Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
355

İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Möhtərəm Sadır Nurqojoyeviç.

Hörmətli qonaqlar, əziz dostlar.

Bu gün Qırğızıstan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri tarixində əlamətdar gündür. Bu gün qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsi açılır. Əminəm ki, bu, dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq.

Çingiz Aytmatov dünyaşöhrətli yazıçı, həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya miqyasında öz xalqını layiqincə təmsil etmiş qırğız xalqının böyük oğludur.

Azərbaycanda onun yaradıcılığını sevir və fəal vətəndaş mövqeyinə, milli ruhuna və köklərinə sadiqliyinə görə ləyaqətli insan kimi hörmət bəsləyirdilər. Xatirimdədir, o, vəfatından bir az əvvəl Azərbaycana səfər etmişdi və mən onunla görüşmək, bir çox məsələlərdə uzun söhbət aparmaq imkanı əldə etdim. Həmin gün mən onu ehtiram əlaməti olaraq və münasibətlərimizin möhkəmlənməsi işində xidmətlərinə görə Azərbaycan dövlətinin yüksək mükafatı olan “Dostluq” ordeni ilə təltif etdim. O, hər zaman haqq-ədalətin tərəfində olub. Təsadüfi deyil ki, o, təkcə yazıçı kimi deyil, həm də ictimai xadim kimi keçmiş SSRİ məkanında və dünya miqyasında böyük hörmət qazanmış şəxsiyyət idi və onun xatirəsi, əlbəttə ki, qırğız xalqının, bütün qardaş xalqların qəlbində yaşayır.

Mən Qırğızıstanda dövlət səfərində olarkən onun məzarını ziyarət etdim və Azərbaycan xalqının onun xatirəsinə olan dərin ehtiramını bildirdim.

Əlamətdar haldır ki, abidə Qırğızıstan Prezidentinin dövlət səfəri çərçivəsində açılır. Bu gün biz bir çox məsələlər, o cümlədən humanitar əməkdaşlıq məsələləri ilə bağlı çox səmərəli və mühüm danışıqlar apardıq. Bildiyiniz kimi, bu günlərdə Bakıda Qırğızıstan Mədəniyyəti Günləri keçirilir və rəmzi haldır ki, məhz belə təntənəli tədbirlər və dövlət səfəri çərçivəsində Bakı şəhərinin mərkəzi küçələrindən biri olan Azadlıq prospektində biz bu gün bu tədbirdə iştirak edirik.

Mən Azərbaycan və Qırğızıstan xalqlarını bu əlamətdar hadisə münasibətilə təbrik etmək istərdim. Çingiz Aytmatovun Bakıdakı abidəsi bizim birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək. Həm də demək istərdim, əminəm ki, bütün Türk dünyası öz layiqli nümayəndəsi ilə fəxr edir və əlbəttə, hamımızın təəssüfləndiyimiz yeganə məqam onun dünyasını çox tez dəyişməsidir. Bu, çox gözlənilməz oldu, artıq qeyd etdiyim kimi, mən onunla Bakıda onun vəfatından bir qədər əvvəl, demək olar ki, bir neçə ay əvvəl görüşmüşəm və o, həmişə olduğu kimi, enerji ilə dolu idi və yaxşı görünürdü, öz planlarından danışırdı. 2008-ci il idi, amma mən bu görüşü dünən kimi xatırlayıram.

Hamımızı bir daha təbrik edirəm, bir daha bu xoş sözləri deyirəm, xoş gəlmisiniz, hörmətli cənab Prezident. Əminəm ki, Qırğızıstan ilə Azərbaycanın, xalqlarımızın dostluğu və qardaşlığı əbədi olacaq. Sağ olun.

x x x

Qırğızıstan Prezidenti Sadır Japarov dedi:

- Hörmətli İlham Heydər oğlu.

Hörmətli dostlar. Bu gün biz gözəl Bakı şəhərində böyük bir hadisəni – öz istedadı və insan ruhunu dərindən dərk etmək məharəti ilə dünyamıza işıq salan görkəmli qırğız yazıçısının və bütün türk xalqının oğlunun abidəsinin açılışını qeyd etmək üçün toplaşmışıq.

