Xəbər verdiyimiz kimi, Şuşada davam edən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında müxtəlif ölkələrdən kollektiv və ifaçılar iştirak edir.
Mayın 14-də dahi bəstəkar Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki heykəlinin qarşısında qurulan kiçik səhnədə festivalın misirli qonağı, müğənni, bəstəkar, multiinstrumentalist Həmzə Namirə (Hamza Namira) konsert proqramı ilə çıxış etdi.
Konserti dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri izləyirdi.
Proqramda musiqiçinin ifasında “Mawlood sanat 80”, “Estaezo”, “Setta Sabahan”, “Malesh” və digər Misir mahnıları səsləndi. Onun ifası alqışlarla qarşılandı.
Qeyd edək ki, Həmzə Namirə müasir ərəb musiqisinin məşhur simalarından biridir. Öz nəslinin üzləşdiyi bir sıra dilemmalardan yaxşı xəbərdar olan ifaçı yaradıcılığında Misir ənənəvi və xalq musiqisi, pop, rok və caz vasitəsilə bu mövzulara emosional və əhatəli şəkildə müraciət edir. 4 albom buraxan musiqiçinin mahnıları ərəb dünyasında böyük uğur qazanıb.