Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
27.03.2023 17:04
Akademik Milli Dram Teatrının “Məlikməmməd” tamaşası Şəkidə nümayiş olunub Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində paytaxtda fəaliyyət göstərən səkkiz aparıcı teatrın Novruz bayramı ilə bağlı tətil günlərində bölgələrə qastrol səfərləri həyata keçirilir. Qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır. Qastrol proqramına əsasən,  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Şəki teatrsevərlərinin qonağı olub. Kollektiv martın 27-də - Beynəlxalq Teatr Günündə  “Məlikməmməd“ nağılı əsasında hazırlanan eyniadlı tamaşanı Şəkidə nümayiş etdirib.  Böyük maraqla baxılan səhnə əsərinin quruluşçu rejissorları Əməkdar artist Nicat Kazımov və rejissor Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədov və Könül Kərimovadır. Tamaşada Əməkdar artist Mehriban Xanlarova, aktyorlar Elçin Əfəndi, Şəhla Əliqızı, Vüsal Mustafayev, Corc Qafarov, Elsevər Rəhimov, Rada Nəsibova, İlahə Həsənova, Lalə Süleymanova, Tural İbrahimov iştirak edirlər. ..
17.03.2023 15:54
Parisdə Novruz bayramı təntənəli şəkildə qeyd edilibMədəniyyət Nazirliyinin və Azərbaycanın Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə xalqımızın milli adət-ənənələrini və mənəvi dəyərimizi özündə ehtiva edən Novruz bayramı Parisdə səfirliyimizin Mədəniyyət Mərkəzində qeyd olunub. Bayram şənliyində Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək Novruz bayramının fəlsəfəsi haqqında və bu bayramla bağlı adət-ənənələrimizdən danışıb. Mart ayında Azərbaycanın ən qədim, ən sevimli bayramlarından biri olan Novruzu təntənə ilə qeyd etdiyini deyərək, onun xalqımızın ənənəvi dəyərlərini özündə ehtiva etdiyini vurğulayıb. Qeyd edib ki, ölkədə Novruz bayramı həmişə yer üzünün, təbiətin dirçəlməsinin, mənəvi saflığın, bərabərliyin təntənəsi olub. Bu gün qədim günəş təqviminə görə yazın və yeni ilin başlanğıcı bayram edilir. Novruzun 3 min ildən artıqdır planetimizin müxtəlif məkanlarında qeyd olunduğunu söyləyən səfir bu bayramın nəsillər, insanlar arasında sülhü, barışığı və həmrəyliyi nümayiş etdirdiyini diqqətə çatdırıb. Leyla Abdullayeva bildirib ki, Novruz bayramı bəşəriyyətin mədəni müxtəlifliyini əks etdirir, müxtəlif ölkələrin xalqları və icmaları arasında dostluğa töhfə verir. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq beynəlxalq səviyyədə qeyd olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti nəticəsində bu bayram UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Novruz fəlsəfəsinin əsasında birlik və dialoq yaratmaq, insanlar arasında körpü qurmaq olduğunu nəzərə alaraq, müxtəlif ölkələrin Fransada akkreditə olunmuş səfirləri, diplomatları, Parisdəki beynəlxalq təşkilatların, Fransa XİN-nin, eləcə də yerli mədəniyyət nümayəndələri, bu ölkədəki Azərbaycan icmasının üzvləri bayram tədbirində iştirak ediblər. Azərbaycanın Novruz adət-ənənəsi əks etdirən xonçalar tədbirə xoş əhvali-ruhiyyə qatıb. ..
15.03.2023 11:42
A.R.Rzayevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                 Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Anar Rəsul oğlu Rzayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 15 mart 2023-cü il  ..
