Elə bir ev yoxdur ki, orada Şövkət Ələkbərovanın mahnıları səslənməsin. Hər sənətkar oxuduğu mahnıya öz imzasını qoya bilmir. Onun ifasında səslənən hər bir muğam və mahnı Azərbaycan musiqi mədəniyyətinin qızıl fonduna daxil olaraq xalqın milli mədəni sərvətinə çevrilib. İnsanlar indi də bu qüdrətli sənətkarın oxuduğu “Qarabağ şikəstəsi”, “Kəsmə şikəstə”, “Segah”, “Qatar”, “Şahnaz” kimi muğamları, Azərbaycan bəstəkarlarının “Məhəbbət”, “Tez gəl”, “Süsən sünbül”, “Dəli Ceyran”, “Ay qadası”, “Yar gəldi”, “Kürdün gözəli”, “Ceyran”, “Dərələr” mahnısını unutmurlar və sevərək dinləyirlər. Elə bu mahnıların sehri və xalqın Şövkət xanıma olan sonsuz sevgisinin göstəricisi idi ki, Heydər Əliyev Sarayına üz tutanlar çoxluq təşkil edirdi.
Dekabrın 1-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə görkəmli ifaçı, Xalq artisti Şövkət Ələkbərovanın 100 illiyinə həsr olunmuş “Şövkət Ələkbərova 100” adlı xatirə gecəsi keçirilib.
Gecədə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, eləcə də Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin instrumental ansamblının müşayiəti ilə tanınmış və gənc müğənnilər Şövkət Ələkbərovanın repertuarından mahnılar ifa ediblər.
İfaları dinlədikcə bir daha əmin olursan ki, milli ifaçılıq ənənələri əsasında öz məktəbini yaratmış Şövkət Ələkbərova mahnı janrının ustadı, peşəkar vokalçı olmaqla yanaşı, həm də mahir pedaqoq olub. O, gənc ifaçılar nəslinin yetişdirilməsi işinə bütün səy və bacarığını sərf edib. Azərbaycanın bir çox tanınmış müğənniləri məhz Şövkət məktəbinin yetirmələridir, onun zəngin təcrübəsindən bəhrələniblər. Bu gün bənzərsiz ifaları ilə könülləri fəth edən Şövkət Ələkbərovanın möhürünü qoyduğu mahnılar tələbələrinin, tanınmış və gənc sənətçilərin ifasında yenidən səslənir. Onun ifasında dinlədiyimiz hər bir nəğmə harada səslənməsindən asılı olmayaraq bu böyük sənətkarı xatırladır.