Xəbər verdiyimiz kimi, tanınmış müğənni, Əməkdar artist Aygün Bəylər 6 yanvar 2024-cü il tarixində uzun sürən ağır xəstəliklə bağlı müayinə üçün getdiyi Türkiyənin Ankara şəhərində vəfat edib.
Yanvarın 8-də Səttar Bəhlulzadə adına Mədəniyyət evində sənətkarla vida mərasimi keçirilib.
Tabutun önünə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adından əklil qoyulub.
Mərasimdə mədəniyyət nazirinin müavinləri Murad Hüseynov, Səadət Yusifova, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Vida mərasimindən sonra müğənninin cənazəsi Suraxanı qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, Aygün Aydın qızı Hümbətova (Aygün Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub.
1988-ci ildə yeni yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyasına solist olaraq qəbul edilib. 1995-ci ildə Şövkət Ələkbərova adına musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb.
Aygün Bəylər 1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Xanəndəlik fakültəsinə daxil olub. Burada Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev və başqa görkəmli sənətkarlardan muğamın incəliklərini öyrənib.
2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində ənənəvi keçirilən “Şərq təranələri” beynəlxalq musiqi festivalında folk-muğam triosunun müşayiəti ilə çıxış edən Aygün Bəylər Azərbaycan muğam məktəbini uğurla təmsil edərək birinci mükafata layiq görülüb.
Müğənni 2005 – 2010-cu illərdə Fransa, İspaniya, Mərakeş, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Yunanıstan, Almaniya, Cənubi Koreya, İsveç, Danimarka və s. ölkələrdə konsert proqramları ilə çıxış edib.
2002-ci ildə “Əməkdar artisti” fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin!