Metronun “Nəriman Nərimanov” stansiyasında “Azərbaycanın görkəmli rəssamları” adlı sərgi açılıb
Metronun “Nəriman Nərimanov” stansiyasının keçidlərində “Azərbaycanın görkəmli rəssamları” adlı sərgi açılıb.
Dekabrın 20-də “Bakı Metropoliteni” QSC və Azərbaycan Milli İncəsənət Muzeyi “Bravo” supermarketlər şəbəkəsinin dəstəyi ilə “Nəriman Nərimanov” stansiyasında “MetroGallery” layihəsi çərçivəsində Azərbaycanın görkəmli rəssamlarının əsərlərinin reproduksiyalarından ibarət sərgi təşkil edib.
Sərnişinləri Azərbaycanın təsviri sənət antologiyası ilə tanış etmək üçün sərgidə muzeyin kolleksiyasından XVII əsrdən günümüzə qədərki dövrə aid 85 boyakarlıq və qrafik əsərin reproduksiyaları təqdim olunur. Altı ay müddətində davam edəcək sərgidə metro sərnişinləri Azərbaycanın təsviri sənət tarixində önəmli yer tutan Mirzə Qədim İrəvani, Əzim Əzimzadə, Tağı Tağıyev, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Səttar Bəhlulzadə, Tahir Salahov, Çingiz Fərzəliyev və başqa rəssamların yaradıcılığından nümunələrlə tanış olmaq imkanı əldə edəcəklər.
Sərginin açılışında “Bakı Metropoliteni” QSC-nin xidmət şöbəsinin rəisi Lalə Babayeva, mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov, Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov, Milli İncəsənət Muzeyinin innovasiya şöbəsinin rəisi Səbinə Ağamirova, İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin rəhbəri Rafael Gülməmmədli iştirak edib.
Sərgini açıq elan edən Bəxtiyar Məmmədov bu layihənin “Bakı Metropoliteni” QSC-nin Milli İncəsənət Muzeyi ilə əməkdaşlığının ilk ictimai töhfəsi olduğunu iştirakçıların diqqətinə çatdıraraq, milli incəsənətimizin incəliklərinin təbliğinin genişləndirilməsində bu sərginin böyük rol oynayacağını qeyd edib. O bildirib ki, əsərlərlə ətraflı tanışlığı sərgini tərk etdikdən sonra da şəkil üzərindəki kod vasitəsilə virtual şəkildə izləmək mümkündür. Bunun üçün smartfon və planşetlərə “QR-code” proqramını yükləmək lazımdır.
Muzeyin innovasiya şöbəsinin rəisi Səbinə Ağamirova bildirib ki, sərgidə muzeyin kolleksiyasından XVII əsrdən günümüzə qədər olan dövrə aid əsərlər təqdim edilib. Bu dəfə metropolitenlə əməkdaşlıq sayəsində bu nadir sənət inciləri ilə bir məkanda tanış olmağın əla fürsət olduğunu qeyd edərək, incəsənət üçün metrodan istifadə edənlərin sayının daha çox olacağına əminliyini ifadə edib.
İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin rəhbəri Rafael Gülməmmədli ölkədə mədəniyyətin günü-gündən daha da inkişaf etdiyini və bu zəmində, layihənin əsas məqsədinin Azərbaycanın görkəmli rəssamlarının əvəzolunmaz sənət dünyası ilə paytaxt sakinlərini və şəhərimizin qonaqlarını yaxından tanış etmək olduğunu söyləyib, təşkilatçılara təşəkkürünü bildirib.
Daha sonra açılış mərasiminin iştirakçıları sərgi ilə tanış olublar.
Sərginin daha bir özəlliyi muzey bələdçilərinin hər kəsi maraqlandıran mövzulara peşəkarcasına yanaşmasıdır. Bələdçilər Səbinə Məlikova, Nərgiz Ramazanova, Vəsilə Qəhrəmanova əvvəlcə sərgi iştirakçılarına Azərbaycan rəssamları, onların sənət dünyası barədə ətraflı məlumat verərək, nümayiş etdirilən əsərlər haqqında iştirakçıların suallarını cavablandırıblar.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin “MetroGallery” layihəsi çərçivəsində keçirdiyi sosial aksiyalar sırasında “Dünya rəssamları” sərgisi, talassemiyalı uşaqlara yardım məqsədilə uşaqların rəsm əsərləri, Azərbaycan filmlərinə həsr olunmuş və Azərbaycanda Xəzər dəniz Gəmiçilik tarixinin 160 illiyini əks etdirən fotosərgilər də yer alıb.