Laçının işğalının 28-ci ildönümünə həsr olunmuş onlayn elmi, ədəbi-bədii tədbir keçirilib
Ağstafa Regional Mədəniyyət İdarəsi Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 28-ci ildönümünə həsr olunan onlayn elmi, ədəbi-bədii tədbir keçirib.
Tədbirdə çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov Laçının Ermənistan silahlıları tərəfindən işğalı zamanı Azərbaycanın maddi-mədəni irsinə vurulan ziyan, erməni qəsbkarlarının bəzi tarixi abidələr üzərində həyata keçirdikləri vandalizm aktları barədə məlumat verib. Bildirilib ki, 1992- ci il may ayının 18-də terrorçu və təcavüzkar Ermənistan tərəfindən Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonu işğal edilib. Məhz 1992-ci ilin fevralında Xocalı faciəsinin törədilməsi, mayın 8-də Şuşanın, 18-də isə Laçının işğalı ilə həmin il Azərbaycan xalqının tarixinə ən ağır bir il kimi daxil olub.
Sonra tədbirdə Qazax Dövlət Rəsm Qalereyasının nümayiş etdirdiyi, Laçın həsrətini əks etdirən sərgiyə, Ağstafa rayon MKS-nin təşkil etdiyi kitab sərgisinə virtual baxış keçirilib.
Tədbir mədəniyyət işçilərinin hazırladığı ədəbi-bədii kompozisiyalarla, Laçına həsr olunmuş şeir oxunuşları ilə davam etdirilib.