Qırğızıstan adından Azərbaycan Prezidenti möhtərəm İlham Heydər oğlu Əliyevə ölkəmizə və Çingiz Aytmatova olan ehtiramına görə təşəkkürümü bildirirəm. Bu abidə Çingiz Aytmatovun yaradıcılıq irsinə böyük hörmət və ehtiramın ifadəsidir.

Möhtərəm İlham Heydər oğlu, əziz dostlar, sevindirici haldır ki, Azərbaycan tərəfi ölkələrimiz arasındakı mədəni əlaqələrə böyük diqqət yetirir. Bu, xalqların yaxınlaşması baxımından son dərəcə vacibdir. Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi münasibətlərimizdə əlamətdar hadisədir. Biz bilirik ki, Çingiz Aytmatov Azərbaycanın böyük dostu idi və onun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə dostluğunu xüsusilə vurğulamaq istərdim. Onların münasibətləri unikal və dayanıqlı idi. Hər iki şəxsiyyət tarixdə silinməz izlər qoyub. Heydər Əliyev onu yazıçı və ziyalı şəxs kimi yüksək qiymətləndirirdi. O deyirdi ki, dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş edən Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün Türk dünyasının qürurudur.

Möhtərəm İlham Heydər oğlu, Çingiz Aytmatovun yubileyinin qardaş Azərbaycanda yüksək səviyyədə keçirilməsinə Sizin şəxsi töhfənizi də yüksək qiymətləndiririk. Fərmanınıza əsasən, Çingiz Aytmatov ilk dəfə 2008-ci il fevralın 25-də yüksək “Dostluq” ordeni ilə təltif edilib. Çingiz Torekuloviç, sadəcə, yazıçı deyildi, əsərləri ruhun dərinliklərinə nüfuz edən, bizi həyatın, sevginin, insan taleyinin mənası barədə düşünməyə vadar edən əsl söz dahisi idi. Onun “Cəmilə”, “Ağ gəmi” kimi əsərləri təkcə öz gözəlliyi və müdrikliyi ilə diqqəti cəlb etmir, həm də bizi onun böyük yaradıcılıq istedadına heyran qoyur. Bu abidənin Bakıda ucaldılması Qırğızıstanın və Azərbaycanın qardaş xalqları arasında dərin bağlılığın rəmzidir. Bu, Çingiz Aytmatovun yaradıcılığının hamımızı gözəllik, müdriklik və ahəngdarlıq uğrundakı vahid məqsəd ətrafında birləşdirdiyinin bariz sübutudur. Gənc nəslin ölkələrimizin qarşılıqlı münasibətlərinin tarixini, tarixi şəxsiyyətlərini, Qırğızıstan Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud əməkdaşlıq səviyyəsini əzəldən müəyyən etmiş liderlərin rolunu bilməsi və dərk etməsi çox vacibdir.

İkitərəfli münasibətlər nöqteyi-nəzərindən qeyd etmək istərdim ki, Azərbaycan Prezidentinin Qırğızıstana ilk səfəri 1995-ci ildə Heydər Əliyev tərəfindən, “Manas” dastanının 1000 illik yubileyinin qeyd edilməsi məqsədilə həyata keçirilib. Həmin vaxt o, bu kəlamları demişdi: “Biz bir-birimizi ürəyimizlə hiss edirik və başa düşürük”. Bu qısa, lakin çox təsirli və səmimi ifadə ilə o, Qırğızıstan və Azərbaycanın həqiqətən qardaş xalqlar olduğunu nəzərdə tuturdu. Bu gün açılışına toplaşdığımız abidə hər kəsin böyük yazıçı ilə təmasda ola biləcəyi, xatirəsini ehtiramla yad edəcəyi və yaradıcılığından ruhlana biləcəyi bir yerə çevriləcək. Qoy, bu abidə hər kəsə insan ruhunun əzəmətini və sözün gücünü xatırlatsın.

