“Atabəylər: Şəmsəddin Eldəniz” çoxseriyalı bədii-televiziya filmi üçün musiqi (soundtrack) müsabiqəsi elan olunur
Azərbaycanın ilk çoxseriyalı tarixi bədii-televiziya filmi – “Atabəylər: Şəmsəddin Eldəniz” filminin musiqi tərtibatının (soundtrack) hazırlanması üçün müsabiqə elan olunur.
İştirakçılar 25 dekabrdan etibarən istənilən janrlar üzrə öz bəstələrini təqdim edə bilərlər. Filmdə möhtəşəm döyüş səhnələri ilə yanaşı, dövlətçilik, sevgi, ayrılıq, xəyanət, drama, sevinc, təlaş və sair mövzular yer alacaq. Bu səbəbdən, müsabiqə üçün musiqilərin leytmotivini təqdim edərkən filmin mahiyyəti, dəyişən səhnələr və epizodlar mütləq nəzərə alınmalıdır.
QEYD 1: "Atabəylər: Şəmsəddin Eldəniz" çoxseriyalı bədii televiziya filmi 24 bölümdə çəkilməsi planlaşdırılır. Film Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin həyatı, keşməkeşli fəaliyyətindən bəhs edəcək. Burada eyni zamanda əsas məqsədlərdən biri kimi orta əsrlər Azərbaycan coğrafiyasındakı mövcud dövlət quruluşu, sosial münasibətlər, ictimai-siyasi vəziyyət, milli-mənəvi irs, intibah dövrünü yaşayan mədəni-ədəbi mühit və digər reallıqlar detallı şəkildə gündəmə gətiriləcək.
Müsabiqənin əsas şərtləri
- Hər bir iştirakçı ən azı 1 (bir) və ən çoxu 5 (beş) musiqi parçası və fərqli leytmotivlər təklif edə bilər. Musiqilərin, leytmotivlərin çox olması həmin iştirakçının qalib gəlmək şansını artıra bilər. Lakin, say çoxluğu mütləq şərt deyil; önəmli olan musiqinin orijinallığı və filmə uyğun gəlməsidir.
- Çoxseriyalı filmin musiqi müşayiətini zənginləşdirmək və orijinallığı artırmaq məqsədilə bir və ya bir neçə qalib gəlmiş iştirakçını birgə işləmək üçün layihəyə cəlb etmək mümkündür.
- İştirakçı sayı 5-dən az olduqda müsabiqənin baş tutmaması haqqında qərar verilə bilər. Bu halda bütün təqdim olunmuş musiqilər iştirakçıların özlərinə qaytarılır.
- İştirakçılar həmçinin birləşərək qrup şəklində də öz təkliflərini verə bilərlər. Bu halda hər bir müəllifin (bəstəkarın) adı qeyd edilməlidir. Qrup şəklində təklif verən tərəf bir iştirakçı kimi qiymətləndiriləcək, və qrup qalib gəldikdə mükafat müəlliflərə ayrı ayrılıqda deyil, yalnız bir dəfə bütöv qrupa ödəniləcək.
Mükafatlandırma
Müsabiqədə qalib gəlmiş iştirakçılar aşağıdakı qaydada mükafatlandırlıcaq:
- 1-ci yer üçün: 1.500 (bir min beş yüz) manat
- 2-ci yer üçün: 1.000 (bir min) manat
- 3-cü yer üçün: 500 (beş yüz) manat
Əlavə olaraq, müsabiqədə qəlib gəlmiş bir və ya bir neçə iştirakçı ilə filmin bütün bölümləri üçün musiqilərin yazılması məqsədilə müqavilə danışıqlarına başlanılacaq.
QEYD 2: Burada müəyyən edilmiş pul mükafatları yalnız müsabiqədə həvəsləndirmə məqsədi daşıyır və heç bir halda filmdə istifadə olunacaq musiqilərin qiymətinə təsir etməyəcək. Həmin qiymətlər və digər mühüm şərtlər yuxarıda qeyd edilmiş müqavilə danışıqları zamanı ayrıca razılaşdırılacaq və müqavilədə təsbit olunacaq.
IV. Bəstələrin təqdim etmə qaydaları
- Müsabiqə üçün bəstələrin son təqdim edilmə tarixi 25 yanvar 2023-cü ildir.
- Bəstələr elektron daşıyıcıda (flashcard), email yaxud digər elektron vasitə ilə(məsələn, we_transfer vasitəsilə) təqdim edilə bilər.
- Format: Mp3
- E-mail ünvanı: info@shahdagfilm.az
- İştirakçının adı, soyadı və mobil telefonu qeyd edilməlidir.
V. Qaliblərin seçilməsi
Qaliblər Azərbaycan Televiziyası, Mədəniyyət Nazirliyi və “Şahdağ Film”in peşəkar mütəxəsisslərindən ibarət münsiflər heyətinin mülahizəsinə əsasən seçiləcək və qaliblərin adları ictimaiyyətə açıqlanacaq.