Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
19.12.2022 13:24
Şuşa mədəniyyətinin inciləri: Qasım bəy ZakirMədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Qasım bəy Zakirə həsr olunub. Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində anadan olub. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir. Zakirin satirasında ən amansız tənqid olunanlar gücsüzlərin və acizlərin hüquqlarını tapdalayanlardır. Onun müxtəlif mövzularda yazılan “Məlikzadə və Şahsənəm“, “Əmirzadə, məşuq və cavan aşiq“, “Aşiqin təam bişirməyi“, “Aşiq və məşuq haqqında“, “Zövci-axər“, “Tərlan və elçi“, “Dəvəsi itən kəs“, “Dərviş ilə qız“, “Həyasız dərviş“, “Əxlaqsız qazı“, “Xalqa vəz deyən, özü fisqü fücurdan çıxan biəməl alim“ kimi mənzum hekayələri vardır. Zakirin mənzum hekayələrində məhəbbət insanın ülvi və nəcib hissi kimi təsvir olunur. Zakirin realist yaradıcılığında təmsillərinin əhəmiyyəti müstəsnadır.  “Aslan, Qurd və Çaqqal“, “Dəvə və Eşşək“, “Tülkü və Qurd“, “Xain yoldaşlar haqqında“, “İlan, Dəvə, Tısbağa“, “Tülkü və Şir“, “Sədaqətli dostlar haqqında“, “Tısbağa, Qarğa, Kəsəyən, Ahu“ adları ilə təmsili çap olunub. Zakir təmsillərini yazarkən birinci növbədə şifahi xalq yaradıcılığında geniş yayılan təmsillərdən və məşhur hind abidəsi “Kəlilə və Dimnə“ əsərindən, həmçinin klassik poeziyadakı təmsillərdən, Nizami, Cəlaləddin Rumi, Füzuli təmsillərindən də istifadə edib. O, 1857-ci ildə Şuşada vəfat edib və şəhərin Mirzə Həsən qəbirstanlığında dəfn edilib. ..
13.12.2022 15:04
Şuşada qış fəslindən fotoları lentə alacaq sonuncu fotoqraf ölkəmizdə səfərdədirXəbər verdiyimiz kimi, “Şuşa ili” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə “4 seasons of Shusha” adlı beynəlxalq fotoqrafiya layihəsi keçirilir. Layihədə iştirak edən dünyaca məşhur fotoqraflar Şuşa şəhərinə səfərlər edir və hər fəsil üzrə fotoqraflar tərəfindən Şuşanın fotoşəkilləri lentə alınır. Layihə Almaniya, Türkiyə, Finlandiya və İsveçrənin tanınmış fotoqraflarının iştirakı ilə reallaşır. Hüseyn Taşkın (Türkiyə), Reto Guntli (İsveçrə) və Tiina İtkonen (Finlandiya) bu beynəlxalq layihədə iştirak edərək müvafiq olaraq yaz, yay və payız fəsillərindən fotoları lentə alıb. Şuşada qış fəslindən fotoları lentə alacaq növbəti fotoqraf Fabian Weiss (Almaniya) isə hazırda ölkəmizdə səfərdədir. O, cari ilin 13-16 dekabr tarixlərində Şuşanı ziyarət edəcək. Azərbaycana səfəri çərçivəsində dekabrın 12-də xarici fotoqraf ilə Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva arasında görüş keçirildi, “4 seasons of Shusha” layihəsinin məqsədi və gözləntilər barədə fikir mübadiləsi aparıldı. Qeyd edək ki, xarici fotoqrafların Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri ilə yaxından tanış olmaları və qısa bir müddət Şuşada yaşamaları onlarda bu ecazkar şəhər haqqında tam təsəvvür yaranmasına səbəb olacaq. Azərbaycana dəvət olunan bu mütəxəssislərin çəkdiyi fotoşəkillər onların Şuşa barədə təəssüratlarının tərənnümü olacaq. Layihənin sonunda çəkilən fotoşəkillərdən ibarət kitab-kataloq nəşr olunacaq və həm Azərbaycanda, həm də fotoqrafların öz ölkələri və dünyanın digər müxtəlif ölkələrində sərgilər təşkil ediləcək. ..
