Azərbaycan mədəniyyətinə ağır itki üz verib.Tanınmış kino rəssamı, Xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Rafiq Nəsirov 29 noyabr 2024-cü il tarixində, 78 yaşında vəfat edib. Rafiq Əliş oğlu Nəsirov 4 avqust 1947-ci ildə Sabirabad şəhərində anadan olub. 1964-cü ildə Politexnik Texnikumunun Memarlıq fakültəsini, 1969-cu ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Memarlıq şöbəsini bitirib.
1969-cu ildə “Azərbaycanfilm” kinostudiyasında memar kimi əmək fəaliyyətinə başlayıb. Daha sonra kino rəssamlığı üzrə işləyib. “Azərbaycanfilm”də müxtəlif illərdə istehsal olunmuş “Bədbəxtliyin astanasında”, “Yeddi gözəl”, “Əzablı yollar”, “Musiqili xaş”, “Bəyin oğurlanması”, “Cin mikrorayonda”, “Qəm pəncərəsi”, “Şeytan göz qabağında”, “Yaramaz”, “Sahilsiz gecə”, “Bəxt üzüyü”, “Qəzəlxan”, “Nakəs”, “Həm ziyarət, həm ticarət”, “Yük”, “Otel otağı”, “Sarı gəlin”, “Cavad xan”, “Nə gözəldir bu dünya”, “Ovsunçu”, “Küçələrə su səpmişəm”, “Məhkumlar”, “Biz qayıdacağıq”, “Günaydın, mələyim”, “Yarımçıq xatirələr”, “Dolu”, “Mərmər soyuğu” və s. filmlərin quruluşçu rəssamı olub.
Rafiq Nəsirov eyni zamanda Rusiyada lentə alınan bir sıra teleseriallara da bədii tərtibat verib, Polşa və Fransa kinematoqrafçıları ilə əməkdaşlıq edib. Sənətkarın yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, o, 2000-ci ildə “Əməkdar rəssam”, 2007-ci ildə “Xalq rəssamı” fəxri adlarına, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə isə 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq rəssamı Rafiq Nəsirovun vəfatı ilə əlaqədar sənətkarın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin.