Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM), Şamaxı rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şamaxı şəhərində “Mədəniyyət həftəsi” təlimlərinə başlayıb.
Həftə ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında ilk dəfə olaraq, rayonun ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri arasında “Sürətli oxu” yarışması və gənc mədəniyyət işçiləri arasında intellektual oyun keçirilib. Hər iki tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı filialının rəhbəri Rafael Hüseynov, Şamaxı Təhsil şöbəsinin müdiri Namiq Nağıyev, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev, Biləsuvar Dövlət Rəsm Qalereyasının direktoru Rövşən Cənnətov və digərləri iştirak ediblər.
“Sürətli oxu” yarışmasının məqsədi şagirdlər arasında mütaliəyə həvəsin artırılması, şifahi oxu qaydalarına riayət edilməsi, intonasiyanın, vurğunun və durğu işarələrindən düzgün və yerində istifadəsi, üzündən sərbəst oxu, diqqətlilik, fikrin cəmlənməsi kimi bacarıqların inkişaf etdirilməsidir.
Birinci mərhələdə iştirakçılar qum saatının müşayiəti ilə təşkilat komitəsi tərəfindən seçilmiş hekayəni oxuyublar. Daha çox söz oxuyan iştirakçı növbəti mərhələyə keçib. Yarımfinal mərhələsində iştirakçılar tərəfindən növbəti yeni hekayə oxunulub və daha çox söz oxuyan iştirakçı final mərhələsində iştirak etməyə haqq qazanıb. Final mərhələsində isə yarışmanın qaydalarına uyğun ifadəli şəkildə daha çox söz oxuyan 3 şagird - Rəhim Abbaslı – birinci yer, Gülzar Əmralıyeva – ikinci yer və Lütfiyyə Hacızadə üçüncü yein qalibi olub. Bütün iştirakçılara yarışmanın sonunda sertifikat təqdim edilib.
Sonra gənc mədəniyyət işçiləri arasında “Nəsimi ilinə” həsr olunmuş intellektual oyun təşkil olunub. Qeyd etmək lazımdır ki, bu oyun Mərkəz tərəfindən gənc mədəniyyət işçiləri arasında ilk dəfə təşkil edilən intellektual turnirin birinci mərhələsidir.
İntellektual oyunun məqsədi gənc mədəniyyət işçələrinin hazırlıq səviyyəsinin artırılması, onlar arasında koordinasiyanı gücləndirmək və intellektual turnirlərdə iştirak səriştələrin formalasdırılmasını təmin etmək, cəld və analitik düşünmə bacarığını inkişaf etdirməkdir. Bundan əlavə, gənclər arasında yoldaşlıq münasibələri və komanda ruhunu formalaşdırması və inkişaf etdirilməsidir.
Oyunda Kürdəmir, Xaçmaz, Şəki, İsmayıllı, Sumqayıt şəhərlərində çalışan gənc mədəniyyət işçiləri, universitetin tələbələri və könüllüləri iştirak ediblər.
Sonda qalib komanda sertifikat və həvəsləndirici hədiyyə ilə təltif olunub. Turnirin davamı Gəncə və Lənkaran şəhərlərində, final mərhələsinin keçirilməsi isə Bakıda nəzərdə tutulur.