13.12.2022 09:40
“Şuşa mədəniyyətinin inciləri”: Yusif Vəzir Çəmənzəminli“Şuşa İli” münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi davam edir. Layihənin “Şuşanın ədəbi həyatı” bölməsi üzrə növbəti təqdimat Yusif Vəzir Çəmənzəminliyə həsr olunub. XX əsr Azərbaycan ictimai-siyasi fikir tarixinin ən parlaq nümayəndələrindən biri olan Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Şuşa şəhərində anadan olub. İlk təhsilini Şuşada Molla Mehdinin məktəbində alıb. 1896-ci ildə Şuşa realnı məktəbinə daxil olub. Həmin illərdə əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində “Fokusnik“ adlı aylıq yumoristik jurnal çıxarıb. 1910-cu ildə Bakı realnı məktəbini bitirən gənc yazıçı Kiyev şəhərindəki Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olur. Bu dövrlərdə Yusif Vəzir uşaqlar üçün yazdığı və əsasını xalq nağıllarından götürdüyü məşhur “Məlik Məmməd“ nağılını qələmə alır. O, “Çəmənzəminli“ təxəllüsündən 1911-ci ildən istifadə etməyə başlayıb və bu adla tanınıb. 1912-ci ildə Kiyevdə, 1919-cu ildə İstanbulda müxtəlif vəzifələrdə çalışıb. Bu dövrlər ərzində də ədəbi yaradıcılığını uğurla davam etdirib. Vətəninə qayıdan Yusif “Bakı işçisi“ nəşriyyatında şöbə redaktoru, daha sonra Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil işləyir, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, müxtəlif institutlarda rus dilindən dərs deyir. 1938-ci ildə Yusif Vəzir Özbəkistanın Urgənc şəhərindəki Pedaqoji İnstitutda baş müəllim və eyni zamanda institut kitabxanasına müdir təyin olunub. 1940-cı ildə həbs edilərək Bakıya gətirilib. Altı aya yaxın Keşlə qəsəbəsindəki həbsxanada saxlanıldıqdan sonra Nijni Novqorod vilayətindəki həbs düşərgəsinə göndərilib. Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvarın 3-də dustaq olduğu həbs düşərgəsində vəfat edib və Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunub. 1956-cı ildə bir çox digər repressiya qurbanları kimi Yusif Vəzirə də bəraət verilib. ..
09.12.2022 14:17
“Şuşa yaradıcılıq emalatxanası” layihəsinə yekun vurulduMədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə cari ilin 28-30 avqust tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yaradıcı sahənin təmsilçiləri ilə “Şuşa yaradıcılıq emalatxanası” adlı layihə həyata keçirilib. “Şuşa İli” çərçivəsində gerçəkləşən layihədə müxtəlif peşə istiqamətləri üzrə Azərbaycandan və Türkiyədən olan yaradıcı insanlar Şuşada bir araya gəldilər. Üç gün ərzində Şuşa ilə yaxından tanış olan 20-dən artıq bəstəkar, musiqişünas, yazıçı, oymaçı, misgər, fotoqraf və digər sənət sahibləri səfər təəssüratı altında uyğun istiqamətlər üzrə əsərlər, əl işləri yaradıblar. Dekabrın 8-də Beynəlxalq Muğam Mərkəzində layihənin yekun tədbiri keçirildi. İlk olaraq qonaqlar mərkəzin foyesində emalatxana iştirakçılarının yaratdıqları bədii yaradıcılıq nümunələri ilə tanış oldular. Burada sənətkarların Şuşadan ilhamlanaraq ərsəyə gətirdiyi əl işləri sərgilənirdi. Nəzər Əliyevin misgərlik, Şəhla Əsgərovanın bədii tikmə, Humay Abdullayevanın keramika, Tofiq Əliyevin oyma, Sevinc Əliyevanın ebru və Orxan Əzimin fotoqrafiya işləri böyük maraqla qarşılandı. Sonra tədbir mərkəzin zalında davam etdi. Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Əməkdar incəsənət xadimi, musiqişünas, layihənin iştirakçısı Zümrüd Dadaşzadə emalatxananın əhəmiyyətindən söz açdı. Bildirdi ki, layihənin məqsədi tarixi və əzəli torpaqlarımızda otuz ilə yaxın sürən işğal dövründə törədilmiş barbarlıq, dağıdılmış abidələrimiz haqqında ictimaiyyəti daha geniş məlumatlandırmaq, mədəni irsimiz, zəngin tariximiz və ənənələrimizi layihəyə qatılan yaradıcı insanların təqdim edəcəyi əsərlər vasitəsilə təbliğ etməkdir. Emalatxana iştirakçılarının ərsəyə gətirdiyi əsərləri yüksək dəyərləndirən Z.Dadaşzadə Türkiyədən olan blogerlərin də dolğun reportajlar etdiyini bildirdi: “Bu gün Şuşa bərpa olunur, şəhər göz önündə dirçəlir. Biz səfərimiz zamanı şəhərin dağıntılarını da, bərpasını da eyni anda izləyirdik və bu həm kədərli, həm də qürurverici idi. Şuşada xüsusi bir gözəllik var. Bülbülün evi təmir edilib, Üzeyir bəyin evi təmir prosesindədir. Biz Şuşanı gəzərkən dahiləri yad edirdik. İnanırıq ki, Şuşa haqqında hələ neçə-neçə əsərlər yaranacaq. Bunlar həm lirik, həm də optimist ruhlu əsərlər olacaq. Layihənin təşkilinə görə Mədəniyyət Nazirliyinə bütün iştirakçılar adından təşəkkür edirəm”. Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vüqar Məmmədov çıxışında təqdim olunan əsərləri gördükdən, dinlədikdən sonra hər kəsin muğam-sənət beşiyimiz Şuşaya bir qədər də fərqli gözlə baxacağına əminliyini qeyd etdi: “Çünki bu əsərlər gözəl Şuşa haqqında həzin, isti və fərqli təəssüratlar yaradır. Sənət adamları Şuşaya öz duyğuları və hissləri ilə yanaşıblar. İnanıram ki, layihənin davamı olacaq. Bütün iştirakçılara uğurlar arzulayıram”. Sonda emalatxana iştirakçılarının Şuşada olarkən lentə aldıqları videoçarx, türk youtuber Kerem Gök tərəfindən hazırlanan videoreportaj nümayiş olundu. Bəstəkarlar Əməkdar İncəsənət xadimi Ceyhun Allahverdiyevin “Vida adajiosu” (solist Özcan Cabbari), Vüqar Məmmədzadənin “Adajio”, Xalq artisti Sərdar Fərəcovun “Elegiya”, Könül Hüseynovanın “Qoruyaq dünyamızı” (sözləri Xalq şairi Vahid Əzizindir) (solistlər Xalq artisti Gülnaz İsmayılova, Atəş Qarayev, Babək Şuşalı)  əsərləri Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (bədii rəhbər və baş dirijor: Xalq artisti Fəxrəddin Kərimov) tərəfindən ifa edildi. Həmçinin Xalq artisti Salman Qəmbərov və ifaçı Firidun Həmidovun caz kompozisiyası da maraqla qarşılandı. Tədbir gənc şair Rəvan Cavidin “Şuşaya” şeiri (qiraətçi Hüseynağa Aslanov) və xanəndələr Babək Şuşalı, Gülzar Fərəcova, Ariz Hüseynovun ifasında  (tarda Zəki Vəliyev, kamançada Əməkdar artist Rauf İslamov, nağarada Cavidan Nəbiyev)  “Qarabağ şikəstəsi”nin səslənməsi ilə başa çatdı. Tədbirdə qonaq qismində incəsənət nümayəndələri, qazi və şəhid ailələri, Şuşa mədəniyyət işçiləri iştirak ediblər. ..
05.12.2022 15:01
“Şuşa mədəniyyətinin inciləri”: Rəşid BehbudovMədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Azərbaycan musiqisinin məbədi – Şuşa” bölməsinin növbəti təqdimatı Rəşid Behbudova həsr olunub. Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib. Əslən Şuşalıdır. 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan“ filmində baş rola dəvət alır. 1946-1956-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək oranın solisti və bədii rəhbəri olub. Dahi sənətkar 1989-cu il iyunun 9-da vəfat edib. ..
