Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2304

Azərbaycanda ilk dəfə keçirilən Mədəni İrs Forumunun geniş icmalı

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində 18-19 dekabr tarixlərində ölkəmizdə ilk dəfə Mədəni İrs Forumu keçirilib.

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumun iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, qarşısına tər çiçəklər düzərək əziz xatirəsini ehtiramla anıblar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, üzərinə tər çiçəklər qoyulub.

Sonra “Gülüstan” Sarayında forumun açılış mərasimi keçirilib. Mərasimdə rəsmilər, millət vəkilləri, elm və mədəniyyət xadimləri, mədəni irs üzrə mütəxəssislər iştirak ediblər.

İştirakçılar əvvəlcə sarayın foyesində milli tətbiqi-dekorativ sənət nümunələri – misgərlik, xalçaçılıq, kəlağayı sənəti və təkəlduz örnəklərindən ibarət sərgi ilə tanış olublar.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova açılış mərasimində çıxış edərək bildirib ki, hər bir xalqı dünyada tanıdan ən önəmli xüsusiyyət onun mədəniyyətidir. Mədəni-mənəvi dəyərlərimiz tarixin müxtəlif mərhələlərində bir sıra çətinliklərlə üzləşib. Ancaq xalq kimi varlığımızı qoruyub saxlayan məhz bizim ənənələrimiz, tariximiz, ədəbiyyatımız, ana dilimiz və mədəniyyətimiz olub.

Qeyd edilib ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən mədəni irsimizin qorunması, bərpası və təbliği diqqət mərkəzində saxlanılır. Xüsusilə Heydər Əliyev Fondu tərəfindən bu sahədə böyük işlər görülür, müxtəlif layihələr həyata keçirilir.     

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun irs nümunələri haqqında söz açan nazir müavini bu ərazilərdə 705 tarix və mədəniyyət abidəsinin dövlət qeydiyyatına alındığını diqqətə çatdırıb: “Aparılan təhlillər nəticəsində müəyyən olunub ki, həmin ərazilərdə çoxsaylı dövlət qeydiyyatına alınmayan tarixi, arxeoloji və memarlıq əhəmiyyətli daşınmaz mədəni irs obyektləri də mövcuddur. İşğal dövründə onlar ermənilər tərəfindən məqsədli şəkildə dağıntıya, vandalizmə məruz qalıb, 47 abidə yer üzündən silinib. 2020-2022-ci illərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidməti tərəfindən 433 tarix-mədəniyyət abidəsinə baxış keçirilib, eləcə də həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 182 obyektin – yeni aşkar olunmuş abidənin monitorinqi aparılıb”.

Mədəni irsimizin beynəlxalq aləmdə təbliği barədə danışan Səadət Yusifova deyib ki, ölkəmizdə 26 tarix-mədəniyyət qoruğu fəaliyyət göstərir. Onlardan 4-ü UNESCO-nun Dünya İrs Siyahısında yer alıb. Azərbaycanın 23 qeyri-maddi mədəni irs elementi UNESCO-nun qeyri-maddi mədəni irs üzrə siyahılarına daxil edilib.

Bildirilib ki, hazırda ölkəmizdə dövlət mühafizəsinə götürülmüş 6308 abidə mövcuddur. Onlardan 1400-dən çox tarixi-mədəni əhəmiyyətli obyekt yeni aşkar edilmiş abidə qismində qeydə alınıb: “Son 3 il ərzində ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanın gələcəkdə qarşılaşacağı təhdidlər sırasında mədəni irs də var. Ona görə də bu istiqamətdə görüləcək işlərə daha həssas, sistemli və kompleks yanaşılmalı, kadr hazırlığına xüsusi diqqət yetirilməli, elmi araşdırmaların sayı və keyfiyyəti artırılmalıdır. Bu baxımdan, iki gün ərzində forum gedişində mədəni irsin qorunması ilə bağlı müzakirələrə çıxarılacaq məsələlər və təkliflər diqqətə alınacaq və 2040-cı ilə hədəflənmiş yeni Mədəniyyət Konsepsiyasında öz əksini tapacaq”.

Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin sədri Elbay Qasımzadə forumun əhəmiyyətini yüksək qiymətləndirib. Deyib ki, zəngin mədəni irsimiz dünya xalqları sırasında özünəməxsusluğumuzun göstəricisidir.

Qeyd edilib ki, mədəni irsimizin tədqiqi və dünya miqyasında təbliği ölkəmizə rəhbərliyinin hər iki dövründə Ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olub. Ulu öndərin ideyalarının davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında bu istiqamətdə davamlı iş aparılır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun dəstəyi ilə genişmiqyaslı layihələr reallaşdırılıb.

Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov da forumun önəmini vurğulayıb, aparılacaq müzakirələrin ümumilikdə mədəniyyətimiz üçün faydalı olacağına inandığını deyib.

Çıxışlardan sonra forum işini panel müzakirələrlə davam etdirib.

***

Dekabrın 18-də “Gülüstan” Sarayında Mədəni İrs Forumunun açılış mərasimindən sonra ilk panel iclası keçirilib.

“Təsviri  sənət və müasir çağırışlar” adlı ilk panel “Yeni Qallery” Bakı İncəsənət Mərkəzinin rəhbəri, sənətşünas Rafael Gülməmmədovun moderatorluğu ilə gerçəkləşib.

Təsviri sənət sahəsində təhsil mövzusunda danışan Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru professor Natiq Əliyev bu istiqamətdə görülən işlər, universitet olaraq tələbə rəssamlara yaratdıqları şərait, müştərək sərgi və müsabiqələr barədə məlumat verib. Deyib ki, uşaqlara kiçik yaşlarından, hətta uşaq bağçasından təsviri sənətlə bağlı bilgilər verilməlidir. Sonrakı mərhələlərdə bu zəncirin qırılmamasına diqqət yetirilməlidir. Rektor rəssamlıq təhsilində magistratura pilləsində müəyyən problemlərin olduğunu da diqqətə çatdırıb: “Son illər rəssamlıq sənətinə qızlar daha çox gəlir və daha çox interyer-dizayn ixtisasını seçirlər. Təəssüf ki, klassik ixtisaslara maraq azalır. Buna görə də klassik ixtisaslara maraq artırmaq üçün təbliğat xarakterli işlər aparırıq”.

Xalq rəssamı, heykəltaraş Hüseyn Haqverdi çıxışında müasir şəhərsalmada rəssam işinin, demək olar ki, nəzərə çarpmadığını qeyd edib. Bildirib ki, paytaxt və bölgələrdə vaxtilə hazırlanmış mozaik əsərlər diqqətdən kənarda qalıb, bir çoxu isə baxımsızlıqdan dağılmaq təhlükəsi ilə üz-üzədir. İnteryer və eksteryerdə mozaik  panno və tablolara diqqət artırılmalıdır.

Xalq rəssamı Eldar Mikayılzadə ənənəvi sənətin müasir dildə ifadəsi məsələsinə toxunub. Heydər Əliyev Fondu tərəfindən çap olunan “İlmələrin rəqsi” kitabından danışan rəssam bu layihənin xalça sənətimizin, xalça məktəblərimizin dünyada təbliği baxımından önəmini qeyd edib. Deyib ki, İrəvan xalça məktəbi sahəsində apardığı tədqiqatlar üzrə daha bir nəşr ərsəyə gələcək.

Rəssam Anar Hüseynzadə rəqəmsal incəsənətlə bağlı fikirlərini bölüşüb. O, Qarabağ səfərlərinin rəssam kimi fəaliyyətlərində maraqlı bir iz qoyduğunu diqqətə çatdırıb. A.Hüseynzadə həmçinin rəssam əməyinin kapitala çevrilməsi üçün təhsildə marketinq üzrə ixtisasların açılmasının zəruriliyini qeyd edib.

