Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2165

Laçın Şəhəri Günü təntənəli şəkildə qeyd olundu

Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə 26 avqust – Laçın Şəhəri Günü ikinci dəfə təntənə ilə qeyd olundu.

Tədbirdə doğma yurda qayıdan laçınlılarla yanaşı, rəsmilər, mədəniyyət xadimləri və digər qonaqlar vardı.

Şəhər günü Laçının dörd məkanında – Bayraq meydanı, "Lacinema" kinoteatrı, seyrəngah və Həkəri çayının sahilində gerçəkləşdi.

Bayraq meydanında təşkil edilən açılış mərasimində əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət Himni səsləndirildi.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçın Şəhəri Günü münasibətilə sakinləri və tədbir iştirakçılarını təbrik etdi. Qeyd olundu ki, artıq ikinci dəfədir keçirilən Laçın Şəhəri Günü Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli sərəncamı ilə təsis olunub. “Otuz ilə yaxın işğal dövründə düşmən Laçın şəhərini xarabalığa çevirmişdi. Laçının azad olunmasından başlayaraq qısa dövr ərzində burada geniş miqyaslı bərpa-quruculuq işləri aparılıb. Hazırda Laçın şəhərinin əvvəlki əzəməti bərpa edilir”, – deyə M.Məmmədov bildirdi.

Digər çıxış edənlər Laçının füsunkar təbiətindən söz açıb, bayram münasibətilə şəhər sakinlərinə xoş arzularını çatdırdılar.

Tədbirdə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri tərəfindən vətənpərvərlik ruhlu musiqilər ifa edildi. Daha sonra hərbi orkestrin müşayiəti ilə tədbir iştirakçılarının "Lacinema" kinoteatrına yürüşü oldu.

 

"Lacinema"da sərgi və filmlər

Şəhər günü tədbirləri çərçivəsində "Lacinema" kinoteatrında “Laçınım mənim” adlı rəsm sərgisi və “Zamanın qanadlarında. Laçın” fotosərgisi nümayiş olundu.

Günorta saatlarında qonaqlar “Şuşa, sən azadsan!” sənədli filmini izlədilər. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsal etdiyi filmin rejissoru Cavidan Şərifov, prodüserləri Nazim Hüseynov və Orman Əliyevdir.

Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan Şuşa əməliyyatının diqqətçəkən məqamları izləyicilərə ilk dəfə bu filmdə təqdim edilir. Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, Şuşanın işğaldan azad edilməsində əvəzsiz rol oynayan Xüsusi Təyinatlı Qüvvələrin keçdiyi döyüş yolu, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alıb.

Günün ikinci yarısında isə kinoteatrda “Oğurlanmış bahar”, “Tıq-tıq və dostları möcüzələr axtarışında” və “Mənim balaca Şahzadəm” animasiya filmləri nümayiş etdirildi.

"Oğurlanmış bahar" animasiya filmində Bahar qızı Div tərəfindən oğurlanır. Bunu görən balaca qəhrəman Baharı xilas etmək istəyir. Balaca qəhrəmanla Bahar birləşib Divin qəsrindən qaçırlar. Bundan sonra Bahar hər tərəfi gül-çiçəyə qərq edir...

Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunan filmin quruluşçu rejissoru Aleksandra Şirinova, bəstəkarı Azər Hacıəsgərli, prodüseri Mansur Şəfiyevdir.

“Tıq-tıq və dostları möcüzələr axtarışında” ikihissəli animasiya filminin birinci hissəsində Tıq-tıq öz dostları ilə cənub bölgəmizə səyahət edir və balacalara orada bitən, nadir dəmirağac haqqında məlumat verir. Filmdə başqa maarifləndirici məlumatlar da fərqli şəkillərdə uşaqlara çatdırılır.

İkinci hissədə isə Tıq-tıq öz dostları ilə qədim yaşayış məskənlərimizdən olan Qobustana səyahət edir. Qəhrəmanların başlarına qeyri-adi və sirli hadisələr də gəlir. Bu sirli hadisələrin ən yaxşı tərəfi qəhrəmana yeni bir dost qazandırması olur...

Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunan “Tıq-tıq və dostları möcüzələr axtarışında” animasiya filminin ssenari müəllifi və quruluşçu rejissoru Sultan Abbasbəylidir. Filmin bəstəkarı Azər Hacıəsgərli, rəssamı Kübra Binnətova, redaktoru Yusif Şeyxov, səs rejissoru Mehman Nadirov, prodüseri Mansur Şəfiyevdir.