05.12.2022 10:26
"Şuşa – Zirvədən uca" və "Şuşa – Qarabağın ulduzu" kitablarının təqdimatı keçirilib  “Şuşa İli” münasibətilə Mədəniyyət Nazirliyi və “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə “İrs” Nəşriyyat evi tərəfindən “Şuşa – Zirvədən uca“ və “Şuşa – Qarabağın ulduzu“ kitabları çap olunub. Dekabrın 2-də Beynəlxalq Muğam Mərkəzində yeni nəşrlərin təqdimatı keçirilib. Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov kitabların tarixi-mədəni əhəmiyyətini yüksək qiymətləndirib. Deyib ki, Şuşa şəhəri Azərbaycan üçün, onun mədəniyyəti üçün olduqca əhəmiyyətli və müqəddəsdir: “Qarabağımız, Şuşamız Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Ordumuzun qanı-canı bahasına azad edildi. Azərbaycanın mədəniyyət paytaxtı kimi Şuşanın tarixi-mədəni zənginliklərinin kitablarda, kataloqlarda əksini tapması böyük əhəmiyyət kəsb edir. Çünki Şuşanın hər küçəsi bir tarix, bir rəmzdir”. Nazir bildirib ki, Azərbaycan 44  günlük Vətən müharibəsində qalib gəlsə də, informasiya sahəsində müharibə davam edir: “Ona görə də Qarabağa, Şuşaya qayıdışımızı, azad edilmiş ərazilərimizin mədəniyyətini və tarixini bu qəbildən nəşrlər vasitəsilə dünyaya çatdırmalıyıq. Bu gün möhtərəm Prezidentimizin bilavasitə rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə böyük bərpa və quruculuq işləri həyata keçirilir. Dövlətimiz nəinki məscidləri, eləcə də kilsələri bərpa edir. Bu da dünyaya mühüm bir mesajdır”. 28 illik işğal illərində də Şuşaya həsr edilən kitabların nəşr olunduğunu diqqətə çatdıran Anar Kərimov həmin kitabların psixoloji cəhətdən ağır təsir bağışladığını bildirib: “Bu gün yeni işıq üzü görən kitabları isə qürurla, sevinclə təqdim edirik. Çünki əzəli torpaqlarımız artıq azaddır. Kitabların rus və ingilis dilləri ilə bərabər türk dilində də çap olunması qardaş Türkiyədə Şuşa haqqında təsəvvürlərin dərinləşməsinə öz töhfəsini verəcək”. Kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirən nazir “İrs” Nəşriyyat evinin rəhbəri Musa Mərcanlıya Mədəniyyət Nazirliyi tərəfindən təsis olunan “Şuşa – 270“ xatirə nişanını təqdim edib. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli kitabları “Şuşa İli“nə layiqli töhfə kimi qiymətləndirib. Deyib ki, kitabları Şuşanın tarixi pasportu da adlandırmaq olar: “Nəşrlərdə Şuşanın tarixi, mədəni zənginlikləri özünü göstərməkdədir. Həmçinin burada şəhərin Azərbaycan elminə, incəsənətinə bəxş etdiyi şəxsiyyətlər haqqında dəqiq məlumatlar yer alıb. Sevindirici haldır ki, biz Azərbaycan rəssamlarının ictimaiyyətə az məlum olan Şuşaya həsr etdikləri əsərlərini də bu kitabda görə bilirik. Bu mənada, kitablar həm də Şuşanın rəngli ensiklopediyası sayıla bilər”. “İrs” Nəşriyyat evinin rəhbəri Musa Mərcanlı diqqətə çatdırıb ki, doqquz ildir fəaliyyət göstərən nəşriyyat bu silsilədən 19-cu kitabını təqdim edir. Kitab daha çox xarici auditoriya üçün nəzərdə tutulub. Düşmənlərimizlə informasiya savaşının davam etdiyi bir vaxtda belə kitabların nəşri çox önəmlidir. “PAŞA Həyat Sığorta“ ASC İdarə Heyətinin sədri Niyaz İsmayılov bildirib ki, 10 ildir fəaliyyət göstərən qurum artıq 13-cü kitaba dəstək olur. Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Şuşa ilə bağlı xatirələrini bölüşüb, nəşrlərin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıq edib. Çıxışlardan sonra təqdimat mərasimi bədii hissə ilə davam edib. Konsert proqramında Beynəlxalq Muğam Mərkəzinin solistləri tərəfindən Azərbaycan bəstəkarlarının Qarabağ və Şuşaya həsr olunan əsərləri səsləndirilib. Qeyd edək ki, kitablarda Şuşa şəhərinin qədim tarixi, mədəni həyatı, abidələri, işğal dövründə dağıntılara məruz qalması və azadlığa qovuşması faktlar və fotolarla təqdim olunur. ..
