VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də mədəniyyət naziri Adil Kərimlinin ölkələrin UNESCO yanında daimi nümayəndələri ilə görüşü keçirilib.
Görüşdə Azərbaycan-UNESCO əməkdaşlığından söz açılıb, ölkəmizin təşkilatın fəaliyyətində yaxından iştirakı qeyd olunub.
Diqqətə çatdırılıb ki, 2022-ci ilin oktyabr ayında Azərbaycanın UNESCO-nun 215-ci sessiyasının gündəliyinə təklif etdiyi "Bakı Prosesi”: dayanıqlı sülh və inkişaf üçün mədəniyyətlərarası dialoqu və sosial inklüzivliyi təşviq etmək" adlı qərar layihəsi yekdilliklə qəbul edilib. Bu dəstəyə görə ölkəmiz adından UNESCO-nun İcraiyyə Şurasına minnətdarlıq ifadə olunub.
Nazir Forum çərçivəsində mayın 3-də Ağdamda təşkil olunacaq “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya barədə məlumat verib. Bildirilib ki, sessiya UNESCO-nun 2023-cü ildə qəbul etdiyi “Minaların mədəni mülkiyyətə təsirinə dair qətnamə”sinə həsr olunub.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı müzakirə aparılıb.