“Mənim balaca Şahzadəm” animasiya filmində gənc rəssam Məryəm Ələkbərlinin Fransız yazıçı Antuan de Sent Ekzüperinin “Balaca şahzadə” əsərinə həsr etdiyi yağlı boya ilə işlənmiş tabloların təsviri animasiya hissələrinin tərkibində verilib. Rəssamın “Balaca şahzadə” əsəri haqqında düşüncə və duyğularının 3D animasiya stili ilə təsviri əlaqələndirilməsi yeni bir stilistika ərsəyə gətirib.

Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunan filmin quruluşçu rejissoru Arif Məhərrəmov, bədii rəhbəri Elçin Əfəndiyev, ssenari müəllifi İman İsmayıl, quruluşçu rəssamı Amil Quliyev, bəstəkarı Azər Hacıəsgərli, səsləndirmə üzrə rejissoru Mehriban Zəki, prodüseri Müşfiq Hətəmovdur.

Qeyd edək ki, “Mənim balaca Şahzadəm” animasiya filmi Türkiyə, Banqladeş və Pakistan və Cənubi Koreyada festivallarda uğur qazanıb.

 

Laçın şəhər seyrəngahında ustad dərsləri, tamaşa nümayişləri

Bayram şöləni çərçivəsində şəhərdəki seyrəngahda xalq tətbiqi sənəti üzrə ustad dərsləri təşkil olundu.

Ustad dərslərində şəbəkə, həsirçilik, keramika, misgərlik və s. sahələr üzrə məlumat verilib, onların bir çoxunun hazırlanması prosesi əyani nümayiş etdirildi.

Daha sonra “Qoçdaş” interaktiv sərgisi təşkil edildi. Müstəqil “Oyuq” uşaq teatrı tərəfindən milli nağıl qəhrəmanlarımız əsasında səhnəciklər göstərildi, Azərbaycanın uşaq kinematoqrafik nümunələrindən ibarət konsert proqramı keçirildi.

Bundan başqa, Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında “Qırmızıpapaq” tamaşası nümayiş olundu. Yevgeni Şvartsın eyniadlı əsərinin motivləri əsasında hazırlanan tamaşaya rejissor, Əməkdar artist Loğman Kərimov quruluş verib. Tamaşanın musiqi tərtibatçısı Azad Məmmədov, quruluşçu rəssamı Valeh Məmmədovdur. 

Səhnə əsərində rolları Sürahi Əliməmmədova, Püstəxanım Zeynalova, Aybəniz Cahangirova, Nihat Heybətov, Orxan Abışov, Cavid Cavadzadə ifa edirlər.

“Qırmızıpapaq” tamaşası doğma yurda qayıtmış laçınlı uşaqlar tərəfindən böyük maraqla qarşılandı.

 

Həkəri çayının sahilində çal-çağır 

Laçın Şəhəri Günü tədbirləri Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam etdi.

Əvvəlcə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli əlamətdar gün münasibətilə təşkil edilən sərgilərlə tanış oldu.

Sonra “Can Laçın” yarmarkası – bölgəyə məxsus mətbəx nümunələrinin təqdimatı oldu. Eyni zamanda uşaqlar üçün əyləncəli tədbirlər – çərpələng uçurtma, maska, şar və torba oyunları, “face art” və s. keçirildi. Uşaq yazarları Sevinc Nuruqızı və Solmaz Amanova ilə uşaqların görüşü oldu, viktorinalar təşkil edildi.

"Ata vəsiyyəti – oğul Zəfəri" və "Bir millət, iki dövlət" adlı xalçaların hanadan kəsimi isə tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Məlumat verildi ki, "Ata vəsiyyəti – oğul Zəfəri" xalçası Ulu öndər Heydər Əliyevin Prezident İlham Əliyevə "Qarabağ vəsiyyəti" əsasında toxunub. "Bir millət, iki dövlət" xalçası isə Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan qarşadlığı haqqındakı məşhur "Bir millət, iki dövlət" müdrik kəlamı əsasında hazırlanıb. Hər iki dövlətin bayrağının əks olunduğu xalçanın fonunda isə Qarabağın məşhur “Xətai” (XVII əsr) qrupuna aid "Əjdahalı" xalçasından və Türkiyənin “Lotto” (XVII əsr) xalçasından fraqmentlər verilib. Hər iki xalçanın müəllifi Elnarə Rəsulovadır.

