Sentyabrın 25-də Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Astananın Sülh və Əmin-amanlıq Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblının konserti keçirilib.
Mərasimdə rəsmi şəxslər, iki ölkənin elm, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər. Konsert proqramında ansambl tərəfindən "Mənim Azərbaycanım süitası", "Qazaxı", "Nağaraçılar", "Qaytağı", "Toy", "Ağ çiçəyim", "Çayçı" rəqsləri, "Sarı gəlin" kompozisiyası, "Vətən süitası" və digər nömrələr ifa edilib. Ansamblın rəngarəng çıxışlarını qazaxıstanlı tamaşaçılar gur alqışlarla mükafatlandırıb. Qeyd edək ki, Azərbaycan Dövlət Rəqs Ansamblı 1970-ci ildə yaradılıb.
Bu illər ərzində kollektiv milli rəqs ənənələrinə əsaslanaraq Azərbaycan xoreoqrafiyasının parlaq təbliğatçısı olub. Ansambl ABŞ, Yaponiya, İtaliya, Fransa, Avstriya, Almaniya, Portuqaliya, İspaniya, Norveç, İsrail, Tunis, Əlcəzair, Türkiyə, Hindistan, Nepal, İsveçrə, Çin, İraq, Vyetnam, Mərakeş, Meksika, Braziliya, Kuba, Cənubi Koreya, Belçika, Səudiyyə Ərəbistanı, habelə keçmiş SSRİ məkanının bütün respublikalarında çıxışlar edib. Ansamblın repertuarına Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Cahangir Cahangirov, Fikrət Əmirov, Telman Hacıyev, Səid Rüstəmov, Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Aqşin Əlizadə, Eldar Mansurov, Cavanşir Quliyev, rus bəstəkarı İqor Stravinskinin əsərləri və dünya xalqlarının rəqsləri daxil edilib.
Ansambl 1980-ci ildə Moskvada keçirilən Olimpiya Oyunlarının mədəni proqramında, eləcə də Yaponiya (1988), Almaniya (2000), Çin (2010) və İtaliyada (2015) EXPO sərgilərində çıxış edib. 1979-cu ildə Tunisdə keçirilən “Karfagen” beynəlxalq folklor festivalının qızıl medalına layiq görülüb.
Milli mədəniyyətimizin inkişafında və təbliğində xidmətləri nəzərə alınaraq ansambla 1991-ci ildə "Əməkdar kollektiv" fəxri adı verilib.
2018-ci ildən ansamblın rəhbəri Xalq artisti Rüfət Xəlilzadədir. Kollektiv Azərbaycanın zəngin rəqs və musiqi mədəniyyətini təmsil edən yeni konsert proqramı ilə dünya turnesinə çıxmağı planlaşdırır.