Sonda qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

***

Mədəni İrs Forumunun ikinci paneli “Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar” mövzusuna həsr olunub.

Panelin moderatoru Mədəniyyət Nazirliyi İncəsənət şöbəsinin müdiri Sevil Kərimova mövzu barədə məlumat verərək çıxışçıları səhnəyə dəvət edib. Sonra Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış qeyri-maddi mədəni irsimizə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, memar Elçin Şamilli “Dekorativ-tətbiqi sənət nümunələri və müasir bədii ifadə formaları” mövzusunda çıxışında müasir dövrdə vizual dilin dekorativ-tətbiqi sənətlərdə, memarlıqda, dizayn sənətində oynadığı roldan danışıb.

Azərbaycan Milli İncəsənət Muzeyi Elm şöbəsinin müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Telman İbrahimov son otuz ildə ermənilər tərəfindən mənimsənilən, talanan mədəni sərvətlərimiz haqqında söz açıb, son zamanlar bədnam qonşularımızın Xankəndidən apardıqları qeyri-maddi mədəni irs nümunələrini özlərininki kimi təqdim etməyə başladıqlarını söyləyib. O, itirdiyimiz sərvətlərin “qırmızı kitabı”nın tərtib edilməsinin vacibliyini qeyd edib.

“Azərxalça” ASC-nin kreativ direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Əsmər Abdullayeva “Qeyri-maddi mədəni irs yaradıcılıq və innovasiyaların əsası kimi: iqtisadi və sosial aspekt” mövzusunda çıxış edib. O, Bakının Pirşağı, Balaxanı və digər qəsəbələrində heç vaxt işləməmiş qadınlar üçün xalçaçılıq, keçəçilik kurslarının təşkil edilməsindən, qədim texnologiya ilə boyaqçılıq sənətinin, Şəkidə ipəkbasma sənətinin dirçəldilməsindən danışıb. Sənətşünas alim gənc xalçaçı rəssamların yenilikçi ideyaları üçün yeni imkanların yaradılması üçün də təkliflərini səsləndirib.

Əməkdar rəssam Məmmədhüseyn Hüseynov “İtirilməkdə olan sənət növləri və ənənələrin ötürülmə mexanizmləri” adlı məruzəsində tərtib etdiyi xalça sənətində unudulmaqda olan mədəni irs nümunələrinə dair cədvəli slayd kimi təqdim edib, təkliflərini dilə gətirib.

Panelin sonuncu məruzəçisi – Mədəniyyət Nazirliyinin sektor müdiri Nuriyyə Məmmədovanın “Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri beynəlxalq siyahılarda” mövzusunda çıxışı dinlənilib. O, Qeyri-maddi mədəni irsin qorunmasına dair UNESCO Konvensiyasının şərtləri barədə məlumat verib.

Çıxışlardan sonra qaldırılan məsələlər və təkliflər barədə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

***

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəni İrs Forumunun dekabrın 18-də reallaşan üçüncü – sonuncu paneli “Azərbaycanda daşınar mədəni irs. Muzey işi və müasir çağırışlar” mövzusuna həsr olunub.

Panelin moderatoru Heydər Əliyev Mərkəzinin Layihələrin idarə edilməsi departamentinin direktoru Nərgiz Abdullayeva mövzu barədə məlumat verərək çıxışçıları səhnəyə dəvət edib. Sonra Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış qeyri-maddi mədəni irsimizə həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda Ulu öndər Heydər Əliyevin muzey işi sahəsinə göstərdiyi diqqət  və qayğı, Prezident İlham Əliyevin sərəncamı ilə İşğal və Zəfər muzeylərinin yaradılmasını əks etdirən videomateriallar nümayiş olunub.

