Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş Bakı şəhərində ucaldılacaq Aşıq Ələsgərin abidəsi ilə bağlı açıq müsabiqənin müddəti 3 ay uzadıldı
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
tərəfindən Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin eskiz-layihələrinin hazırlanması üçün 23 dekabr 2021-ci il - 15 mart 2022-ci il tarixlərində heykəltəraşlar arasında açıq müsabiqə elan edilmişdir.Müsabiqəyə təqdim olunmuş eskiz layihələrə Mədəniyyət Nazirliyinin “Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən müvafiq qaydada baxılmışdır. Qeyd edirik ki, eskiz layihələrin Aşıq Ələsgər obrazının tam xarakterini əks etdirmədiyini nəzərə alaraq, komissiya üzvləri tərəfindən müsabiqənin 3 ay müddətinə uzadılmasına dair qərar qəbul edilmişdir. Belə ki, müsabiqəyə nümunələrin qəbulu üçün son tarix 30 iyun 2022-ci il tarixi müəyyən edilmişdir.
Nəzərinizə çatdırırıq ki, eskiz layihələr Mədəniyyət Nazirliyinin “Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndiriləcəkdir. Layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcəkdir.
Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra 15 iyul 2022-ci il tarixində Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaqdır. İkinci və üçüncü yeri tutan müəlliflərə müvafiq olaraq 2000 manat və 1000 manat məbləğində pul mükafatı təqdim ediləcəkdir.
Qeyd edək ki, müsabiqə “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsinə dair Tədbirlər Planı” çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2021-ci il tarixli 3019 nömrəli “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə həyata keçirilir.