Məşhur fotoqraf Rza Diqqəti Ağdamda Natəvanın məqbərəsində törədilən vandalizmlə bağlı paylaşım edib
Fransada yaşayan məşhur fotoqraf Rza Diqqəti Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu zaman görkəmli şairə Xurşudbanu Natəvanın məqbərəsinə qarşı həyata keçirilən vandalizmlə bağlı paylaşım edib.
Dünya şöhrətli fotoqraf özünün “İnstagram” səhifəsindəki paylaşımında qeyd edir ki, Azərbaycan şairəsi Xurşudbanu Natəvan 1832-ci ildə Şuşa şəhərində anadan olub. R.Diqqəti izləyicilərinin diqqətinə çatdırır ki, Natəvan Qarabağın sonuncu xanının varisi idi və ailənin sərvətinin böyük bir hissəsini humanitar fəaliyyətə, o cümlədən Şuşa şəhərinə su təminatını həyata keçirən və o dövr üçün mühəndislik incisi hesab olunan boru xəttinin çəkilməsinə sərf edib. 1897-ci ildə vəfat edən şairə Ağdamın "İmarət" qəbiristanlığında dəfn olunub.
Məşhur fotoqraf ilk dəfə 1992-ci ildə, erməni hərbi birləşmələrinin Ağdama hücumundan əvvəl məqbərənin ərazisində olduğunu və oranın şəkillərini çəkdiyini qeyd edir. Ağdamın erməni işğalından azad edilməsindən sonra bu yerləri ziyarət edən R.Diqqəti paylaşımında yazır: “Şəhər 2020-ci ilin noyabrında işğaldan azad edildikdən sonra mən yenidən oraya qayıtdım və şairənin dəfn edildiyi məzarın dağıdıldığını gördüm. Onun sümükləri də qəbrindən çıxarılıb aparılmışdı”.
Məqbərəyə qarşı həyata keçirilən vandalizmi diqqətə çatdıran fotoqraf qarşılaşdığı mənzərədən dərin sarsıntı keçirdiyini qeyd edir.