Milli İncəsənət Muzeyinin direktoru, Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova “Dünya muzeylərində qorunub saxlanılan Azərbaycan mədəniyyət nümunələrinin müəyyən edilməsi, öyrənilməsi və atribusiyası, onların Azərbaycana məxsusluğunun sübuta yetirilməsi” mövzusunda çıxış edib. Qeyd edib ki, Rusiya Dövlət Şərq Xalqları Muzeyi, Luvr Muzeyi, İstanbul Türk və İslam Əsərləri Muzeyində Azərbaycana məxsus sənət nümunələri qorunur. Onların atribusiyası aparılıb, həmin nümunələrin sərgiləri təşkil edilib, kataloqları hazırlanıb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşı Vasif Qurbanov “Mədəni sərvətlərin idxalı və ixracı, tranzit qaydaları” mövzusunda çıxışında Gömrük Tarixi Muzeyinin fəaliyyəti haqqında məlumat verib. Sərgi, beynəlxalq mədəniyyət  tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı zamanı qanunvericiliklə nəzərdə tutulan hüquqi aktların və mexanizmlərin işlənmə prosesini diqqətə çatdırıb.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Mədəniyyət Nazirliyi Muzey, qalereya və sərgilər şöbəsinin sektor müdiri Altun Mikayıllı mədəni sərvətlərin ölkədən çıxarılma və qaytarılma qaydaları haqqında söz açıb.

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova rəhbərlik etdiyi mərkəzin fəaliyyətindən, tarix yadigarlarına ikinci həyatın verilməsi prosesindən danışıb.

Heydər Əliyev Mərkəzinin nümayəndəsi Zafiq Xəlilov mərkəzin muzey və sərgi fəaliyyəti ilə bağlı məlumat verib. Qeyd edib ki, mərkəzdə 11 ildə 450-dən çox sərgi və tədbir keçirilib. Mərkəz tərəfindən təşkil edilən yeni tendensiyalara uyğun sərgilər maraqla qarşılanıb və dünyanın müxtəlif mədəniyyətlərini əks etdirən nümunələr təqdim edilib.

Milli İncəsənət Muzeyi Elmi bərpa şöbəsinin müdiri Natiq Səfərov “Maddi texniki bazanın gücləndirilməsi. Müasir muzeylər. Muzeylər sosial təhsil vasitəsi kimi” mövzusunda çıxışında elmi bərpa işinin təşkili və bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd edib.

İşğal və Zəfər muzeylərinin təşkili üzrə kreativ direktor, ekspert Fabrisio Konti “İşğaldan azad olunmuş ərazilərdə muzeylərin bərpası. İşğal və Zəfər muzeyləri” mövzusunda çıxış edib. O, 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra mədəni sərvətlərin dağıdılması dəhşətini ilk dəfə gördüyünü bildirib. Deyib ki, hazırda Laçın, Kəlbəcər və Zəngilanda İşğal və Zəfər muzeylərinin yaradılması istiqamətində işlər aparılır. Muzeylərdə işğaldan əvvələ və Zəfərdən sonraya aid ekspozisiyalar yaradılacaq.

Sonra mövzular üzrə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

***

Dekabrın 18-19-da keçirilən Mədəni İrs Forumu çərçivəsində “Gülüstan” Sarayında “Qarabağ incəsənət düşərgəsi” adlı sərgi təşkil olunub.

Sərgidə işğaldan azad olunmuş ərazilərə Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan səfərlər zamanı sənətkarların ərsəyə gətirdikləri əl işləri yer alıb.

Ekspozisiyada Heydər Əliyev Fondu tərəfindən nəşr edilən, Qarabağdakı mədəni irsimizi əks etdirən kitab-albom da nümayiş olunur. İngilis dilində çap olunan kitab-albomda işğaldan azad edilmiş ərazilərimizdəki sənət nümunələrimiz, onların real təsvirləri verilib.

Rəssamların işləri arasında Cavanşir Məmmədovun “Qarabağ, əziz Şuşa, sən azadsan!”, Samir Səmədovun “Xəzinə yüklü Qarabağ gözəli”, Kamran Əsədovun “Zəfər” və digər müəlliflərin rəngkarlıq və heykəltəraşlıq nümunələri maraq doğurur.

