topqapı saray ı muzeyində saxlanılan bu kəmər kişi kəmərlərinin ən zəngin və bəzəkli nümunələrindəndir. Kəməri bəzəyən nəbati ornamental naxışlar dövrün xalça, parça və qeyri sənət nümunələrində rast gəlinən bəzəkləri xatırladır. Kəmərin ən gözəl hissəsini onun toqqası təşkil edir. Dairə formasında olan bu toqqada real səpkidə at belində ova çıxmış bir zadəgan gənc və onu müşahidə edən bələdçi təsvir edilmişdir. 
Toqqa içərisindəki təsvirlər həm ümumi kompozisiya, həm də ayrı-ayrı motivləri ilə dövrün miniatür sənətindəki bəzi süjetləri xatırladır. 
XVIII əsrdə Azərbaycanda ən çox misgərlik inkişaf etmişdir. Xarici ölkə səyyahları Təbriz, Gəncə, Şəki, Şuşa, Şamaxı, Bakı şəhərlərində bu əsrlərdə xüsusi misgərlik küçəsi olduğunu və orada misdən bəzəkli, orijinal formalı qab-qacqlar düzəldiyini qeyd edirlər. 
Azərbaycanda bu əsrlərdə elə yerlər var idi ki, nəinki bir-iki küçə, hətta əhalinin əksəriyyəti misgərlik sənəti ilə məşğul olurdu. Belə məkəzlərdən biri o vaxtlar Şamaxı xanlığına daxil olan Lahıc idi. 
Lahıcda bu əsrlərdə külli miqdarda məişət əşyası və ev avadanlığı (dolça, satıl, aftafa, sərnic, məcməyi, sərpuz və s.) hazırlanırdı. Lahıcda istehsal olunmuş məhsullar həm kəmiyyət və həm də keyfiyyət etibarı ilə heç də o dövrün mərkəzi şəhərlərində hazırlanan məhsullardan geridə qalmırdı.
Lahıcda düzəldilmiş metal məmulatları içərisində əlimizdə olan sənət nümunələrimizdən XVIII əsrə aid olan bir samovar xüsusilə diqqəti cəlb edir. Samovar öz proporsiyalarının düzgünlüyü, formasının gözəlliyi ilə bərabər üzərindəki bəzəkləri ilə də diqqəti cəlb edir. Burada stilizə olunmuş nəbati, zoomorf və insan təsvirləri həkk olunmuşdur. Samovarın dekorativ tərtibatında istifadə olunan naxışların əksəriyyətinə biz Azərbaycan el sənətinin bir çox növlərində (daş və divar bəzəkləri, parça, tikmə və s.) rast gəlirik. Samovar Lahıc kəndinin sakini misgər usta Nəcəfqulu tərəfindən hicri dövründə 1130-cu ildə (1717-ci ildə) misdən hazırlanmış və bəzədilmişdir. 
XVIII əsrdə Şəki şəhəri də metaldan ev avadanlığı, bəzək nümunələri düzəltməkdə görkəmli yerlərdən birini tuturdu. 
Mənbələr göstərir ki, bu əsrlərdə Şəki sənətkarları bəzəkli tökmə manqallar düzəltəməkdə xüsusilə şöhrət qazanmışdılar. 

Bu manqallar çox böyük deyildir. Onların əksəriyyəti 6-8 ədəd biri digərinə qarmaqla bənd edilmiş tökmə bürünc hissəciklərindən təşkil edilmişdir. Bu tökmə bürünc hissəcikləri üzərində qabarıq bir səpgidə nəbati, həndəsi ornamentlərlə yanaşı, quş və heyvan fiqurlarına da rast gəlirik. 
Nəbati naxışlar içərisində dalğavari xətt üzərində gül, çiçək, yarpaq bənd olunmuş "İslimi" adlı kompzisiya, həmçinin üz-üzə dayanmış bülbül və şir fiqurları əsas yer tuturlar. XVIII əsrdən dövrümüzə qədər bir çox zərgərlik sənəti nümunələri də gəlib çatmışdır. 
Bu əsrlərdə Azərbaycan qadınları tərəfindən istifadə edilən bəzək nümunələrindən ən geniş yayılanı boyun bəzəkləri idi. Bunlardan: sinəbənd, boğazaltı, çəçik, qarabatdaq və s. göstərmək olar. 