13.03.2023 11:43
Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilibRegionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iş şəraiti və maddi-texniki bazasının mövcud vəziyyətinin yerində öyrənilməsi məqsədilə mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimlinin rəhbərliyi ilə Mədəniyyət Nazirliyinin nümayəndə heyəti martın 11-də Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında səfərdə olub. Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzi, Hüseyn Arif adına şəhər Uşaq musiqi məktəbi, Dövlət Rəsm Qalereyası, rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS), Tarix-Diyarşünaslıq Muzeyi və Mədəniyyət Mərkəzinə baxış keçirilib. Həmçinin rayon Mədəniyyət Mərkəzinin şəhər 1 saylı Folklor klubu, rayon MKS-nin Dağkəsəmən kənd 2 saylı kitabxana filialı və kənd Mədəniyyət evinə baxış olub, yaradılan şəraitdən səmərəli istifadə edilməsi, işin müasir tələblər səviyyəsində qurulmasının vacibliyi diqqətə çatdırılıb. Qazax rayonuna səfər zamanı Heydər Əliyev Mərkəzi, Ədəbiyyat Muzeyi, Tarix Diyarşünaslıq Muzeyi, MKS, Mədəniyyət Mərkəzi, Qazax Dövlət Dram Teatrı, Dövlət Rəsm Qalereyası, İsrafil ağa hamamı, eləcə də rayondakı bir sıra mədəniyyət müəssisələrinə baxış keçirilib. Nümayəndə heyəti Qazax Müəllimlər Seminariyasının tarixi binasında fəaliyyət göstərən ADA Universitetinin Qazax Mərkəzinə baş çəkib, təhsil ocağının fəaliyyəti, kompleksdə yaradılmış şəraitlə tanış olub. Eyni zamanda rayon ərazisindəki “Avey“ Dövlət Tarix-Mədəniyyət Qoruğu və Daş Salahlı kəndində yerləşən qoruğun Damcılı filialına da baş çəkilib. Məlumat verilib ki, burada dünya əhəmiyyətli qədim Damcılı mağara düşərgəsi və çox sayda mağaralar yerləşir. Ərazidə ilk dəfə 1953–1957-ci illərdə arxeoloq M.Hüseynov tərəfindən arxeoloji qazıntılar aparılıb və Avey dağında Daş dövrünə aid 30-a yaxın mağara aşkar edilib, buradan iki minə yaxın alət tapılıb. 2015-ci ildə Yaponiyanın Tokio Universiteti Muzeyi, AMEA-nın indiki Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və “Avey” qoruğu arasında memorandum imzalanıb. Sənədə əsasən, yaponiyalı və azərbaycanlı mütəxəssislər tərəfindən bu ərazilərdə arxeoloji tədqiqatlar davam etdirilir. Tovuz rayonuna səfər zamanı ilk olaraq bu qəbildən dünyada ilk muzeylərdən olan Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinə baxış keçirilib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən yaradılan və dövlət başçısının iştirakı ilə istifadəyə verilən müasir standartlara uyğun muzeydə Azərbaycan aşıq sənətinin keçmişini və bugünkü vəziyyətini əks etdirən qiymətli eksponatlar nümayiş olunur. Sonra Tovuz Dövlət Rəsm Qalereyası, rayon Tarix-Diyarşünaslıq Muzeyi, MKS və 1 nömrəli Qovlar şəhər kitabxana filialı, Heydər Əliyev Mərkəzi, aşıq Əkbər Cəfərov adına rayon Mədəniyyət Mərkəzi, Qovlar şəhər və Düz Qırıqlı kənd folklor evləri, aşıq Əsəd Rzayev adına Uşaq musiqi məktəbi və Qovlar şəhər Uşaq musiqi məktəbi ilə də tanışlıq olub. Qeyd edilib ki, bədii təhsil ocaqları ilə mədəniyyət müəssisələrinin uğurlu əməkdaşlığına nail olunmalı, effektiv birgə fəaliyyətin qurulması diqqətdə saxlanılmalıdır.  Ölkə başçısının tapşırığı ilə yenidən qurulan, müasir standartlara cavab verən Nizami Gəncəvi adına Tovuz rayon Mədəniyyət evinə də baxış olub. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi və canlandırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Sonra Şəmkir rayonuna gələn nümayəndə heyəti Əhməd Cavad adına Mədəniyyət Mərkəzi, Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq musiqi məktəbi, Alman Lüteran kilsəsi, MKS və onun Uşaq şöbəsi, Mahir Aslanov adına Düyərli kənd kitabxana filialı, Zəyəm qəsəbə kitabxana filialı və Zəyəm qəsəbə Mədəniyyət evinə baxış keçirib. Müəssisələrin maddi-texniki imkanları, cari vəziyyəti və fəaliyyət istiqamətləri haqqında məlumat verilib. Qeyd olunan bölgələrə səfər zamanı monitorinq qrupu keçmiş dövrlərdən qalmış, bu günün çağırışlarına cavab verməyən bir sıra infrastruktur obyektlərinə baş çəkib. Heyət tərəfindən qeydlər aparılıb, müvafiq tapşırıqlar verilib. Musiqi məktəblərinə baxış zamanı müəllim kollektivi və şagirdlərlə görüş olub. Musiqi təhsili ocaqlarında istedadlı, yaradıcı potensiallı uşaqların olduğu müəyyən edilib, onların bacarıqlarının qiymətləndirilməsi və tanıdılmasının vacibliyi diqqətə çatdırılıb. Bundan əlavə, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Uşaq İncəsənət Festivalının nominasiyalar üzrə regionların hansı mədəniyyət müəssisələrində təşkil ediləcəyi də nəzərdən keçirilib. Rayonlarda mədəniyyət müəssisələrində mövcud problemlərin aradan qaldırılması, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib. ..
