Yanvarın 25-də Milli İncəsənət Muzeyində mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə muzey müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib.
Nazir çıxış edərək bildirib ki, ölkəmizdə muzey işi, muzey müəssisələrinin müasir dövrün tələblərinə uyğun fəaliyyətinin təşkili ölkə rəhbərliyi və dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin bu sahəyə dair sərəncam və tapşırıqlarına uyğun olaraq, paytaxtda və regionlarda mövcud muzey binalarının əsaslı təmiri və ekspozisiyaların zənginləşdirilməsi, yeni muzeylərin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və himayəsi ilə Heydər Əliyev Fondu tərəfindən mədəni irsimizlə bağlı həyata keçirilən genişmiqyaslı fəaliyyətdə muzeylərlə bağlı layihələr mühüm yer tutur. Bu layihələr ölkəmizin muzey incilərinin dünyada tanıdılması ilə yanaşı, bir sıra ölkələrin muzey fondlarındakı Azərbaycan xalqına məxsus mədəni irs nümunələrinin, o cümlədən qədim xalça məmulatlarının, əlyazmaların surətlərinin Vətənə qaytarılmasına xidmət edir. Muzeylərin fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulmasının zərurətə çevrildiyini deyən nazir bu sahədə konkret addımların atılmasının vacibliyini vurğulayıb. Qeyd olunub ki, muzey müəssisələrinə daha geniş ziyarətçi kütləsinin cəlb olunması, muzey fondlarının zənginləşdirilməsi və inventarizasiyası, ekspozisiyaların və fondların müasir avadanlıqla təchiz edilməsi, kadr islahatlarının həyata keçirilməsi, dünya muzeyləri ilə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin təşkili diqqətdə saxlanılmalıdır. Bundan əlavə, muzey əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə onların müvafiq təlimlərdə iştirakı təmin edilməlidir.
Vurğulanıb ki, həssas qruplardan olan vətəndaşların muzeylərin xidmətlərindən lazımi şəkildə istifadəsi məqsədilə inklüziv layihələr həyata keçirilməlidir. Uşaqlar və gənclərin muzeylərə marağını təmin etmək məqsədilə yeni layihələr nəzərdə tutulmalıdır. Müəssisələrdə yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunmalı, bununla bağlı əməkdaşlar dəqiq və davamlı təlimatlandırılmalıdırlar.
Müşavirədə çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Sərdar Fərəcov, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Abdulla Şaiqin Ev-Muzeyinin direktoru Ülkər Talıbzadə, Cəfər Cabbarlının Ev-Muzeyinin direktoru Qəmər Seyfəddinqızı sahə üzrə problemləri diqqətə çatdırıb, təkliflərini səsləndiriblər.