Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə oktyabrın 2-dən 8-dək ölkəmizdə ilk dəfə “Baku Cinema Breeze” adlı böyük film festivalı keçiriləcək. Tədbirin açılış mərasimi oktyabrın 2-də Heydər Əliyev Mərkəzində baş tutacaq.
“Baku Cinema Breeze” indiyə qədər ayrı-ayrılıqda təşkil olunan bir sıra tanınmış festivalları bir araya gətirərək dünya kinematoqrafiyasının şedevrlərini nümayiş etdirmək üçün vahid şəbəkə rolunu oynayacaq. Tədbirdə müvafiq dövlət qurumlarının rəhbərləri, yaradıcı sektorun təmsilçiləri, beynəlxalq və yerli təşkilatların nümayəndələri, yüzlərlə yaradıcı şəxs, şirkətlər və
ictimai birliklər iştirak edəcəklər.
Festival çərçivəsində şərq ölkələrinin filmlərinin dünyaya tanıdılması üçün vacib bir platforma rolunu oynayacaq “Omarket” (Şərq ölkələrinin kino marketi) də təşkil olunacaq. “Omarket”in açılışı oktyabrın 3-də Heydər Əliyev Mərkəzində reallaşacaq.
Qeyd edək ki, festival müddətində Nizami Kino Mərkəzi, “CineMastercard Azərbaycan” kinoteatrı, “YARAT” Müasir İncəsənət Məkanı, “Kapellhouse Baku”, “Landmark” və “YAY Gallery” məkanlarında paytaxt sakinləri və qonaqları, ümumilikdə bütün kinosevərlər üçün film nümayişləri təşkil olunacaq.
Tədbirin məqsədi Azərbaycanı regionda kino sənayesinin mərkəzi kimi tanıtmaq, kino mədəniyyətini inkişaf etdirmək və yerli ekosistemi bir çətir altında birləşdirməkdir.
“Baku Cinema Breeze” festivalı ABŞ, Kanada, Hindistan, Niderland, Türkiyə, Almaniya, Portuqaliya, BƏƏ, Yunanıstan, Koreya, Gürcüstan, Estoniya və digər ölkələrdən kino sənayesi nümayəndələrini, həmçinin dünya kinematoqrafiyasının tanınmış simalarını Azərbaycanda bir məkana toplayacaq. Audiovizual sənayesinin inkişafına istiqamətlənən bu tədbir Mədəniyyət Nazirliyinin “Yaradıcı Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, festival barədə daha ətraflı məlumatları bu linkə daxil olaraq əldə etmək mümkündür: www.bakucinemabreeze.az