Məlumat verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir.
Səfər çərçivəsində nazir Anar Kərimovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ankarada görüşü keçirilib.
Martın 2-də baş tutan görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsindən məmnunluq ifadə edilib. Ölkələrimizin həyata keçirdikləri birgə layihələrin əhəmiyyəti vurğulanıb. Dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi işinə töhfə verdiyi bildirilib.
Görüş zamanı Türkiyə ilə Azərbaycan birliyinin təcəssümü olan tarixi Zəfərdən, 44 günlük Vətən müharibəsində qardaş ölkənin göstərdiyi böyük dəstəkdən söz açılıb.
Görüşdə ikitərəfli münasibətlər, mədəniyyət sahəsində inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.