İcazə verin, bu abidənin yaradılmasına öz enerjisini, istedadını və vaxtını sərf etmiş hər kəsə dərin minnətdarlığımı bildirim. Qoy, bu abidə Çingiz Aytmatovun öz yaradıcılığında çox gözəl əks etdirdiyi dəyərlər ətrafındakı birliyimizin və əbədi bağlılığımızın rəmzi olsun.

Bir daha Azərbaycan tərəfinə səmimi-qəlbdən təşəkkürümü bildirmək və qardaş Azərbaycan xalqına sülh, xoşbəxtlik və firavanlıq arzulamaq istəyirəm. Diqqətinizə görə təşəkkür edirəm.

x x x

Dövlət başçıları Çingiz Aytmatovun abidəsi üzərindən ağ örtüyü götürdülər.

Qeyd edək ki, dünyaşöhrətli yazıçı, qırğız ədəbiyyatının görkəmli nasiri, diplomat və ictimai xadim Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda ucaldılan abidənin eskiz layihələrinin hazırlanması üçün Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü il iyunun 15-dən iyulun 31-dək heykəltaraşlar arasında açıq müsabiqə elan edilib. Müsabiqəyə ölkəmizin heykəltaraşları tərəfindən 21 əsər təqdim olunub.

Ötən il avqustun 8-də təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən qaliblər seçilib. Birinci yerə Xalq rəssamı Natiq Əliyevin hazırladığı eskiz layihəsi layiq görülüb.

Çingiz Aytmatovun bürüncdən hazırlanmış, hündürlüyü 3 metrə yaxın olan heykəlinin çəkisi təqribən 6 tondur. Abidənin önündə Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb.

x x x

Sonra dövlət başçıları Azərbaycan və Qırğızıstanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşüb söhbət etdilər.

Sonda xatirə şəkli çəkdirildi.

XƏBƏRLƏR

03.05.2024 18:03
Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib
03.05.2024 18:01
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
03.05.2024 17:55
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib
03.05.2024 17:53
“Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda parlamentlərarası konfrans keçirilib
03.05.2024 17:51
“Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı” mövzusunda panel iclas keçirilib
03.05.2024 17:49
"Molla Nəsrəddin – çətin günlərin dostu" filminin çəkilişləri avqustda başlanacaq
03.05.2024 17:47
"Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" mövzusunda IV plenar sessiya keçirilib
03.05.2024 17:45
“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda panel sessiyaya təşkil edilib
03.05.2024 17:41
Forumun IX panel sessiyası “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” mövzusuna həsr olunub
03.05.2024 17:23
“Üfüqləri birləşdirərək: İpək yolu proqramının müasir trendləri və qlobal təsiri” mövzusunda 8-ci panel sessiya keçirilib
03.05.2024 17:18
“Müasir inkişaf meyillərinin təmin edilməsində və iqtisadi şaxələndirmədə mədəni və yaradıcı sənayelərin əhəmiyyəti” mövzusunda panel sessiya keçirilib
03.05.2024 17:08
“Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiya keçirilib
03.05.2024 17:05
“Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd? – Forumun növbəti panel sessiyası
03.05.2024 17:02
Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşüb
03.05.2024 17:00
Forumda “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; qlobal inkişafa doğru” adlı panel sessiya keçirilib
03.05.2024 16:57
Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr olunub
03.05.2024 16:52
Beynəlxalq təşkilatların “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı III Zirvə görüşü keçirilib
03.05.2024 16:42
Forum çərçivəsində nazirlərin 5-ci görüşü keçirilib
03.05.2024 16:15
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 1-də Dini liderlərin Bakı görüşü keçirilib
03.05.2024 16:12
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda üçüncü plenar sessiya təşkil olunub
01.05.2024 17:10
Dialoq Forumunun II plenar sessiyası “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” mövzusuna həsr olunub
01.05.2024 15:41
Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi – Forumun ilk plenar sessiyası keçirilib
01.05.2024 15:37
Dialoq Forumu çərçivəsində “Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” adlı panel sessiya təşkil edilib
01.05.2024 14:57
Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb
01.05.2024 11:35
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
30.04.2024 13:05
Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
29.04.2024 14:22
Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
29.04.2024 09:49
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna xarici iştirakçılar üçün qeydiyyat prosesi uğurla başa çatıb
26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək