Şuşada keçirilən Beynəlxalq Sahibkarlar Forumu maraqlı mövzulara həsr olunan panel sessiyalarla davam edir
BMT-nin İnkişaf Proqramında (BMTİP) innovasiyalar üzrə məsləhətçi Leyla Seyidzadənin moderatorluğu ilə gerçəkləşən forumun I panel sessiyası “Sahibkarlıq vasitəsilə qadınların səlahiyyətlərinin artırılması: rəqəmsal mənzərə, trendlər və çağırışlar" mövzusuna həsr olunub.
"Katalyst Labs"nın təsisçisi və baş direktoru Jehan Ara qadınların rəqəmsal biznesdə iştirakı sahəsində görülən işlərdən danışıb.
“Ən Çox Satan Müəlliflər Şurası”nın üzvü, AI İstedad platformasının investoru Pegah Gol fəaliyyəti dövründə kişilərin qadınlara işə görə az maaş verdiyinin şahidi olmadığını deyib.
"Devcit Acceleration" şirkətinin baş direktoru Vitalia Shutova biznes bacarıqlarının uğurlu sahibkarlıq üçün önəmli olduğunu vurğulayıb.
İnnovasiyalar üzrə araşdırmaçı Noshaba Awais rəqəmsal sahədə gender bərabərliyinə nail olmaq üçün ölkəsi Pakistanda görülən işlərdən danışıb.
"FemTech"in direktoru Nərgiz Əmrahova rəhbəri olduğu qurumun üzvlərinin bu gün müxtəlif mövqelərdə olduğunu söyləyib: Bizim uğurumuz və əsas məqsədimiz xanımların xoşbəxt olduğu iş həyatına yiyələnmələridir”.
Sonda xatirə şəkli çəkdirilib.
* * *
“Startapdan biznesə doğru: mərkəzləşdirilməmiş süni intellekt” – Beynəlxalq Sahibkarlar Forumunun növbəti paneli
Şuşada keçirilən Beynəlxalq Sahibkarlar Forumunun II panel sessiyası "Startapdan biznesə doğru: mərkəzləşdirilməmiş süni intellekt: startapların innovasiya və əməkdaşlıq alətləri vasitəsilə səlahiyyətləndirilməsi: investor və vençur kapitalistlərin baxışı" mövzusuna həsr olunub.
Səhiyyə sahəsi üzrə mütəxəssis Maria Marenconun moderatorluğu ilə gerçəkləşən sessiyada çıxış edən "Ogooue Labs"nın təsisçisi və sədri Sylvere Boussamba müasir dövrdə süni zəkanın üstünlüyündən danışıb. Bildirib ki, bu gün süni zəka vasitəsilə məlumat itkisinin qarşısı alınır.
SOCAR-ın Strateji idarəetmə və innovasiyalar departamentinin rəisi Teymur Əliyev süni zəkanın tətbiqi məsələsində ehtiyatlı yanaşmanın əhəmiyyətini qeyd edib: "Süni zəkanın tətbiqi təkcə bu texnologiyaya sahib olmaqla bitmir. Bunun üçün müəyyən biliklərə yiyələnmək lazımdır. Əgər biz bu texnologiyadan düzgün istifadə edə bilsək, müsbət nəticələr əldə etmək mümkün olar".
Məzmun yaradıcısı Stephanie Meisl dövrümüzdə sənaye sahələrinin dəyişdiyini, yeni tendensiyaların yarandığını söyləyib. Vurğulayıb ki, yeni texnologiyalardan istifadə etmək üçün çoxillik təlimlərə ehtiyac yoxdur.
Çıxışlardan sonra panel iştirakçılarının sualları cavablandırılıb.