Sərgi məkanında yer alan Gömrük Tarixi Muzeyinin stendində də maraqlı nümunələr var. Qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmağa cəhd göstərilən əşyalar maddi mədəniyyət nümunələri kimi təqdim edilir. Burada zinət əşyalarından silah növlərinə, qiymətli əlyazmalardan musiqi alətlərinə müxtəlif əsərlər maraqla qarşılanır.

Sərgidə həmçinin təkəlduz tətbiqi sənət növü, misgərlik, zərgərlik, quramalar, təzhib, balaban və sədəfdüzmə nümunələri də təqdim olunur.

***

Heydər Əliyev Fondu və BP şirkətinin birgə layihəsi olaraq ərsəyə gələn “Azərbaycan xalçaları – ilmələrin rəqsi” kitabının ingilis dilində nəşri Mədəni İrs Forumu çərçivəsində təqdim edilib.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov xalçaçılıq sənətinin təbliğinin vacib olduğunu vurğulayaraq kitabın bu baxımdan əhəmiyyətini qeyd edib.

Nəşr hər bir xalçanın fərqləndirici xüsusiyyətləri haqqında müfəssəl məlumatlarla müşayiət olunur. Kitaba Azərbaycan xalçaçılıq sənətinin tarixi, əsas istiqamətləri və texnikası, həmçinin bu layihənin ilham qaynağı olmuş memarlıq və mədəniyyət möcüzələri haqqında məlumatlar daxildir. Nəşrdə adıçəkilən xalçaların hazırlanmasında 6 rəssam və 14 xalçaçı iştirak edib. Heydər Əliyev Fondu tərəfindən hazırlanan layihə üzrə xalçalar təbii boyalarla rənglənmiş ipək və yun iplərdən toxunub. Burada 170 rəng və çalardan istifadə olunub.

Xatırladaq ki, kitabın Azərbaycan dilində nəşri və eyniadlı xalça kolleksiyasından ibarət sərgi 2022-ci ildə Heydər Əliyev Mərkəzində təqdim edilib.

***

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəni İrs Forumunun ikinci iş günü – dekabrın 19-da üç panel toplantısı olub.

İkinci günün ilk paneli Azərbaycanın daşınmaz tarixi-mədəni irsinin tədqiqi və mühafizəsi mövzusuna həsr edilib.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Nazlı Əhmədovanın moderatorluğu ilə keçirilən paneldə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə heyətinin sədri Şahin Seyidzadə “Mədəni irsin qorunması, monitorinqi, inventarlaşdırılması və pasportlaşdırılması, abidənin bərpa-konservasiya təcrübəsi, ənənələr və müasir yanaşmalar” mövzusunda çıxış edib. O, qoruq ərazisindəki tarixi abidələrdən və ərazidə yaşayış şərtlərindən danışıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva “Mədəni irsin qorunması sahəsində qanunvericilik məsələləri” mövzusunda çıxış edib. Abidələrə qanunsuz müdaxilələrdən danışan xidmət rəisi diqqətə çatdırıb ki, vətəndaşların istifadəsində olan tarixi-mədəni abidələrimizin bir qismi baxımsız vəziyyətdədir. Burada ərazi şəraiti, yaxud abidənin fərdi mülkiyyətə məxsus sahədə olması və digər bu kimi amillər həmin abidələrin mühafizəsinə əngəl törədir.

