“Memarlıq keramikasının bərpası. Texnologiyalar. Nümunələr.” adlı mühazirə keçirilib.
Dekabrın 4-də Azərbaycan Milli İncəsənət Muzeyində “Memarlıq keramikasının bərpası. Texnologiyalar. Nümunələr.” adlı mühazirə keçirilib. “Keramarx” Memarlıq Bədii Keramika Muzeyinin və “Pallada” bərpa-istehsalat şirkətinin direktoru Konstantin Lixolat tərəfindən təqdim olunmuş mühazirədə bərpa prosesinin çətinlikləri və incə məqamları haqqında danışılaraq, mədəni irsin qorunub saxlanılmasının vacib əhəmiyyəti vurğulanıb. Məruzəçi xüsusilə, müəyyən tarixi dövrlərdə istifadə olunan ənənəvi texnologiyalar və materiallara diqqət yetirib. Konstantin Lixolat öz iş fəaliyyəti haqqında danışaraq, keçmiş əsrlərdə sarayları və evləri bəzəyən qədim kaminlər üzərindəki bərpa mərhələləri barədə ətraflı məlumat verib. Bundan əlavə, dinləyicilər keramika bəzəklərinin simvolikası haqqında maraqlı faktlar öyrəniblər.
Mühazirənin sonunda Konstantin Lixolat auditoriyanın suallarını cavablandıraraq müasir texnologiyaların tarixi orijinallığı qorumaqla obyektlərin mədəni dəyərinə xələl gətirmədən necə qorunub saxlanılması haqqında danışıb.