İclasda AzTV, İctimai TV, Real TV, Xəzər TV, ARB, ATV, CBC TV və Space TV kanallarının nümayəndələri iştirak etdilər.
Çıxış edən Mədəniyyət Nazirliyinin aparat rəhbəri Vasif Eyvazzadə televiziya işçilərini salamlamaqdan məmnunluğunu bildirdi.
V. Eyvazzadə Cənab Prezidentin gənclərin maarifləndirilməsi, dilimizin zənginliyinin, saflığının qorunması ilə bağlı tapşırıqlarını diqqətə çatdıraraq, televiziya kanalları ilə əməkdaşlıqda bu məqamları rəhbər tutmağın vacibliyindən söz açdı.
16 fevral 2021-ci il tarixində Mədəniyyət naziri Anar Kərimovun Azərbaycanın televiziya kanallarının rəhbərləri ilə görüşünü xatırladaraq, birgə sıx əməkdaşlığın əhəmiyyətini vurğuladı.
V. Eyvazzadə interaktiv müzakirə şəklində davam edən iclasda mədəniyyətin müxtəlif sahələrinin, xüsusilə kino, incəsənət, memarlıq irsimizin təbliğatının vacibliyindən danışdı.
Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə dilimizin, adət-ənənələrimizin gələcək nəsillərə ötürülməsində televiziyanın əvəzsiz rolundan bəhs etdi.
İclasda iştirak edən televiziya əməkdaşları Mədəniyyət Nazirliyi ilə əməkdaşlıqdan məmnunluqlarını bildirdilər. Bu əməkdaşlığı dərinləşdirmək üçün hədəf qruplarının yaradılması və birgə layihələrin hər bir televiziyanın öz auditoriyası ilə uzlaşdırması kimi mühüm məsələlər müzakirə olundu.
Sonda iş planı və yol xəritəsi müəyyən olundu.