Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru beynəlxalq incəsənət festivalının münsiflər heyətinin üzvü qismində dəvət olunub
2021-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayınadək Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin təşkilatçılığı ilə 5-25 yaşarası uşaq və gənclər üçün МАЛЮЙ.UA IV Beynəlxalq İncəsənət festivalı keçirilir. Qaliblərin əsərlərindən ibarət sərgi cari ilin 14-28 fevral tarixlərində Kiyev şəhərində İ.P.Kavaleridze Muzey-emalatxanasında təşkil olunacaq.
Beynəlxalq münsiflər heyətinə İspaniya, İtaliya, ABŞ, Kanada, Belçika kimi dünyanın 5 qitəsinin 12 ölkəsindən görkəmli rəssam, heykəltəraş, mədəniyyət və incəsənət xadimləri daxildir. Builki festivala ölkəmizdən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev münsiflər heyətinin üzvü qismində dəvət olunub.
Qeyd edək ki, festivalın əsas məqsədi Ukrayna və digər xalqlar arasında mədəni əlaqələrin inkişafına, eləcə də müxtəlif ölkələrin nəsilləri arasında əlaqələrin yaradılmasına və möhkəmləndirilməsinə töhfə verməkdir.