Heydər Əliyev Mərkəzində təşkil olunan Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun noyabrın 29-da daha bir panel sessiyasında "Dizayn sənayesinin inkişafı" mövzusu müzakirəyə çıxarılmışdı. Panelin moderatoru, “Coders” şirkətinin art direktoru Rəsul Həsən iclasın əvvəlində öz təkliflərini dilə gətirdi. Dedi ki, dizayn sahəsində elmi ədəbiyyatın artırılması və sahə üzrə mütəxəssislərin öz təcrübələrini bölüşməsi işin xeyrinə olar. “Safaroff Agency”in rəhbəri Çingiz Səfərov çıxışında dizayn sənayesinin inkişaf mərhələsindən danışdı. Bildirdi ki, çağımızda rəqəmsal dizayn daha çox özəl sektorda inkişaf yolu keçib: “Sahə üzrə Azərbaycan dilində tədris proqramları həyata keçirilir, müvafiq mərkəzlər fəaliyyət göstərir. Bu sahədə də əsas məsələ təhsildir. Ümid edirəm ki, universitetlərimizdə dizayn təhsilinin inkişafına xüsusi diqqət yetiriləcək”. Azərbaycan Dizayn Assosiasiyasının sədri Rəhim İsmayıl dedi ki, ixtisası rəssamlıq olsa da, 8 ildir dizayn sənayesi ilə məşğuldur və müəyyən təcrübələr vasitəsilə bazara daxil ola bilib. Natiq rəhbərlik etdiyi təşkilatın yaranma tarixindən və fəaliyyət istiqamətləri barədə də məlumat verdi. Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Pərviz Həmzəyev 5 nömrəli peşə məktəbi kimi tanınan mərkəzin ən çox yaradıcı sənaye üzrə kadr hazırlığı həyata keçirdiyini dedi: “Kadr hazırlığı əmək bazarına hesablanır. Bizdə mədəniyyət sahəsində 28 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Bu sıraya operator, kino montaj, səs rejissoru, batika, moda və geyim dizayneri, qrim, xalçaçılıq, zərgərlik, və s. ixtisasları qeyd edə bilərəm. Mərkəzdə iki səsyazma studiyası və inklüziv siniflər də fəaliyyət göstərir”. Paneldə dizayn sahəsinin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.