4 fevral 2019-cu il tarixində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Gənclər günü münasibətilə ənənəvi təşkil olunan “Gəncliyin səsi” festivalının növbəti tədbiri Masallı “ASAN həyat” kompleksindəki Kinoklubda reallaşıb.
Festival çərçivəsində təşkil olunan tədbirdə gənc rejissorlarla görüş keçirilib və onların filmlərinin nümayişi olub.
Tədbirdə çıxış edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Lətifə Mövsümova və gənc rejissor Murad Quliyev bir neçə ildir ki, Dövlət Agentliyi ilə birgə reallaşdırılan festivalın gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, onların əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıdığını qeyd etmişdir.
Daha sonra Kinoklubda gənc rejissorlar Murad Quliyev və Zamin Məmmədovun “Debüt” studiyasında istehsal olunan “Yol ayrıcında qalmış taksi” və “Onun atası” adlı qısametrajlı filmləri nümayiş etdirilib.
Film haqqında müzakirələrlə davam edən tədbir yüksək maraqla qarşılanıb.
Qeyd edək ki, fevralın 5-dək davam edəcək festival çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlər, görüşlər və tamaşa nümayişləri keçiriləcək.