Mədəniyyət naziri Anar Kərimov noyabrın 18-də Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi,
tanınmış kinorejissor Oleq Səfərəliyevlə görüşüb.Rejissoru 70 illik yubileyi münasibətilə təbrik edən nazir onun milli kino sənətinin inkişafındakı xidmətlərini, xüsusilə çoxillik pedaqoji fəaliyyətini vurğulayaraq sənətkara ən xoş arzularını çatdırıb. Bildirib ki, yubilyar sənətkar “Murad-Sad”, “Canlı yayım”, “Kilsə”, “Müdriklərlə söhbətlər”, “Ka-De-Bo”, “Qorxu mağarası”, “Əlvida, cənub şəhəri” və s. bədii və sənədli filmləri ilə Azərbaycan kinematoqrafiyasına töhfələr verib.
Görüşdə həmçinin Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yeni yaradılmış Azərbaycan Respublikası Kino Agentliyinin gələcək fəaliyyəti barədə fikir mübadiləsi aparılıb və agentliyin ölkəmizdə kino sənayesinin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.
Sonda nazir yubileyi münasibətilə Oleq Səfərəliyevə möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayıb, Mədəniyyət Nazirliyinin fəxri fərmanı və "Şuşa – 270" xatirə nişanını sənətkara təqdim edib.
Oleq Səfərəliyev səmimi qəbula və sənətinə göstərilən diqqətə görə nazir Anar Kərimova öz təşəkkürünü bildirib.