29.11.2024 17:51
Mədəniyyət naziri Adil Kərimli Xırdalan şəhərində vətəndaşları qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda qəbullar keçirilir, vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilir. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli noyabrın 29-da Xırdalan şəhərində vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Adil Kərimli və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ümummilli liderin Xırdalan şəhərindəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Abşeron rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda nazir Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib. Vətəndaşlar, əsasən, mədəniyyət sahəsi ilə təkliflər, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyərək qaldırılan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.
Qəbulda iştirak edən şəhid ailələri və qazilərin qeyd etdikləri məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.
..
29.11.2024 12:04
Xalq rəssamı Rafiq Nəsirov vəfat edibAzərbaycan mədəniyyətinə ağır itki üz verib.Tanınmış kino rəssamı, Xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Rafiq Nəsirov 29 noyabr 2024-cü il tarixində, 78 yaşında vəfat edib. Rafiq Əliş oğlu Nəsirov 4 avqust 1947-ci ildə Sabirabad şəhərində anadan olub. 1964-cü ildə Politexnik Texnikumunun Memarlıq fakültəsini, 1969-cu ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Memarlıq şöbəsini bitirib.
1969-cu ildə “Azərbaycanfilm” kinostudiyasında memar kimi əmək fəaliyyətinə başlayıb. Daha sonra kino rəssamlığı üzrə işləyib. “Azərbaycanfilm”də müxtəlif illərdə istehsal olunmuş “Bədbəxtliyin astanasında”, “Yeddi gözəl”, “Əzablı yollar”, “Musiqili xaş”, “Bəyin oğurlanması”, “Cin mikrorayonda”, “Qəm pəncərəsi”, “Şeytan göz qabağında”, “Yaramaz”, “Sahilsiz gecə”, “Bəxt üzüyü”, “Qəzəlxan”, “Nakəs”, “Həm ziyarət, həm ticarət”, “Yük”, “Otel otağı”, “Sarı gəlin”, “Cavad xan”, “Nə gözəldir bu dünya”, “Ovsunçu”, “Küçələrə su səpmişəm”, “Məhkumlar”, “Biz qayıdacağıq”, “Günaydın, mələyim”, “Yarımçıq xatirələr”, “Dolu”, “Mərmər soyuğu” və s. filmlərin quruluşçu rəssamı olub.
Rafiq Nəsirov eyni zamanda Rusiyada lentə alınan bir sıra teleseriallara da bədii tərtibat verib, Polşa və Fransa kinematoqrafçıları ilə əməkdaşlıq edib. Sənətkarın yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, o, 2000-ci ildə “Əməkdar rəssam”, 2007-ci ildə “Xalq rəssamı” fəxri adlarına, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə isə 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq rəssamı Rafiq Nəsirovun vəfatı ilə əlaqədar sənətkarın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin.
..
28.11.2024 09:44
Adil Kərimlinin X Qlobal Forumda “Dini məkanların mühafizəsi: çoxtərəfli yanaşma” adlı qlobal konfransda məruzəsi dinlənilibPortuqaliyanın Kaşkai şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının (UNAOC) X Qlobal Forumu çərçivəsində noyabrın 27-də “Dini məkanların mühafizəsi: çoxtərəfli yanaşma” adlı qlobal konfrans təşkil olunub.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli konfransda çıxış edib. Nazir konfransda təqdim olunan UNAOC-un “Dini Yerlərin Qorunması üzrə Fəaliyyət Planı: Təhlükəsiz və Dinc İbadət üçün Birlik və Həmrəylikdə” adlı hesabatını yüksək qiymətləndirib, Fəaliyyət Planının dini məkanlara qarşı dözümsüzlüklə mübarizədə ən əhatəli sənədlərdən biri olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan Respublikası adıçəkilən Fəaliyyət Planında qeyd olunan mədəniyyətlərarası dialoq üzrə altı ümumdünya forumuna və dini liderlərin üç qlobal sammitinə ev sahibliyi edib.
Bundan əlavə, Azərbaycan həm yerli, həm də beynəlxalq miqyasda mədəni və dini irsin qorunmasına öz töhfəsini verir. Qeyd edək ki, “Sülhdə birlik: etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması“ mövzusunda keçirilən X Qlobal Forum Sivilizasiyalar Alyansının yaranmasının 20 illiyinə həsr olunub.
