Bu il Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələrin yaranmasının (18 noyabr 1992-ci il) 30 illiyidir.
Bu münasibətlə Gürcüstanın “Erisioni” ansamblı Bakıda konsert proqramı ilə çıxış edəcək. Kollektiv noyabrın 19-da saat 19:00-da Heydər Əliyev Sarayında Gürcüstan Mədəniyyət, İdman və Gənclər Nazirliyi və Azərbaycanın Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Gürcü əfsanəsi” adlı konsert təqdim edəcək.
1885-ci ildə yaradılmış “Erisioni” ansamblı təkcə Gürcüstanda deyil, həmçinin onun hüdudlarından kənarda da geniş şöhrət qazanıb. Ansambl konsertlərində milli geyimlərdə gürcü xalq mahnı və rəqsləri vasitəsilə ölkəsinin etnik-mədəni dəyərlərini nümayiş etdirir.
Ansambl Bakı konsertində qədim gürcü rəqsləri ilə tamaşaçıların qarşısına çıxacaq.
Qeyd edək ki, “Erisioni” ansamblı müxtəlif illərdə ölkəmizdə keçirilmiş “İpək Yolu” Beynəlxalq Musiqi Festivallarının iştirakçısı olub.