Füzuli Şəhəri Günü tədbirləri çərçivəsində Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbində "Ayı balası" uşaq tamaşası göstərilib.
Füzuli Dövlət Dram Teatrı yaradıcı heyətinin təqdim etdiyi Vüqar Haqverdiyevin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Emin Abışov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı isə Sənan Sevindikzadədir. Səhnə əsərinin əsas ideyası sevimli heyvanların dili ilə uşaqlara dostluq, yoldaşlıq, həmrəylik kimi əxlaqi-mənəvi dəyərləri aşılamaq, düz danışmağın vacibliyini göstərmək, eləcə də balacalarda həkimə, iynəyə qarşı qorxu və həyəcan hissini əyləncəli formada yox etməkdir.
Tamaşada rolları Vüqar Babayev, Sevinc Məmmədova, Sahilə Abbasova, Emin Abışov, Şəbnəm Baxışova, Aygün Cəfərova, Gülnar Quliyeva, Vüqar İsmayılov və Vüsal Həsənov ifa ediblər. Səhnə əsəri Füzuli Şəhəri Günü şölənində uşaqlara unudulmaz anlar yaşadıb.