..
27.11.2024 09:14
Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibXəbər verdiyimiz kimi, 26-27 noyabr tarixlərində Portuqaliyanın Kaşkai şəhərində BMT Sivilizasiyalar Alyansının (UNAOC) “Sülhdə birlik: etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması“ mövzusunda X Qlobal Forumu keçirilir. Builki forum Sivilizasiyalar Alyansının yaranmasının 20 illiyinə həsr olunub.
Noyabrın 26-da forumun açılış mərasimindən sonra “Bəşəriyyət naminə 20 illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq“ mövzusunda UNAOC Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşü keçirilib. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli görüşdə çıxış edib.
Bildirib ki, çoxmillətli və çoxkonfessiyalı ölkə olan Azərbaycan mədəniyyətlərarası dialoqa böyük töhfələr verir.
Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” çərçivəsində 2011-ci ildən etibarən Sivilizasiyalar Alyansının da tərəfdaşlığı ilə ölkəmizdə altı dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib.
..
26.11.2024 17:31
Adil Kərimli BMT Sivilizasiyalar Alyansının X Qlobal Forumunun açılış mərasimində iştirak edib Noyabrın 26-da Portuqaliyanın Kaşkai şəhərində BMT Sivilizasiyalar Alyansının (UNAOC) “Sülhdə birlik: etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması“ mövzusunda X Qlobal Forumu işə başlayıb.
Sivilizasiyalar Alyansının yaranmasının 20 illiyinə həsr edilən forumun açılış mərasimində BMT-nin Baş katibi Antonio Quterreş, Portuqaliyanın Prezidenti Marselo Rebelo de Souza, İspaniya Kralı VI Filip, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Baş katibin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos və digər qonaqlar iştirak ediblər.
Ali nümayəndənin dəvəti ilə ölkəmiz də forumda təmsil olunur. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli X Qlobal Forumun açılışında iştirak edib. Forum çərçivəsində “Bəşəriyyət naminə 20 illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq“ mövzusunda UNAOC Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşü və “Dini məkanların mühafizəsi: çoxtərəfli yanaşma” adlı qlobal konfrans təşkil olunacaq.
..
25.11.2024 17:34
Azərbaycanlı gənclər “I TÜRKSOY Türk Dünyası Gənclik Görüşü”ndə iştirak ediblərAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yaradıcı gənclərin inkişafına, onların beynəlxalq platformalarda fəal iştirakına və mədəni inteqrasiyaya dəstək göstərir. Bu siyasət Azərbaycan gənclərini beynəlxalq səviyyədə tanıtmaq və Türk dünyası ilə əlaqələrini möhkəmləndirmək məqsədilə həyata keçirilən müxtəlif tədbirlərdə özünü bir daha göstərir.
Azərbaycanlı gənclər Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Qazaxıstanın Almatı şəhərində keçirdiyi “I TÜRKSOY Türk Dünyası Gənclik Görüşü”ndə iştirak ediblər. Tədbir türk xalqları arasında mədəni və tarixi bağların möhkəmləndirilməsi, qardaşlıq və birlik ruhunun gücləndirilməsi məqsədi daşıyır.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə seçilmiş, mədəniyyətin müxtəlif sahələrində uğurları ilə fərqlənən 10 nəfər istedadlı gənc tədbirdə ölkəmizi təmsil edib.
Görüş çərçivəsində iştirakçılar Türk dünyasının mədəni irsinin təbliği ilə bağlı seminar, müzakirə və təqdimatlarda iştirak edərək düşüncələrini bölüşüblər. Gənclərimiz ortaq problemlərin həlli və birgə layihələrin reallaşdırılması istiqamətində təkliflər irəli sürüb, gənclər arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün əməkdaşlıq imkanlarını araşdırıblar.
Azərbaycan nümayəndə heyəti görüş zamanı eyni zamanda ölkəmizin zəngin mədəni irsini də tanıdaraq Türk dünyasının bir parçası kimi mədəni inteqrasiya və dialoqun inkişafına töhfə veriblər.
