Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasında rəsmi səfərdədir. Səfər zamanı A.Kərimov İranın mədəniyyət və islam irşadı naziri Məhəmməd Mehdi İsmaili ilə görüşüb.
Görüş zamanı mədəniyyət naziri Mehdi İsmailiyə dəvətə görə təşəkkürünü bildirib. Bu səfərin ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasınının 30 illiyinə təsadüf etdiyini vurğulayıb. Dövlətlərimiz, xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsində iki ölkə arasında mədəni əməkdaşlığın uğurlu inkişafının verə biləcəyi töhfədən söz açılıb.
Tərəflər görüşdə beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin əməkdaşlığının davam etdirilməsi üçün potensialın olduğunu və mədəni mübadilə proqramının layihəsi üzərində işlərin davam etdiyini bildiriblər. Eləcə də Anar Kərimov bu sənədin imzalanması üçün Məhəmməd Mehdi İsmailini Bakıya dəvət edib.
İranın mədəniyyət və islam irşadı naziri öz növbəsində ədəbiyyat sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu və kino, musiqi festivallarının keçirilməsi, qarşılıqlı mədəniyyət həftələrinin təşkilinin, heykəltəraşlıq, rəssamlıq sahəsində təcrübə mübadilə proqramlarının gerçəkləşdirilməsinin vacibliyini bildirib.
A. Kərimov Tehranda Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının qarşılıqlı mədəni əlaqələrin dərinləşdirilməsinə töhfə verəcəyini deyib.
Həmçinin işğaldan azad edilmiş torpaqlarımızda yenidənqurma və bərpa işlərinin sürətlə getdiyini, islam dininin tarixi torpaqlarımıza- Qarabağa qayıdışının davam etdiyi bildirib.
Eləcə də Şuşanın İslam dünyası üçün simvolik əhəmiyyətindən bəhs olunub.
Görüş tərəfləri maraqlandıran bir sıra məsələlərin müzakirəsi ilə davam edib. Daha sonra nazirlərin iştirakı ilə mətbuat konfransı keçirilib.
***
Anar Kərimov İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Mehdi İmanipur ilə görüşüb.
Görüş zamanı iki ölkə arasında iqtisadi, siyasi əməkdaşlığın, mədəniyyət sahəsində olan münasibətlərin inkiafının sürətlə irəlilədiyindən bəhs olunub. Eyni zamanda İranla Azərbaycan arasında kino, kitab sahəsində sıx əməkdaşlığın önəmindən danışılıb. UNESCO, İSESCO və digər beynəlxalq təşkilatlar çərçivəsində birgə görülən işlərin əhəmiyyəti vurğulanıb.İmanipur bildirib ki, İran Bakı və Tehran arasında qardaşlıq münasibətinin möhkəmləndirilməsində maraqlıdır. Həmçinin mədəniyyət paytaxtımız Şuşanın İran İslam Respublikasının şəhərlərindən biri ilə qardaşlaşması təklif edilib. Bununla yanaşı, iki ölkənin müxtəlif şəhərləri arasında qarşılıqlı mədəni tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb.
A.Kərimov Tehranda Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına xidmət edəcəyini bildirib. Nazir, Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad olunan torpaqlarımızda yenidənqurma və bərpa işlərinin sürətlə getdiyini vurğulayıb. İşğal dövründə Qarabağın islam irsinə böyük ziyan dəydiyini, dini məbədlərimizin təhqir olunduğunu da dilə gətirib. Hazırda əzəli islam torpağı olan Qarabağımıza mədəniyyətin geri qayıtdığını deyib.
Görüşdə bir sıra digər mühüm məsələlər də müzakirə olunub.