Bakıda keçirilən Rusiya Mədəniyyəti Günləri çərçivəsində iyunun 25-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında qonşu ölkədən gəlmiş mütəxəssislər Aleksandrina Koloqriva və Nataliya Kulikovanın aktyor sənəti, Alina İvaxın isə vokal üzrə ustad dərsləri təşkil olunub. Ustad dərsində incəsənət sahəsi və aktyorluq üzrə təhsil alan tələbələr iştirak ediblər.
Yaradıcılıq yolundan danışan Moskva Quberniya Teatrının truppa rəhbəri Alina İvax bildirib ki, vokalçılar üçün aktyorluq sənətini tədris etməklə yanaşı, “vokal terapiyası” üzrə ustad dərslərinə də rəhbərlik edir. A.İvax həmçinin Rusiyada artıq yeddinci dəfə keçiriləcək Beynəlxalq böyük uşaq festivalı haqqında məlumat verib.
Bildirib ki, “Roskonsert” həm regionlarda, həm də ölkədən kənarda festivala pedaqoqlar və sənət adamlarını cəlb edir. “Biz səbirsizliklə azərbaycanlı sənət adamlarını da Moskvada gözləyirik. Ümid edirəm ki, mədəniyyət sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı bundan sonra da inkişaf edəcək. Bu çox vacibdir. Çünki təcrübə mübadiləsi həmişə zənginlik gətirir”, – deyə mütəxəssis əlavə edib. Qonaq sənətçilər Azərbaycan incəsənəti, xüsusilə də, film və tamaşalarımızı izlədiklərini diqqətə çatdırıblar. Ustad dərsində müəllif, yazıçı, aktyor, ssenari, səs məsələləri, yeni nəsil aktyorlar, repertuar və dramaturgiya mövzusunda fikir mübadiləsi aparılıb. Yeni aktyor nəslinin tamaşaçını cəlb etmə xüsusiyyətləri, teatrda yeni adlar və tamaşaçı marağı ilə bağlı söhbət açılıb.
Bildirilib ki, Rusiyada yeni dram əsərləri əvvəlcə regionlarda səhnələşdirilir, daha sonra paytaxtda fəaliyyət göstərən rejissorlar onların sırasından ən yaxşılarını seçib təqdim edirlər.
Qonaqlar Rusiya teatrlarında tətbiq olunan yeni yanaşmalardan bəhs edib, tələbələrin suallarını cavablandırıblar.