Bu tipli bəzəklər qiymətli muncuq, mirvari və ya paxlava, arpa formalı qızıl, gümüş hissəciklərinin biri o birinə bənd edilməsi ilə düzəldilirdi. Bir çox hallarda bu boyun bəzəklərinin yaxşı görünməsi üçün aşağı hissəsindən sinə üstə dairə formasında üzəri şəbəkəli başqa bir hissə də bənd edilib sallanırdı. Bəzən bu bəzəkli dairə əvəzinə, şəbəkə, qələm işi və s. texniki üsula işlənmiş 6, 8 və ya 12 guşəli, ortasında yaqut və ya firuzə qaşı olan ulduz, onun da altını tamamlayan aypara yerləşdirilərdi. 
Bu əsrlərdə yaradılmış ən gözəl zərgərlik nümunələri sırasında hazırda Zaqatala ölkəşünaslıq muzeyində saxlanılan 2 eyni tipli qadın baş geyimləirni də aid etmək olar. Haqqında bəhs etdiyimiz baş geyimləri ilk nəzərdə dəbdəbəli bir dəbilqəni andırır. 
Başlıq müxtəlif ölçülü və formalı gümüş hissəciklərinin bədii bir şəkildə biri o birinə halqa ilə bağlanmasından təşkil edilmişdir. Bu bəzəkli gümüş hissəcikləri yeknəsəq görünməsin deyə onların arasında daş-qaşla bəzədilmiş dairə formasında lövhələr verilmişdir. Onlar başlığın yan və təpə hissəsində yerləşdirilmişdir. Başlığın ən gözəl hissəsi onun təpəsindən yuxarı uzanan boruya bənd edilmiş zərif aypara ilə ulduz fiqurudur. 
Zərgərlik nümunələrimizin keçmiş ənənələrlə sıx əlaqəsini bu dövrdə düzəldilmiş qadın və kişi kəmərləri xüsusilə əyani bir şəkildə təsdiq edir.
Qeyd etmək lazımdır ki, ümumiyyətlə, kəmər keçmişdə qadın və kişi geyimlərinin ayrılmaz bir hissəsini təşkil edirdi. Araşdırmalar göstərir ki, keçmişdə kəmərlə onu gəzdirən şəxsin və vəzifəsini, var-dövlətini, dini əqidəsini, milliyətini və hətta yaşını belə bilmək olurdu. 

XVIII əsrdə Azərbaycanda kəməri həm kişilər, həm də qadınlar taxardılar. Adətə görə qadınlar enli, kişilər isə nazik kəmərlər taxardılar. 
Bu əsrlərdə kəmərlər fiqurlu və bəzəkli bürünc, gümüş və ya qızıl hissələrindən düzəldilərdi. Onların ən gözəl hissəsini toqqalar təşkil edirdi. Toqqalar, adətən, üzəri şəbəkə, qələm işi, bəzən isə daş-qaşla bəzədilmiş enli dördkünc metal hissəsindən ibarət olurdu. Əksər hallarda kəmərin aşağı hissəsinə qadınlarda 23 cərgə qızıl-gümüş pullar və ya paxlavavari, buta formalı bəzəklər, kişilərdə isə ətəyə qədər uzanan hissəsinin üzərinə müxtəlif fiqulu metal hissəcikləri taxılmış bir neçə qayış bənd edilirdi. 
XVIII əsrdə Azərbaycanda ən geniş yayılmış kəmərlədən biri "çərkəzi kəmər" adlı kişi kəməri idi. Belə kəmərin üzərinə arabir paxlava, dairə, bəzən üz-üzə dayanmış at, qoç təsvirləri, üzəri qarasavad, basma üsulu ilə bəzədilmiş etal fiqurları bənd edilirdi. 
XVIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə 6 texniki üsulla bəzədilirdi. Bunlar: döymə, basma, qarasavad, şəbəkə, xatəmkalıq və minaçılıqdır. 
Döymə ən qədim üsullardan biridir. Sənətkarlığın başqa texniki üsullarına nisbətən xeyli sadədir. İti göz və böyük ustalıq tələb edir. Sənətkarlar çəkic və ucu nazik alətlərlə işləyirlər. 
Basma üsulunda istənilən ölçüdə qızıl, gümüş və qiymətli metal parçasını hündür naxışlı və yaxud rəsmli qəlib üstə qoyurlar. Sonra bu qiymətli metal parçasının üstündən də elə bu ölçüdə qurğuşun parçası qoyaraq, taxta çəkiclə döyməyə başlayırlar və beləliklə, qiymətli metal istənilən rəsmin formasını alır. Basma üsul daha çox kəmər, düymə, qolbaq və s. şeylərin düzəltməsində işlədilirdi. 
