Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1032

Heydər Əliyev Mərkəzində “Ölülər” pyesi anşlaqla izlənildi

Fevralın 24-də Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş "Heydər Əliyev və milli teatr sənəti" layihəsi çərçivəsində Cəlil Məmmədquluzadənin "Ölülər" pyesi nümayiş olunub. Tamaşa Heydər Əliyev Mərkəzi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında göstərilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Heydər Əliyev Mərkəzi bir sıra layihə və tədbirlər keçirir. Bu layihələr çərçivəsində Mərkəzdə ümummilli liderin sevdiyi və böyük maraqla izlədiyi silsilə teatr tamaşaları nümayiş etdiriləcək. Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyası ümummilli liderin ən çox sevdiyi əsər olduğundan Heydər Əliyev Mərkəzi “Heydər Əliyev və milli teatr sənəti” layihəsinə məhz həmin tamaşanın nümayişi ilə start verib.

Tamaşadan əvvəl ulu öndərin əsərlə bağlı fikirlərini əks etdirən videoçarx təqdim olunub. "Ölülər" pyesini dərin fəlsəfi əsər adlandıran ulu öndər onun milli ruhunu xüsusi vurğulayırdı, pyesin bənzərsiz, tarixi əsər olduğunu qeyd edirdi. Heydər Əliyev hələ gənc yaşlarından teatra çox bağlı idi. Məktəb və tələbəlik illərində dram dərnəklərində səhnədə çıxışlar edən Heydər Əliyev teatrı çox sevirdi və o, Azərbaycan milli teatrını bizim milli sərvətimiz adlandırırdı.

“Ölülər” pyesi bu dəfə mükəmməl akustikaya malik olan dünyanın ən yaxşı zallardan birində - Heydər Əliyev Mərkəzinin Auditorium zalında təqdim edilib. Bu zalın səhnəsinə uyğun tamaşa üçün rəngarəng dekorasiyalar qurulub. Aktyorların kostyumları isə məhz bu təqdimat üçün xüsusi hazırlanıb. Qara Qarayevin “Ölülər” üçün bəstələdiyi musiqi isə yeni versiyada təqdim edilib.

Quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətovun olduğu tamaşada ümumilikdə 27 aktyor iştirak edib. “Ölülər”in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri Əməkdar artist Anar Heybətov 87-ci dəfə bu tamaşa üzrə baş rol ifaçıları kimi Heydər Əliyev Mərkəzinin səhnəsinə çıxıblar.

Pyesin Mərkəzdəki təqdimatında aktyorların iştirakında nəsillərin qovuşması da müşahidə edilib. Belə ki, tamaşada gənc, orta və yaşlı nəslin tanınmış aktyorları rol alıblar: ən gənc aktyor Cəlal rolunun ifaçısı 12 yaşlı Səccat Kazımov, ən qocamanı isə Xalq artisti 85 yaşlı - yubileyini səhnədə qeyd edən Rafiq Əzimovdur. Eləcə də pyesdə xalq artistləri Əli Nur, Hacı İsmayılov, Kazım Abdullayev, Laləzar Mustafayeva, Sabir Məmmədov, əməkdar artistlər Aslan Şirin, Elxan Quliyev, Elşən Rüstəmov, Əlfida Cəfərov, Kazım Həsənquliyev, Mətləb Abdullayev, Məzahir Cəlilov, Mirzə Ağabəyli və digər sənət ustaları iştirak ediblər.

1909-cu ildə yazılan dörd məclis və beş pərdədən ibarət “Ölülər” tragikomediyası ilk dəfə 1916-cı il aprelin 29-da Bakıda, Tağıyev teatrında səhnələşdirilib. Tamaşanın ilk rejissoru görkəmli Hüseynqulu Sarabski olub. Şeyx Nəsrullah rolunu Əliqulu Qəmküsar, İsgəndər rolunu isə Mirzəağa Əliyev oynayırdı. “Ölülər”in ikinci tamaşası 1916-cı il avqustun 17-də Şuşada,  vaxtilə Xurşidbanu Natəvanın yaratdığı qızlar məktəbində tamaşaya qoyulub.

Pyes milli dramaturgiyamızda ilk tragikomediya janrlı əsərdir və ötən müddətdə həm Azərbaycanda, həm də xaricdə tamaşaya qoyularaq böyük müvəffəqiyyət qazanıb.

Pyesin Heydər Əliyev Mərkəzindəki nümayişi də anslaqla keçib. Tamaşanın sonunda səhnə əsərinin hazırlanmasında iştirak edən bütün yaradıcı heyət Heydər Əliyev Mərkəzinin təşəkkürnamələri və hədiyyələri ilə təltif olunublar.

XƏBƏRLƏR

27.03.2023 17:04
Akademik Milli Dram Teatrının “Məlikməmməd” tamaşası Şəkidə nümayiş olunub
17.03.2023 15:54
Parisdə Novruz bayramı təntənəli şəkildə qeyd edilib
13.03.2023 11:43
Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
10.03.2023 09:07
Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon keçiriləcək
06.03.2023 17:59
Xaçmaz, Qusar və Quba rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
06.03.2023 14:13
Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir
03.03.2023 17:21
Heydər Əliyev Mərkəzinin səhnəsində “Qarabağnamə” tamaşası oynanılacaq
03.03.2023 16:25
Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
03.03.2023 13:39
Milli Muğam Müsabiqəsi başlayır
01.03.2023 15:48
Xalq artisti Oqtay Kazıminin yubileyinə həsr olunan musiqi axşamı keçirilib
01.03.2023 15:36
“Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi ilə bağlı dinləmə keçirilib
23.02.2023 16:11
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
23.02.2023 15:14
Əməkdar rəssam Ağasaleh Nuriyev vəfat edib
21.02.2023 10:53
Xalq artisti Ramiz Novruz vəfat edib
20.02.2023 17:15
Xalq artisti, muğam ustadı Arif Babayevin 85 illiyi qeyd olunub
20.02.2023 16:18
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək
20.02.2023 09:34
Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Şəkidə vətəndaşları qəbul edib