Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1008

“Lənkəran şəhərinin mədəni inkişaf strategiyası” Avropa İttifaqı tərəfindən qalib seçilib

“Lənkəran şəhərinin mədəni inkişaf strategiyası” Avropa İttifaqı (Aİ) tərəfindən həyata keçirilən “EU4Culture” (“Avropa İttifaqı mədəniyyət naminə”) layihəsinin “Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi inkişaf və sosial rifah üçün mühərrik kimi mədəniyyət və yaradıcılığın təşviqi” qrant müsabiqəsində qalib olub.

Bu münasibətlə sentyabrın 23-də Lənkəran şəhərində təqdimat keçirildi. Tədbirdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, tərəfdaş ölkələrin ölkəmizdəki səfirlikləri, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak edirdi.

İlk olaraq layihə haqqında geniş məlumat diqqətə çatdırıldı. Avropa İttifaqının “EU4Culture” layihəsinin yerli əlaqələndiricisi Firuzə Bağır bildirdi ki, 2021-ci ilin may ayında elan edilən proqram Şərq Tərəfdaşlığı ölkələrində qeyri-paytaxt və regionlara xüsusi diqqət yetirməklə mədəniyyət və yaradıcı sektoru dəstəkləmək üçün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən dördillik layihədir. Layihənin ölkəmiz üzrə həyata keçirilməsində tərəfdaş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyidir: “Layihə çərçivəsində alınan qrant hesabına şəhərlər üçün mədəniyyət strategiyası hazırlanacaq. Gələcəkdə növbəti mərhələdən uğurla keçəcək şəhərlər üçün strategiyanın həyata keçirilməsi məqsədilə 300 min avro qrant ayrılması nəzərdə tutulub. Təqdim olunan müraciətlər qiymətləndirildikdən sonra ölkə üzrə Şəki, Xırdalan və Lənkəran şəhərləri öz mədəni inkişaf strategiyalarını hazırlamaq üçün 30 min avro qrant qazanıblar. Lənkəran şəhərindən layihə üçün nazirliyin Lənkəran Regional Mədəniyyət İdarəsi (RMİ) müraciət etmişdi”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko çıxışında diqqətə çatdırdı ki, Aİ tərəfindən Höte İnstitutunun koordinasiyası ilə Şərq Tərəfdaşlığı ölkələrinin qeyri-paytaxt şəhər və qəsəbələrində mədəniyyət və yaradıcı sektoru dəstəkləmək məqsədilə 2021-ci ilin iyun ayında ümumi büdcəsi 40 milyon avro olan “EU4Culture” qrant müsabiqəsi elan olunmuşdu: “Bu layihə Avropa İttifaqı tərəfindən hazırlanmış ən böyük mədəniyyət proqramlarından biridir. Lənkəran şəhərinin bu layihədə qalib olması bizləri sevindirir. Bu qrant vasitəsilə şəhərdə mədəni layihələri dəstəkləməklə orta sahibkarlığın da inkişafına təkan veriləcək.  Mədəniyyət cəmiyyət üçün universal dəyərə malikdir. Avropa İttifaqının gündəmdə olan əsas prioritetlərindən biri də mədəniyyət sahəsidir və əməkdaşlığın mühüm mövzularındandır. Mədəniyyət sahəsinin inkişafına yönələn bu layihə insanların sosial-iqtisadi inkişafına da töhfədir. 

Çıxışının sonunda layihənin tərəfdaşlarına təşəkkürünü bildirən Peter Mixalko layihənin simvolik kubokunu Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazova təqdim etdi.

