Azərbaycan xalqı əsrlərboyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşadıb
Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə əlaqədar “Mədəniyyətimizdə, cəmiyyətdə və sosial şəbəkələrdə gənc könüllülərin rolu” mövzusunda dəyirmi masa təşkil olunub.
Bərdə Regional Mədəniyyət İdarəsi, regional idarənin Mingəçevir şəhər üzrə Gənc mədəniyyət işçiləri Kreativ Qrupu və Mədəniyyət Könüllülərinin birlikdə təşkil etdikləri tədbirdə cəmiyyətimizdə könüllülərin rolundan, mövqeyindən danışılıb.
Qeyd edilib ki, könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Azərbaycan xalqı əsrlərboyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşadıb. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük, həmçinin vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
Daha sonra gənc mədəniyyət könüllüləri dövlətimizin başçısının gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Bildiriblər ki, dövlət tərəfindən gənclərə xüsusi diqqət göstərilir və hər cür şərait yaradılır. Hər bir sahədə olduğu kimi, mədəniyyət sahəsində də gənclərə xüsusi önəm verilir və hazırda mədəniyyət sahəsində çalışan gənclər buna nümunədir.