21.11.2022 12:56
“Şuşa mədəniyyətinin inciləri”: maestro NiyaziMədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı maestro Niyaziyə həsr olunub. Dünyaşöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Zülfüqar oğlu Tağızadə–Hacıbəyov 1912-ci ildə avqustun 20-də Tbilisi şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan oluub. Əslən Şuşalıdır. O, Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin kantata və oratoriyalarının ilk ifaçısı olmaqla yanaşı, bu əsərlərin təqdimatında özünəməxsus orijinal ifaçılıq üslubu yaradıb. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması onun adı ilə bağlıdır. Xosrov və Şirin“ operasının (1942), “Çitra“ baletinin (1961), “Zaqatala süitası“ (1934), “Qaytağı“ (1939), “Konsert valsı“ simfonik əsərlərinin, “Rast“ simfonik müğamının (1949) “1920-ci ildə“ opera-kantatasının, simfonik orkestr üçün “Rəqs süitası“nın, Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı “Çitra“ baletininin (1962) və sairə musiqi əsərlərinin müəllifidir. Niyazi Z. Hacıbəylinin “Aşıq Qərib“, Ü. Hacıbəylinin “Arşın mal alan“ və s. əsərlərinin yeni redaksiyalarını hazırlayıb, Azərbaycan xalq mahnılarını (“Xumar oldum“, “Qaragilə“, “Ay bəri bax“, “Küçələrə su səpmişəm“ və s.) simfonik orkestr üçün işləyib, 1935-ci ildə “Rast“ və “Şur“ muğamlarını nota salıb. Niyazi 1934-cü ildə “Zaqatala süitası“nı yazıb, 1944-cü ildə iki hissəli “Qəhrəmanlıq“ simfoniyası üzərində işini bitirib. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynayıb. İfaçılıq sənəti tanınmış sənətkarlar D. Şostakoviç. Ş. Q. Şarayev, K. Sekki, B. Tarcan, V. Dobiaş və b. tərəfindən yüksək qiymətləndirilən Niyazi Azərbaycana qayıdaraq Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin edilib. Niyazinin “Konsert valsı“ və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur. O, “Təbrizim“, “Dağlar qızı“, “Vətən haqqında mahnı“, “Arzu“ mahnılarının müəllifidir. Niyazi Ə. Haqverdiyevin “Dağılan tifaq“, C. Cabbarlının “Almas“, S. Vurğunun “Vaqif”, A. Korneyçukun “Polad qartal“ dram tamaşalarına, həmçinin “Almas“, “Kəndlilər“, “Fətəli xan“ və s. kinofilmlərə yazılan musiqilərin müəllifidir. Niyazi 1984-cü ildə avqustun 2-də Bakı şəhərində vəfat edib.  ..
