“Mərmər soyuğu” bədii filmi dünyanın ən nüfuzlu film festivallarından olan "PÖFF | Tallinn Black Nights"də iştirak edəcək
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə "
Azərbaycanfilm" kinostudiyası, İctimai TV, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filmi “PÖFF | Tallinn Black Nights” (“Qara Gecələr”) Film Festivalının əsas müsabiqə proqramına daxil edilib.Avropanın ən böyük film festivallarından olan “PÖFF | Tallinn Black Nights” cari il 11-27 noyabr tarixində keçiriləcək.
Qeyd edək ki, sözügedən festivalın əsas müsabiqə proqramında ilk dəfədir ki, Azərbaycan filmi iştirak edir. “Mərmər soyuğu” festivalın əsas müsabiqə proqramında iştirak edən 23 filmdən biridir və bu, filmin dünya premyerasıdır.
Film uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.
Filmin ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboo (Hollandiya), quruluşçu rejissoru Asif Rüstəmov, təsvir rejissorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı Rafiq Nəsirov, geyim rəssamı Şahin Həsənli, qrim rəssamı Elbrus Vahidov, prodüseri Fariz Əhmədov, kreativ prodüseri İradə Bağırzadədir.
Ekran əsərində əsas rolları Elşən Əsgərov, Natavan Abbaslı və Qurban İsmayılov ifa edirlər.
Festivalın rəsmi saytına keçid linki: https://poff.ee/en/news/poff-announces-its-full-2022-official-selection-lineup/?fbclid=IwAR08yWOiDUZjpMfuKsEb5FK6e8FWMr6Aa_DqBEV4MCTcd-B4FnGnz8soEAk