Özbəkistanın Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində vilayətin mərkəzi Urgənc şəhərindəki Dövlət Dram Teatrında Azərbaycanın milli geyimlərinin də yer aldığı “Əbədi dostluğumuz” adlı sərgi açılıb.
Sərgidə Xarəzm vilayətinin hakimi Fərxad Ermanov, Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov, “Kaspi” qəzetinin təsisçisi, yazıçı-publisist Sona Vəliyeva, Azərbaycanın və Özbəkistanın alimləri, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.
Əvvəl iştirakçılar AMM-nin hazırladığı sərgiyə baxıblar.
Foyedə nümayiş edilən kitab sərgisində ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, habelə Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər təqdim olunub. Azərbaycanın mənzərələrini əks etdirən fotolar, milli musiqi alətləri, qədim əşyalar və suvenirlər də maraqla qarşılanıb.
Sonra Urgənc Dövlət Universitetinin tələbələri tərəfindən “Qarabağ şikəstəsi”nin sədası altında Qarabağa aid milli qadın və kişi geyimləri nümayiş olunub. Milli libaslar nümayiş etdirildikcə hər bir libas haqqında tamaşaçılara məlumat verilib.
AMM-in nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
Mədəniyyət günləri AMM-nin, “Özbəkturizm” Dövlət Komitəsinin, Azərbaycandakı “Kaspi” qəzeti və eyniadlı təhsil şirkətinin və Xarəzm vilayət hakimiyyətinin dəstəyi ilə keçirilib.