14.11.2022 15:29
“Şuşa mədəniyyətinin inciləri”: Cabbar QaryağdıoğluMədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Muğam ocağı – Şuşa” bölməsi üzrə növbəti təqdimat Cabbar Qaryağdıoğluya həsr olunub. Xanəndə, bəstəkar, musiqi xadimi Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada Seyidli məhəlləsində anadan olub. Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri idi.   Cabbar Qaryağdıoğlunun səsi güclü dramatik-tenor tipli səs idi. O, bu güclü və əzəmətli səsi ilə son dərəcə lirik-minor ruhlu muğam sayılan “Segah“ı olduqca həzin və yumşaq, eyni zamanda, yanıqlı səsləndirməklə adamda elə təsəvvür yaradırdı ki, muğamı dramatik tenor yox, lirik tenor oxuyur.  Azərbaycanda opera sənətinin meydana gəlməsində də onun rolu böyükdür. Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olub. Onun “Şahnaz“ı, “Qatar“ı, “Heyratı“sı musiqi xəzinəmizin ən qiymətli inciləridir. Cabbar Qaryağdıoğlu Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olub. 1934-cü il mayın 30-da Tiflisdə Cənubi Qafqaz xalqlarının incəsənət olimpiadasında Cabbar Qaryağdıoğlu qeyri-adi sənətkarlıq və saflığı ilə fərqlənən ən yaxşı çıxışına görə birinci yerə layiq görülüb və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin birinci dərəcəli Fəxri fərmanı ilə təltif edilib. 1936-cı il martın 31-də M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının binasında Cabbar Qaryağdıoğlunun anadan olmasının 75 illiyi təntənəli surətdə qeyd edilib. 1938-ci ildə isə Cabbar Qaryağdıoğlu uzun illər səmərəli yaradıcılıq fəaliyyətinə və musiqi mədəniyyətimizin inkişafındakı ölməz xidmətlərinə görə “Şərəf nişanı” ordeni ilə təltif edilib. Cabbar Qaryağdıoğlunun fonovalikə köçürülən 50 xalq mahnısı 1938-ci ildə Azərbaycan musiqisini öyrənən elmi tədqiqat kabineti tərəfindən “Azərbaycan xalq nəğmələri“ başlığı altında ayrıca kitab şəklində çap edilib. ..
31.10.2022 11:41
“Şuşa mədəniyyətinin inciləri”: Süleyman Sani AxundovMədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Süleyman Sani Axundova həsr olunub. Süleyman Sani Axundov dramaturq, jurnalist, uşaq yazıçısı və pedaqoq kimi tanınır. Onun əsərləri bu gün də böyük maraqla oxunur.  Azərbaycan dramaturqu, nasir, maarif xadimi S.S.Axundov 1875-ci il oktyabrın 3-də Şuşa şəhərində anadan olub. 1885-1894-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil aldıqdan sonra III dərəcəli rus-tatar məktəbində müəllim işləyib. 1920-1921-ci illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922-1930-cu illərdə Bakıda məktəb müdiri vəzifələrində çalışıb. 1922-ci ildə Azərbaycan “Ədib və Şairlər” İttifaqının ilk sədri seçilmiş ədib ədəbi və pedaqoji fəaliyyətinə görə 1932-ci ildə “Əmək qəhrəmanı“ adına layiq görülüb. 1921-1930-cu illər ərzində, keçmiş sovetlər ittifaqında Bakı Sovetinin üzvü olsa da, ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olub, yazıçı, jurnalist kimi tanınıb. Onun XX əsr Azərbaycan uşaq ədəbiyyatının inkişafında böyük xidmətləri olub. İlk əsəri “Tamahkar“ komediyasi ilə tanınmış yazıçı bu əsərini böyük dramaturq Mirzə Fətəli Axundzadənin “Hacı Qara“ əsərinin təsiri ilə qələmə alıb. Bundan başqa, yazıçı “Dibdat bəy“, “Türk birliyi“ komediyalarının, “Laçın yuvası“, Qaranlıqdan işığa“, “Şahsənəm və Gülpəri“, “Səadət zəhmətdədir“, “Molla Nəsrəddin Bakıda“, “Eşq və intiqam“ kimi pyeslərin və bir sıra uşaq əsərlərinin də müəllifidir. Bir nasir kimi 1905-ci ildə yazdığı “Qonaqlıq“, “Kövkəbi-hürriyyət“, “Yuxu“ kimi hekayələri də müəllifin maraqlı hekayələrindəndir. O, 1912-1914-cü illərdə “Qorxulu nağıllar” adı altında “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” hekayələrini yazıb. Bu hekayələrdə valideynlərini itirmiş uşaqların acı taleyindən söhbət açılır. Onun XX əsr Azərbaycan uşaq ədəbiyyatının, inkişafında böyük xidmətləri var. 1920-ci ildən sonra yazdığı əsərlərdə də geriliyi və mühafizəkarlığı tənqid edən Süleyman Sani Axundov 1939-cu il martın 29-da vəfat edib. ..