Xəbər verdiyimiz kimi, 29-31 oktyabr tarixlərində ölkəmizdə ilk dəfə Musiqi Forumu keçirilir. Forum Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə gerçəkləşir.
Forum oktyabrın 30-da "Gülüstan" Sarayında panel müzakirələrlə işini davam etdirir.
Forumun ikinci gününün ilk paneli “Milli musiqi sənayesinin inkişafı” mövzusuna həsr olunmuşdu.
Pianoçu, "Gamma group" şirkətinin direktoru Zəhra Bədəlbəylinin moderator olduğu paneldə musiqi sənayesinin ekosisteminin formalaşması, daxili bazarın imkanlarının genişləndirilməsi, musiqi məhsullarının yeni kommersiyalaşma üsulları, musiqi sənayesində əqli mülkiyyət hüquqları, dinləyici kütləsinin cəlb olunması yolları və alternativ və underground musiqi cərəyanlarının perspektivləri (rok, rep, meyxana və s.) kimi məsələlər ətrafında çıxışlar dinlənildi.
Əqli Mülkiyyət Agentliyi Aparatının rəhbəri Xudayət Həsənli əqli mülkiyyət, musiqi əsərlərinin satınalması məsələlərindən danışdı.
"Xəzər" TV-nin prezidenti, "M Group Production" şirkətinin rəhbəri Xalq artisti Murad Dadaşov televiziyanın kütlənin zövqünə təsir imkanları və yaradıcılıq sənayesinin tənzimlənməsi mexanizmlərindən bəhs etdi. O, kütləvi sənət, musiqi zövqü ilə bağlı mütəxəssislərin televiziyalara qarşı iradlarını qəbul etmədiyini dedi, televiziyanın media məhsulunun istehsalçısından daha çox təqdimatı ilə məşğul olduğunu əsas gətirdi.
Bəstəkar, Əməkdar artist Rain Sultanov musiqi təhsili ocaqlarında sənət təhsili ilə yanaşı, prodüser, marketinq-menecment üzrə mütəxəssislərin hazırlanmasının vacibliyini vurğuladı.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, "Apeks Advayzers" hüquq şirkətinin təsisçisi Nazlı Əhmədova milli musiqi sənayesinin inkişafının hüquqi aspektlərini, müəlliflik məsələsi ilə bağlı fikirlərini bölüşdü.
Bəstəkar, pianoçu İsa Məlikov musiqi təhsilində təcrübəli mütəxəssislərin çatışmazlığı məsələsini gündəmə gətirdi. Bunun üçün dünyada qəbul olunmuş vahid sistemin ölkəmizdə tətbiqinin zəruriliyini vurğuladı.
Prodüser və televiziya aparıcısı Emin Əfəndi qeyd etdi ki, musiqi və ifaçı olması hələ bu sahədə sənaye mövcudluğuna dəlalət etmir. Bir çox hallarda bunun yalnız toy bazarı ilə tənzimlənir.
Çıxışlarda zəngin ənənələri, görkəmli simaları olan musiqimizdə hazırda bir xaosun müşahidə edildiyi, istehsalçı ilə istehlakçı arasındakı rabitəsizlik kimi məqamlar diqqətə çatdırıldı, təkliflər səsləndirildi.
Sonra tədbir iştirakçılarının sualları cavablandırıldı.