Şahin Şahbazov “EU4Culture” layihəsi çərçivəsində elan edilən “Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi inkişaf və sosial rifah üçün mühərrik kimi mədəniyyət və yaradıcılığın təşviqi” qrant müsabiqəsində qalib olmalarından məmnunluğunu ifadə edərək dəstək olan təşkilatlara minnətdarlığını dilə gətirdi. Layihə çərçivəsində Lənkəran şəhərinin mədəni inkişaf strategiyasının hazırlandığını diqqətə çatdıran RMİ-nin rəisi layihənin uğurla reallaşacağına ümidvar olduğunu bildirdi.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirdi ki, bu gün nazirliyin qarşısında duran məqsədlərdən biri də mədəniyyətin iqtisadiyyata çevrilməsidir: “Müxtəliflik mədəniyyətimizi rəngarəng edir. Ölkəmiz Avropa İttifaqı ilə bir sıra sahələrdə əməkdaşlıq edir. Bunlardan biri də mədəniyyət sahəsidir. Bizim bu sahədə böyük potensialımız var. Layihə qeyri-paytaxt şəhərlərə həsr olunub. Amma mən bu layihəni “hər şəhər bir paytaxtdır” – deyə adlandırardım. Məqsədimiz ilk növbədə mədəni dəyərlərimizə diqqət və qayğı ilə yanaşaraq onları təbliğ etməkdir. Lənkəran camaatı öz nemət və dəyərləri ilə fəxr edərək bu dəyərləri bu bölgənin inkişafına həsr etməklə töhfələr verə bilərlər. Bu gün dünya bərpaolunan enerji mənbələri haqqında danışır. Azərbaycan üçün mədəniyyət ən zəngin mənbədir. Biz bu mənbəni, mədəniyyəti iqtisadi inkişafa səfərbər etməliyik. Biz bu gün regional mədəniyyət idarələrini bölgələrdə yerləşən mədəniyyət müəssisələrinə idarəedici kimi deyil, bu sahənin inkişafına iqtisadi töhfələr verən koordinator kimi görürük. Layihəyə dəstək verən təşkilatlara təşəkkür edirəm.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışı zamanı əlamətdar hadisə münasibətilə bütün lənkəranlıları təbrik etdi. Bildirdi ki, bu qalibiyyət Lənkəran üçün xüsusi önəm kəsb edir. Taleh Qaraşov Lənkəran Şəhər İcra Hakimiyyətinin əsas tərəfdaşlığı ilə həyata keçiriləcək layihənin tarixi və mədəni irsinin təbliğinə xidmət edəcəyini və sosial inkişafına töhfə verəcəyini vurğuladı.

Beynəlxalq kulinariya çempionatında Lənkəranın ilk kulinariya komandasının  1-ci yeri qazandığını deyən icra başçısı Prezident İlham Əliyevin və Birinci vitse- prezident, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində “Cənub mirvarisi” olan Lənkəran şəhərinin UNESCO-nun “qastronomiya” tematikası üzrə 2021-ci ildə “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edildiyini bildirdi. Qeyd etdi ki, layihə çərçivəsində kitabxana, muzey, qalereya və regionda fəaliyyət göstərən digər mədəniyyət ocaqlarının fəaliyyətində Avropa modellərinin tətbiq edilməsi, eləcə də şəhərin mədəniyyət potensialının artırılması və regionda mədəni əməkdaşlığın inkişaf etdirilməsi önəmlidir.

Təqdimatda çıxış edən Fransanın ölkəmizdəki səfiri Zakari Qros, Avropa İttifaqının regional tədqiqatlar üzrə koordinatoru Marika Jabua Lənkəran şəhərinin sakinlərini təbrik edərək layihənin reallaşmasında uğurlar arzuladılar.

Qeyd edək ki, müsabiqəyə Azərbaycan üzrə səkkiz şəhər müraciət etmişdi: Lənkəran, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax, Şirvan, Xırdalan və Şəki. Lənkəran şəhəri üçün müraciət Mədəniyyət Nazirliyinin Lənkəran Regional Mədəniyyət İdarəsi vasitəsilə həyata keçirilib. Layihə üzrə strategiya iki il ərzində icra ediləcək. Maliyyə dəstəyi ilə yanaşı, layihə çərçivəsində qalib şəhərin mədəniyyət sahəsində potensialının gücləndirilməsinə yönəlmiş dəstək və təlim proqramları keçiriləcək.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib