Avqustun 2-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının yaradılmasının 100 illiyi və Azərbaycan Kinosu Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbir “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda videoçarxın nümayişi ilə başladı.
Mədəniyyət naziri Adil Kərimli çıxış edərək Azərbaycan kinematoqrafiyasının keçdiyi uğurlu yoldan danışdı, bütün kino işçilərini peşə bayramları təbrik edərək onlara yaradıcılıq uğurları arzuladı. Nazir dedi ki, builki Azərbaycan Kinosu Günü ölkəmizdə keçirilən Özbəkistan mədəniyyət günləri ilə də əlamətdardır. Ölkəmizdə səfərdə olan Özbəkistanın mədəniyyət naziri Xalq artisti Ozodbek Nazarbekov da tədbirin qonaqları arasında olduğunu vurğuladı.
Səhnəyə çıxan nazir Ozodbek Nazarbekov qonaqları salamladı və əlamətdar gün münasibətilə ölkəmizin kino ictimaiyyətini təbrik etdi.
Xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədova ölkəmizdə kinematoqrafiyanın inkişafı istiqamətində görülməkdə olan işlərdən məmnunluqlarını bildirərək kino xadimlərinə uğurlar arzuladılar.
Daha sonra Azərbaycan Kinosu Günü ilə əlaqədar qrup kino xadiminə Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim edildi.
“Avanqard” kamera orkestrinin təqdimatında Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyinə həsr olunmuş konsert proqramı ilə tədbirə yekun vuruldu.