Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçirilir.
Bu il də zəngin proqramı olan festival çərçivəsində konsert proqramları, tamaşa nümayişləri, konfrans və digər tədbirlər təşkil olunur.
Sentyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar incəsənət xadimi, tanınmış memar və rəssam Elturan Avalovun əsərlərindən ibarət sərginin açılışı da musiqi bayramının yaddaqalan tədbirlərdən oldu.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxış edərək sənətkarı yeni sərgisi münasibətilə təbrik etdi yaradıcılıq uğurları arzuladı. Bildirdi ki, rəssam bu günlərdə 150-dən artıq əsərini nazirliyə hədiyyə edib.
Elturan Avalov sərginin təşkilinə görə minnətdarlığını bildirdi. Dedi ki, sərgidə Üzeyir Hacıbəylinin musiqili komediyalarına və xalq mahnılarımıza çəkdiyi illüstrasiyalar nümayiş olunur. 50-yə yaxın əsərin yer aldığı sərgi tamaşaçılar tərəfindən maraqla qarşılandı.