11.03.2023 11:51
Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Bəstəkarlar İttifaqının kollektivi ilə görüşübMədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli martın 10-da Azərbaycan Bəstəkarlar İttifaqında qurumun kollektivi ilə görüşüb. Adil Kərimli mədəniyyətimizin dayanıqlı inkişafı məqsədilə həyata keçirilən islahatlardan danışıb, görüşün əsas məqsədinin qurumun rəhbərliyi ilə fikir mübadiləsi aparmaq, sahələr üzrə onların təkliflərini dinləmək olduğunu bildirib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin mədəniyyət sahəsinin inkişaf etdirilməsi istiqamətindəki tapşırıqlarına uyğun olaraq yeni strategiya hazırlanır. Buna uyğun olaraq  yeni forma və yeni struktur mexanizmləri yaradılacaq. Əsas iş həm də bu sahədə ixtisaslı kadrların artırılmasına diqqət etməkdir. Qeyd olunub ki, milli-mənəvi dəyərlər, mədəni irsimizə münasibətdə müəyyən boşluqlar var. Bu baxımdan peşəkar, yaradıcı sahələrə dəstək verilməlidir və  ölkədəki yaradıcı birliklərin əməkdaşlığı önəmlidir. Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə qurumun fəaliyyəti, ənənələri barədə məlumat verib.  İttifaqın üzvləri bəstəkarlıq sahəsində problemlər və perspektivlərlə bağlı fikirlərini bölüşüblər. ..
10.03.2023 18:16
Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Teatr Xadimləri İttifaqında olub10 mart ölkəmizdə Milli Teatr Günüdür. Bu gün eyni zamanda Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 150 illiyi tamam olur.  Bu münasibətlə mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbərliyi ilə görüşüb. Milli Teatr Günü ilə əlaqədar kollektivə xoş arzularını çatdıran Adil Kərimli ittifaqın inzibati binası və yaradıcı proseslə tanış olub.  Görüş zamanı qurumun fəaliyyəti və iş prinsipləri, həyata keçirilən layihələr barədə məlumat verilib. ATXİ-də görülən işlər, teatr tarixi, müasir teatr prosesləri, bu sahədəki çətinliklərin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb. ..
10.03.2023 13:30
UNESCO-nun rəsmi sosial şəbəkələrində Hacı Zeynalabdin Tağıyev haqqında məlumat paylaşılıbUNESCO-nun rusdilli auditoriya üçün nəzərdə tutulan rəsmi “Twitter”, “Instagram“ və “Facebook” hesablarında xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 200 illiyi ilə bağlı paylaşım edilib. Paylaşımda Hacı Zeynalabdin Tağıyevin müsəlman Şərqində ilk qızlar məktəbinin və Azərbaycan milli teatrının yaradıcısı olduğu bildirilib.    Paylaşılan məlumatda xeyriyyəçinin “Bir kişiyə təhsil versən təhsilli bir insan, qadına təhsil versən təhsilli bir millət qazanarsan” fikirləri də yer alıb. ..
10.03.2023 09:07
Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon keçiriləcək10 mart Milli Teatr Günüdür. Bu gün Azərbaycan peşəkar milli teatrının 150  yaşı tamam olur. 1873-cü ildə qədim tarixə malik xalq teatrı ənənələri üzərində, milli dramaturgiyanın banisi Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının tamaşası ilə  əsası qoyulan peşəkar teatr sənətimiz bu illər ərzində zəngin inkişaf yolu keçib. Azərbaycanda peşəkar milli teatrın yubileyi ilk dəfə dövlət səviyyəsində, böyük təntənə ilə yarım əsr öncə mədəniyyətimizin böyük himayədarı Heydər Əliyevin rəhbərliyi ilə qeyd edilib. Teatrımızın 100 illik yubileyində dərin məzmunlu nitq söyləyən Ulu öndər milli teatr sənətinin inkişafına xüsusi diqqət və qayğı göstərib. Ümummilli liderin respublikamıza rəhbərliyinin hər iki dövründə bu istiqamətdə mühüm qərarlar qəbul olunub, teatr xadimlərinin yaradıcılıq nailiyyətləri dövlət tərəfindən qiymətləndirilib. Teatr sənətinə diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısı 3 fevral 2023-cü il tarixində Azərbaycan teatrının 150 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edildiyi kimi, teatr xalqımızın mədəni sərvətidir və onun qorunması, inkişaf etdirilməsi dövlətin mədəniyyət siyasətinin əsas prioritetlərindən biridir. Əlamətdar yubiley münasibətilə müxtəlif tədbirlər, layihələr həyata keçirilir. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 10 mart – Milli Teatr Günündə ölkəmizin televiziya kanallarının iştirakı ilə keçiriləcək telemarafon isə bütün teatrsevərlərə xoş bir sürpriz olacaq. Gün ərzində televiziya kanallarında teatrların fəaliyyətinə nəzər salınacaq, tamaşalar nümayiş olunacaq, ömrünü Azərbaycan səhnəsinə həsr edən sənətkarların fikir və düşüncələri təqdim ediləcək. Bir sözlə, bu gün Azərbaycanın televiziya məkanında əsl teatr rüzgarı əsəcək. ..