23-26 aprel tarixlərində ölkəmizdə ilk dəfə Qırğız Mədəniyyəti Günləri keçirilir. Aprelin 23-də Nizami Kino Mərkəzində tədbirlər silsiləsindən ilki – Qırğız kinosu günlərinin açılış mərasimi olub.
Tədbirdə rəsmilər, iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov Azərbaycan və qırğız xalqları arasındakı tarixi dostluq əlaqələrindən danışıb. Qeyd edib ki, Türk dünyası ailəsinin üzvləri kimi xalqlarımızı həm də mədəniyyət yaxınlaşdırır.
İki ölkə kinematoqrafçılarının əlaqələrindən bəhs edən nazir müavini bildirib ki, 2023-cü ildə Bakıda keçirilən III “Korkut Ata” film festivalında Qırğızıstanın “Tanrıverdi” filmi “Ən yaxşı rejissor” nominasiyasında qalib olub: “Son illərdə qırğız kinematoqrafiyası inkişaf edir, beynəlxalq festivallarda uğur qazanır. Ümid edirik ki, dost ölkənin kino xadimlərinin Bakıya budəfəki gəlişi, filmlərinin nümayişi bu sahədə əməkdaşlığa da öz töhfəsini verəcək”.
Qırğız Respublikası mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Timurlan Ajımaliyev iki ölkə arasında mədəni humanitar sahədə əməkdaşlıqda kinonun böyük əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edilib ki, kino günlərinin proqramına müasir qırğız rejissorlarının filmləri daxildir. Bu da Azərbaycan tamaşaçısını Qırğızıstanın müasir düşüncəsi ilə tanış etmək baxımından əhəmiyyətlidir.
Qırğızıstanın ölkəmizdəki səfiri Kayrat Osmonaliyev də xalqlarımız arasında dostluq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib.
Sonra rejissor Ruslan Akunun “Cənnət anaların ayaqları altındadır” filmi nümayiş olunub.
Qeyd edək ki, Bakıda nümayiş üçün “Qırğızfilm” kinostudiyasının daha bir yeni ekran işi – rejissor Tınçtık Abilkasımovun “Xəta#404” filmi də gətirilib. Hər iki ekran əsəri Nizami Kino Mərkəzində bir neçə seansda (23-25 aprel) nümayiş olunur. Filmlərə baxış ödənişsizdir.
Nizami Kino Mərkəzində qırğız kinematoqrafiyasına həsr edilmiş fotosərgi də açılıb.
Xatırladaq ki, mədəniyyət günləri çərçivəsində Qırğızıstan incəsənət ustalarının qala-konserti, ölkənin dekorativ-tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi, geyim kolleksiyası və milli mətbəx nümunələrinin nümayişi də planlaşdırılır.