Xidmət rəisi qurumun hədəfləri barədə də danışıb: “Abidələrin qorunması prosesində monitorinqlərin davam etdirilməsi, daşınmaz mədəni sərvətlərin müəyyənləşdirilməsi, Ekspert şurası tərəfindən yeni siyahının və elektron reyestrin işlənilməsi, abidələrdə müdaxilələrin və dağıntıların müəyyən edilməsi, qəzalı vəziyyətdə olan abidələrin bərpası, pasportlaşdırılması, müasir və çevik sistemin işlənilməsi və digər bu kimi işlər görülməlidir”.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun icraçı direktoru  Zaur Həsənov “Arxeoloji abidələrin tədqiqinə yeni üsullar: müasir metodologiyalardan istifadə” mövzusunda çıxış edib. Məruzəçi arxeoloji tədqiqatlarda müasir texnologiyaların tətbiqinin əhəmiyyətini diqqətə çatdırıb.

Dövlət Turizm Agentliyi nəzdində Qoruqları İdarəetmə Mərkəzi İdarə heyətinin sədr müavini Sədaqət Davudova “Mədəni irsin qorunmasında qanunvericilik məsələri” mövzusunda çıxışında mərkəzin tabeliyində olan qoruqlardakı irs obyektlərinin mühafizəsi məsələlərindən bəhs edib. Deyib ki, Qoruqları İdarəetmə Mərkəzinin əsas vəzifələri qoruqların ərazilərində yerləşən maddi mədəni və qeyri-maddi tarixi irs nümunələrini qorumaqla onlardan turizm məqsədli səmərəli istifadəni təşkil etmək, qoruq ərazilərində turizm marşrutlarını müəyyən etməklə onların turizm potensialını inkişaf etdirmək, tarixi-mədəni irs nümunələrinin mühafizəsinə və təbliğinə dair tədqiqat işlərini dəstəkləyib ictimai maarifləndirməni artırmaq və s. ibarətdir.

“Mədəni irs abidələrinin idarə edilməsində, onların qorunmasında müasir texnologiyalar və innovasiyalar, kadrların hazırlanması” mövzusunda çıxış edən Avstriyanın “Atəşlər” Erich Pummer” şirkətinin müdir müavini Çingiz Nemanzadə minarələrin bərpasında diqqət edilməli məqamlardan, bu sahədə tətbiq edilən yeni texnologiyalardan söz açıb. Onun çıxışı minarələrin bərpa texnologiyasına dair videoçarxla müşayiət olunub.

Televiziya aparıcısı, bələdçi Fuad Axundov “Memarlıq abidələrinin qorunması və istifadəsində əhalinin sosial məsuliyyəti , dövlət və özəl tərəfdaşlıq” mövzusunda çıxışında tarixi binaların fasadlarına yersiz müdaxilələrdən danışıb. 

Panelin sonunda səsləndirilən təkliflər barədə fikir mübadiləsi aparılıb.

***

Mədəni İrs Forumunun dekabrın 19-da gerçəkləşən ikinci paneli “Postkonflikt dövründə Azərbaycanın tarixi-mədəni və təbii irsinin qorunması” mövzusuna həsr olunub.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzovun moderatorluğu ilə keçirilən paneldə “Qarabağ və Şərqi Zəngəzurun tarixi-mədəni irsi işğaldan əvvəl və sonra”, “Qarabağ və Şərqi Zəngəzur ərazisində yerləşən abidələrin monitorinqi və bununla bağlı çətinliklər”, “Qərbi Azərbaycan ərazisində xalqımızın tarixi və mədəni irsinin qorunması, tədqiqi və mühafizəyə götürülməsinin təmin edilməsi” və “Mədəni sərvətlərin qorunması haqqında beynəlxalq konvensiyaların tətbiqi məsələləri” mövzularında çıxışlar dinlənilib.

Əvvəlcə Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış panelin mövzusu ilə bağlı videoçarx nümayiş etdirilib.

Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev ölkəmizlə təşkilat arasında əlaqələrdən danışıb, bu münasibətlərin əsasında Ulu öndər Heydər Əliyevin uzaqgörən fəaliyyətinin dayandığını qeyd edib. Bildirilib ki, UNESCO-da Azərbaycanın səsinin eşidilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük rolu olub. Diplomat deyib ki, mədəni mirasımıza qarşı erməni vandallarının törətdikləri vəhşilikləri, haqq səsimizi dünyaya çatdırmaq üçün sistemli addımlar atılmalıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Aytən Seyidova Azərbaycanın zəngin flora və faunası haqqında söz açıb. Bildirib ki, işğaldan azad edilmiş ərazilərdə 2-si qoruq, 4-ü yasaqlıq olmaqla 6 təbiət abidəsi var. İşğal dövründə ermənilər tərəfindən həmin ərazilərin böyük bir hissəsi məhv edilib.

AMEA Tarix İnstitutunun əməkdaşı Nazim Mustafa vurğulayıb ki, 1827-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğalından sonra süni surətdə “Erməni vilayəti” yaradılıb. Həmin ərazidə mövcud olmuş 1111 yaşayış məntəqəsindən cəmi 62 kənddə erməni kilsələrinin ətrafında ermənilər yaşayıb.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən Fərhad Quliyev erməni işğalçılarının Qarabağ və Şərqi Zəngəzurda törətdikləri vandalizm aktları barədə danışıb. Deyib ki, işğal dövründə ermənilər hətta qəbiristanlıqları belə məhv ediblər.

Qarabağ Dirçəliş Fondu Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova fondun missiyası, fəaliyyəti haqqında məlumat verib, mədəni irsimizin qorunmasının vacibliyindən danışıb. Qeyd edib ki, bir ölkənin mədəni irsi o ölkənin tarixidir. Hansısa ölkəyə səyahət edərkən, ilk növbədə, həmin ölkənin tarixi-mədəni abidələrini araşdırırıq. Ona görə də maddi-mədəni irsimizin qorunması böyük əhəmiyyət daşıyır.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbiri Azər İbrahimov Qarabağda həyata keçirilən fotoçəkilişlər barədə məlumat verib. Bildirib ki, AZƏRTAC-ın əməkdaşlarından ibarət çəkiliş qrupları Vətən müharibəsi başa çatdıqdan dərhal sonra azad edilmiş ərazilərə yollanaraq doğma şəhər və kəndlərimizdə erməni vandalizminin izlərini beynəlxalq aləmə çatdırmaq üçün gecə-gündüz yorulmadan çalışıb və bu istiqamətdə işlər davam etdirilir.

Sonra səsləndirilən təkliflərlə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

***

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Gülüstan” Sarayında keçirilən Mədəni İrs Forumu dekabrın 19-da başa çatıb.

Forumun “Mədəni irs və müasir memarlıq: şəhərsalma prinsipləri” mövzusunda sonuncu paneli Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Əməkdar memar İlqar İsbatovun moderatorluğu ilə gerçəkləşib.

Paneldə “Müasir Azərbaycan memarlığının inkişafı, milli elementlər və dizayn”, “Dayanıqlı şəhərsalma prinsipləri”, “İşğaldan azad olunmuş ərazilərdə memarlıq və şəhərsalma. Ağıllı şəhərlər”, “Böyük Qayıdış” proqramının reallaşdırılması: çağırışlar və hədəflər”, “Müasir şəhərlər və urbanizasiya məsələləri” və “Şəhərsalma və abidələrin qorunması” mövzularında çıxışlar dinlənilib.

Çıxışlardan əvvəl iştirakçılar panelin mövzusu ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış videoçarxı izləyiblər.

ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə qeyd edib ki, bu gün azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır: “Bununla bağlı təhsil ocağında tələbələr arasında sorğu da keçirilib. Hesab edirəm ki, bu sahədə azad olunmuş ərazilərimizdə məskunlaşacaq insanların fikirlərini öyrənmək çox vacibdir”.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin məsləhətçisi Faiq Hacıyev azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri haqqında məlumat verib. Bildirib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, 2026-cı ilə kimi Ağdam rayonunda 1 şəhər 12 kənd, Füzuli rayonunda 1 şəhər 10 kənd, Xocavənd rayonunda Hadrut qəsəbəsi və Tuğ kəndi layihələndirilərək inşa ediləcək. Eyni zamanda genişmiqyaslı quruculuq işləri çərçivəsində tarixi-mədəni abidələrimizin bərpası da diqqət mərkəzindədir. Bu istiqamətdə də işlər həyata keçirilir.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Tarixi-mədəni irsin idarə olunması və qorunması şöbəsinin müdiri Müslim İmranlı Şuşa şəhəri üçün hazırlanmış baş planın mövcud olan bütün abidələri əhatə etdiyini vurğulayıb: “Uzun illər müzakirələr aparılsa da, ölkəmizdə hələ də abidələrin mühafizə zonalarının müəyyən edilməsi ilə bağlı problemlər mövcuddur. Ümid edirik ki, yaxın illərdə bu məsələ öz həllini tapacaq”.

“Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu Şəhərsalma şöbəsinin müdiri Rafik Mirzəyev hazırda bütün dünyanı əhatə edən urbanizasiya prosesi barədə söz açıb. Deyib ki, ölkəmizdə 79 şəhər mövcuddur. Hesablamalara görə, 30 şəhərin əhalisi 15 mindən, o cümlədən 4 şəhərin əhalisi 5 mindən aşağıdır. Hazırda əhalinin 56,4 faizi şəhər yerlərində yaşayır. Bu da təxminən 5,5 milyona yaxın əhali deməkdir”.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Bununla da ölkəmizdə belə böyük formatda keçirilən ilk Mədəni İrs Forumu başa çatıb.

XƏBƏRLƏR

17.05.2024 18:26
Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib
17.05.2024 18:23
Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb
16.05.2024 17:55
III Regional Xor Müsabiqəsinin Qala konserti keçirilib
16.05.2024 15:57
Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub
13.05.2024 17:41
Mədəniyyət naziri maldivli həmkarı ilə görüşüb
13.05.2024 10:29
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər
10.05.2024 17:40
Mədəniyyət Nazirliyinin tabeliyindəki mədəniyyət müəssisələrinin rəhbərləri üçün təlim keçiriləcək
10.05.2024 08:58
Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb
06.05.2024 17:42
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib
06.05.2024 13:16
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada başlanılır
06.05.2024 09:23
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı ilk dəfə vahid platforma üzərindən müsabiqə elanı
03.05.2024 18:03
Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib
03.05.2024 18:01
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
03.05.2024 17:55
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib
03.05.2024 17:53
“Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda parlamentlərarası konfrans keçirilib
03.05.2024 17:51
“Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı” mövzusunda panel iclas keçirilib
03.05.2024 17:49
"Molla Nəsrəddin – çətin günlərin dostu" filminin çəkilişləri avqustda başlanacaq
03.05.2024 17:47
"Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" mövzusunda IV plenar sessiya keçirilib
03.05.2024 17:45
“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda panel sessiyaya təşkil edilib
03.05.2024 17:41
Forumun IX panel sessiyası “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” mövzusuna həsr olunub
03.05.2024 17:23
“Üfüqləri birləşdirərək: İpək yolu proqramının müasir trendləri və qlobal təsiri” mövzusunda 8-ci panel sessiya keçirilib
03.05.2024 17:18
“Müasir inkişaf meyillərinin təmin edilməsində və iqtisadi şaxələndirmədə mədəni və yaradıcı sənayelərin əhəmiyyəti” mövzusunda panel sessiya keçirilib
03.05.2024 17:08
“Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiya keçirilib
03.05.2024 17:05
“Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd? – Forumun növbəti panel sessiyası
03.05.2024 17:02
Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşüb
03.05.2024 17:00
Forumda “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; qlobal inkişafa doğru” adlı panel sessiya keçirilib
03.05.2024 16:57
Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr olunub
03.05.2024 16:52
Beynəlxalq təşkilatların “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı III Zirvə görüşü keçirilib
03.05.2024 16:42
Forum çərçivəsində nazirlərin 5-ci görüşü keçirilib