Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
Aprelin 2-də Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu.
Belarus Respublikasının Mədəniyyət Nazirliyi, Belarus Respublikasının Milli İncəsənət Muzeyi, “Belarus Rəssamlar İttifaqı” İctimai Birliyi, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə 35 rəngkarlıq əsəri nümayiş etdirilir.
Sərginin açılış mərasimində çıxış edən Belarus Respublikasının mədəniyyət naziri Anatoliy Markeviç, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Belarus Respublikası Milli İncəsənət Muzeyinin direktoru Anna Kononova iki ölkə arasında mövcud olan yüksək əlaqələrdən bəhs edərək bu mədəni hadisənin gələcək uğurlu əməkdaşlıq üçün yeni üfüqlər açdığını söylədilər.
Qeyd edək ki, 2024-cü ildə Belarusun alman faşistlərinin işğalından azad edilməsinin 80 illiyi münasibətilə Belarus rəssamları Anton Vırvo, Anna Kononova, Qleb Otçik, Anna Sadovskaya və Vladimir Urodniç sərgidə təqdim olunan mənzərə əsərlərində bu tarixi hadisəni - vətən xilaskarlarının xatirəsini ehtiramla yad edərək sülhün hökm sürdüyü həyatın gözəlliyini tərənnüm edirlər. Əsərlər Belarusun zəngin təbiətinin, şəhər və kənd mənzərələrinin təkrarolunmaz aurasını çatdırır. Sərgilənən hər bir tabloda təbiətin gözəlliyi doğma torpağa səmimi məhəbbətlə təsvir edilmişdir. Sərgi aprelin 3-dək davam edəcək.
Mədəniyyət günləri çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyi və Belarus Respublikası Milli İncəsənət Muzeyi arasında əməkdaşlıq müqaviləsi də imzalanacaq.