Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin binası Bakı şəhərinin mərkəzində, Dənizkənarı Milli parkın yaxınlığında yerləşir. Bina 1960-cı ildə məşhur Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında V.İ.Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilib və 1961-ci ildə Moskvadakı V.İ.Lenin Muzeyinin filialı kimi istismara verilib. Həsən Məcidov Azərbaycanda digər layihələrin də müəllifi olmuşdur – Binədə Bakı təyyarə limanı, “Bakı” mehmanxanası, Naxçıvanda Dram teatrının binası və s. 
1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan prezidentinin sərəncamına əsasən bina Mədəniyyət Nazirliyinə verilmiş və Muzey Mərkəzi adını almışdır. 
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin direktoru – Liana Vəzirova.
Muzey Mərkəzinin Akt zalı binanın 2ci və 3cü mərtəbələri arasında yerləşir. Burada konfranslar, dəyirmi masalar, seminarlar, simpoziumlar, kino-axşamlar və başqa tədbirlər keçirilir.

Azərbaycan Milli İncəsənət Muzeyi milli dəyərlərimizin və ümumbəşəri mədəni irsin qorunub saxlandığı xəzinədir. 17.000 artıq sənət abidəsinin mühafizə edildiyi bu xəzinənin fəaliyyət tarixi zəngindir. 1936-cı ildə incəsənət şöbəsi Azərbaycan Dövlət Muzeyinin tərkibindən ayrılıb, Xalq Komissarları Sovetinin qərarı ilə müstəqil muzey kimi təşkil edilib. Muzeyə ilk eksponatlar ekspedisiyalar zamanı və əhalidən satın alınma yolu ilə toplanıb. 1937-ci ildə muzeyin ilk ekspozisiyasının açılışı olmuş, muzey 1951-ci ildə isə XIX əsrin axırlarında barokko üslubunda inşa edilmiş Deburun malikanəsinə köçürülüb. 2006-cı ildə muzeyə ayrılmış yeni binada asaslı təmir işləri başlanmış və 2009-cu ildə yeni ekspozisiyanın açılışı olmuşdur. 2011-ci ildə muzeyə Milli, eləcə də həmin ildə Brüsseldə yerləşən Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) Direktorlar Şurasının yekdil qərarı ilə beynəlxalq standart və kriteriyalara cavab verən, muzey anlayışına uyğun, keyfiyyətli muzey xidməti göstərən və peşəkar təcrübəyə malik Avropa Muzey Standartı (EUMS) statusları verilmişdir.

Azərbaycan Xalça Muzeyi 1967-ci ildə yaradılmaqla, dünyada xalçaların toplanması, qorunması və öyrənilməsi sahəsində ilk ixtisaslaşmış muzey oldu. Onun ilk ekspozisiyası 1972-ci ildə, qədimi Bakının ərazisində - İçərişəhərdə yerləşən Cümə məscidində açıldı.
Bu muzey xalçanı Azərbaycanın digər ənənəvi sənət növləri ilə qarşılıqlı əlaqədə nümayiş etdirən bir milli mədəniyyət xəzinəsidir. Onun kolleksiyasına 14000-ə yaxın xalça, tikmə, geyim, mis qablar, zərgərlik əşyaları, şüşə, taxta və keçə məmulatları daxildir.
2008-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Xalça Muzeyinin müasir binasının tikintisinə başlandı və 2014-cü ildə onun ilk ekspozisiyası açıldı.