Azərbaycanla Tacikistan arasında mədəni əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Xəbər verdiyimiz kimi, Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində MDB iştirakçı-dövlətlərinin mədəni əməkdaşlıq üzrə Şurasının 37-ci iclasında Mədəniyyət Nazirliyinin nümayəndə heyəti iştirak etmişdir.
Səfər çərçivəsində Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vüqar Məmmədov ilə Tacikistan Respublikasının mədəniyyət nazirinin müavini Manuçehr Şarifzoda və Tacikistanın Akademik Opera və Balet Teatrının direktoru Kamoliddin Sayfiddinovun arasında görüş keçirilmişdir. Görüş zamanı ölkələr arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı, hər iki ölkədə keçirilən tədbirlər zamanı mədəniyyət və incəsənət xadimlərinin mübadiləsi, ölkələrin opera və balet teatrları arasında əməkdaşlığa dair müqavilənin hazırlanması və mədəniyyət müəssisələri arasında əməkdaşlıq imkanları haqqında müzakirələr baş tutmuşdur.
Eyni zamanda, Beynəlxalq Delfi Komitəsinim direktoru Vladimir Ponyavin ilə baş tutan görüşdə Azərbaycan nümayəndə heyətinin bu il Tacikistanda təşkil olunacaq Beynəlxalq Delfi oyunlarında iştirakı məsələsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.