Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan İctimai Şuranın sədri, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov ölkənin mədəni həyatı, dövlətimizin mədəniyyət siyasəti, bu sahədə müasir çağırışlar barədə fikirlərini bölüşüb.
İclasda bu günədək həyata keçirilən tədbirlər və gələcəkdə görüləcək işlər barədə bəhs edilib. O cümlədən Bakı şəhəri və Mil-Muğan regionu üzrə keçirilən ictimai dinləmələr, uşaq ədəbiyyatının, özəl nəşriyyatların mövcud vəziyyəti ilə bağlı aparılan müzakirələr, müxtəlif beynəlxalq və yerli tədbirlərdə iştirakla əlaqədar məlumat verilib, habelə şuraya edilən müraciətlər, qaldırılan məsələlər və təkliflər barədə danışılıb.
Tədbirdə digər regionlar üzrə də ictimai dinləmələrin keçirilməsi, mədəniyyət sahəsində fəaliyyəti ilə seçilən qeyri-hökumət təşkilatları, eyni zamanda mədəniyyət yazarları ilə ayrıca görüşlərin və müzakirələrin təşkili məsələləri ilə bağlı da fikir mübadiləsi aparılıb.