Qarasavad əsas etibarı ilə gümüş üzərində işlənirdi, çünki gümüş qara yerlikdə (tonda) daha təmiz və ağ xətlər verir. Döyülmüş hamar gümüş səthinin üzərində cızma üsulu ilə rəsm çəkilir, sonra onun ətrafı qara məhsulla örtülürdü. Qarasavad üsulu ilə daha çox zinət şeyləri (kəmər, xəncər, tapança, barut qabı və s.) bəzədilirdi. Şəbəkə zərgərlikdə nazik dolama simdən düzəldilmiş rəsmə və yaxud naxışlara deyilir. Şəbəkə əsasən iki şəkildə olur; birincisi qızıl və gümüş tellərlə əşyanın əsasını təşkil edir, ikincisi isə həmin əşyanın üzərini bəzəyir. 
Xatəmkarlıq Azərbaycanda zərgərlik sənəti sahəsində böyük irsə malikdir. Xəncər, qılınc, müxtəlif bədii sənət nümunələrini bu üsulla bəzəmək üçün istənilən çeşni əsasında həmin cismi üzdən azacıq deşir, sonra bu dəliklər qızır, gümüş və s. rəngli metal mıxlarla doldurulur. Bütün bu proses qurtardıqdan sonra cismin üstü hamarlanır və elə bil gözəl bir mozaikanı andırır. Xatəmkarlğın ən çətin və maraqlı sahəsindən biri əşyanın üzərində qiymətli metallarla yazı yazmaq və rəsm çəkməkdir. Bu, sənətkardan böyük zövq və ustalıq tələb edir. Azərbaycan sənətkarları bu sahədə də böyük məharət göstərmişlər. 
Minaçılıq Azərbaycan zərgərlik sənətini yüksəklərə qaldıran sahələrdən biri idi. Minaçılığın ən çətin və maraqlı sahələrdən biri pərdəli minadır ki, o ən çox Təbrizdə, Naxçıvanda və Bakıda işlənirdi. 
Minaçılıq sənətinin üsulu oyulmuş bir rəsmin, naxışın içini rəngli mina mayesi (şirəsi) ilə doldurmaqdan ibarətdir. Bundan ötrü qızıl, gümüş və qeyri metal parçdan üzərində lazım olan (quş, heyvan, bitki və s.) rəsmli naxışlı qəlibi basma üsulu ilə ona keçirdikdən sonra buradan əmələ gələn boşluqları mina mayesi ilə doldururlar. 
Azərbaycan minaçılığında ən çox işlədilən rənglər açıq çəhrayı, yaşıl, göy, firuzəyi, qara və qırmızı olmuşdur. 
Digər ölkələrin minaçılarına nisbətən Azərbaycan minaçılarının əsərləri daha çox şöhrət qazanmışdı, çünki onların əsələrində qarışıq, bulanlıq rəng olmazdı. Onların rəsmin boşluqlarına tökdükləri hər rəngin öz xüsusiyyəti olduğundan bu rənglər qızır və s. tel pərdəsi ilə bir-birindən ayrılır. Azərbaycan minalarının belə rəngarəng olması, bu rənglərin bir-birinə ahəngdarlığı insanı valeh edir. 
XIX-XX əsrin əvvəllərində Azərbaycanda metalişləmə sənətkarlığının əsas etibarı ilə 3 növü inkişaf etimişdir. 
Bunlar dəmirçilik, misgərlik və zərgərlik sənəti idi. Dəmirçilər əsas etibarı ilə kənd təsərrüfatı alətləri və məişətdə işlədilən əşyalar hazırlayırdılar: manqal, sacayağı, qapı dəstəyi, maşa və s. 
Azərbaycanda böyük irsə malik olan misgərlik sənəti bu əsrlərdə də metal işləmə sənətində görkəmli yer tuturdu. Xalqımızın məişət xüsusiyyətindən və təsərrüfat məşğuliyyətindən asılı olaraq Azərbaycanda qazan, tava, sərpuş, sərniş, sini, satıl, aftafa, səhəng, dolça və s. kimi mis qablara hələ də böyük ehtiyac var idi. 
Metal işləmələrin o biri növlərinə nisbətən zərgərlik sənəti bu əsrlərdə daha çox keçmiş dövrün mütərəqqi ənənələrinə sadiq qalmışdı. Əvvəlki dövrlərdə Azərbaycan qadınları tərəfindən gəzdirilən üzük, sırğa, bilərzik, sinəbənd, kəmər və s. yenə də dəbdə idi. 
Bakı, Şamaxı zərgərlərinin minalı sırğaları, Gəncə, Şəki ustalarının şəbəkəli boyun, sinə bəzəkləri, daş-qaşlı qızıl telbasanı, Şuşa sənətkarlarının aynalı kəmərləri bu günədək insanı valeh edir.