Tədbir Azərbaycan gənclərinin Türk dünyası ilə əlaqələrinin möhkəmlənməsi, təcrübə mübadiləsi və yeni dostluqların qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir.
..
25.11.2024 15:11
Mədəniyyət naziri Adil Kərimli BMT Sivilizasiyalar Alyansının X Qlobal Forumunda iştirak edəcək26-27 noyabr tarixlərində Portuqaliyanın Kaşkai şəhərində BMT Sivilizasiyalar Alyansının (UNAOC) “Sülhdə birlik: etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması“ mövzusunda X Qlobal Forumu keçiriləcək. BMT-nin Baş katibi Antonio Quttereşin də iştirak edəcəyi forum Sivilizasiyalar Alyansının yaranmasının 20 illiyinə həsr olunub.
Bu məqsədlə mədəniyyət naziri Adil Kərimli Portuqaliyaya səfər edib. Səfər BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə gerçəkləşir.
Qeyd edək ki, Türkiyə və İspaniya tərəfindən irəli sürülən “Mədəniyyətlər İttifaqı” təşəbbüsü əsasında 2005-ci ildə yaradılan BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycan da daxil olmaqla 100-dən çox ölkəni ətrafında birləşdirir.
..
23.11.2024 17:41
Mədəniyyət Nazirliyi Qobustan Milli Tarix-Bədii Qoruğunda yaşıllaşdırma aksiyası keçirib Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən noyabrın 23-də Qobustan Milli Tarix-Bədii Qoruğu ərazisində ağacəkmə aksiyası həyata keçirilib. Aksiyanın məqsədi ekoloji tarazlığın qorunması işinə töhfə vermək olub.
Ölkəmizin 11-22 noyabr tarixlərində ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) münasibətilə təşkil olunan aksiya zamanı nazirliyin əməkdaşları ərazinin iqlim şəraitinə uyğun çoxsaylı müxtəlif növ ağac tingləri əkib, onlara aqrotexniki qulluq göstərilib.
..
23.11.2024 17:38
Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübAzərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli noyabrın 21-də COP29-la bağlı ölkəmizdə səfərdə olan İran İslam Respublikasının mədəni irs, turizm və sənətkarlıq naziri Səid Reza Salehi Amirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nümayəndə heyətini salamlayan Adil Kərimli ölkəmizin ev sahibliyi etdiyi belə bir mötəbər tədbirdə iştirakına görə iranlı həmkarına təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan ilə İran arasında mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın geniş perspektivləri var. Xüsusilə, kitabxana, muzey işi, sərgi sahəsində birgə fəaliyyətin təşviqi, eləcə də kinematoqrafiya sahəsində əməkdaşlığın qurulması, ənənəvi musiqi festival və müsabiqələrində qarşılıqlı iştirak əlaqələrin inkişafına töhfə verə bilər. Bundan əlavə, beynəlxalq təşkilatlar səviyyəsində də əməkdaşlığın genişləndirilməsi üçün imkanlar mövcuddur. Mədəni irs nümunələrinin UNESCO-nun müvafiq siyahılarına daxil edilməsi üçün müştərək nominasiya fayllarının hazırlanması, o cümlədən mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı birgə səylərin göstərilməsinin əhəmiyyəti vurğulanıb.
COP29-da iştirakından məmnunluğunu bildirən nazir Səid Reza Salehi Amiri görüşə görə də təşəkkür edib. O, qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduqlarını, müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün səylərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
İranlı nazir mədəni irsin qorunması sahəsində dövlət-özəl tərəfdaşlığının zəruri olduğunu deyib. Bildirib ki, bu sahədə iki ölkə arasında təcrübə mübadiləsi aparıla bilər. Eyni zamanda Araz çayı üzərindəki Xudafərin körpülərinin müştərək bərpasının həyata keçirilməsi mümkündür.
Söhbət zamanı COP29 çərçivəsində mədəni irs və ətraf mühit məsələlərinə də toxunulub, qarşılıqlı maraq doğuran digər sahələr üzrə fikir mübadiləsi aparılıb.
Sonda Adil Kərimli nazirə xatirə hədiyyəsi təqdim edib.
..