Daha sonra tədbir çərçivəsində “poeziya saatı” təşkil edildi. Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin aparıcılığı ilə gerçəkləşən tədbirdə ilk olaraq yeni çapdan çıxmış “Laçın – 100” ədəbi antologiyasının təqdimatı oldu. Toplayanı və tərtibçisi şair-publisist İlham Qəhrəman olan kitab Laçın şəhərinin salınmasının 100 (1924–2024) illiyinə həsr olunub. Nəşrdə indiki Laçın ərazisində yazıb-yaratmış şair, nasir və aşıqların yaradıcılığından nümunələr toplanıb. 400 illik dövrü əhatə edən antologiyanın poeziya bölümü Sarı Aşıq, Mir Həmzə Nigari kimi klassiklərin yaradıcılığı ilə açılır.

XVII, XVIII və XIX əsrlərdə yaşamış, yaradıcılığı günümüzə tam gəlib çatmayan və adları ədəbi mühitə məlum olmayan Aşıq Alı (suvatlı), Əmir Bəy, Aşıq Abbas, Qara Kərim, Şair Məmmədalı, Aşıq Cəfərqulu kimi saz-söz adamlarının yaradıcılığından nümunələr də kitabda yer alıb.

Daha sonra "Füzuli 530 - məclisi-üns" adlı muğam və poeziya məclisi keçirildi. Tədbirdə laçınlı yazarlar Şərif Ağayar, Səddam Laçın, musiqiçilər Əməkdar artist, xanəndə Ehtiram Hüseynov, həmçinin Xəyal Hüseynov, Aşıq Sahil, Aşıq Afil və digərləri bədii proqramla çıxış etdilər.

Sonda Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları tərəfindən "Sarı Aşığın hekayəti" adlı teatral kompozisiya təqdim edildi.

 

Qala konsert və atəşfəşanlıqla başa çatan şəhər günü tədbirləri

Avqustun 26-da günün ikinci yarısında Həkəri çayının sahilində qurulmuş əsas səhnədə şəhər gününün möhtəşəm qala konserti keçirildi.

Rəsmilər, tanınmış mədəniyyət nümayəndələri, Laçın sakinləri və digər qonaqlar konserti izlədilər.

Əvvəlcə Prezident İlham Əliyevin Laçına səfəri və şəhər sakinləri ilə görüşünü özündə əks etdirən kadrlar nümayiş olundu.

Musiqi şölənində Xalq artisti Faiq Ağayev, Əməkdar artistlər Ehtiram Hüseynov, Lalə Məmmədova, İlkin Əhmədov, Rəşad İlyasov, Elza Seyidcahan, Günel Şeyxova, ifaçılar Aşıq Ramin, Araz Hümbətli, Kamilə Nəbiyeva, Fuad Musayev, Könül Məmmədli, Vüsal Hacıyev, Murad Arif, həmçinin “Amarok" qrupu, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və “Laçın” muğam qrupu çıxış etdilər.

Proqramda Məhəbbət Kazımovun "Laçınım", "Dağlar boyda dağım var", Aydan Əliyevanın "Gözəl Azərbaycan", Rauf Məmmədovun "Yaşa Azərbaycan", Oqtay Kazıminin "Ey həyat, sən nə qəribəsən", Emin Sabitoğlunun "İncə bellim", Elza Seyidcahanın "Laçınımın dağlarında", Ələkbər Tağıyevin "El yolunda", Bəhram Nəsibovun "Anadır arzulara", Telman Hacıyevin "Vətən süitası" və Xanım İsmayılqızının "Sən qalibsən" mahnıları səsləndirildi.

Konsertdə həmçinin "İncilər" kompozisiyası, "Cəngi" rəqsi, "Xalq bayatıları", "Misri" aşıq havası, "Uzundərə" xalq rəqsi, "Ay Laçın" xalq mahnısı və "Şur" təsnifi ifa edildi.

Daha sonra respublika və beynəlxalq müsabiqələr laureatı, gənc tarzən İbrahim Babayevin solo çıxışı dinlənildi. İfaçı tərəfindən xalq mahnısı “Unuda bilmirəm”, Azərbaycan muğamının müasirliklə sintezinə aid “MuğaMix”, “Səmada rəqs” və digər musiqilər səsləndirildi.

Bütün çıxışlar böyük coşqu ilə qarşılandı, tamaşaçılar tərəfindən gur alqışlarla mükafatlandırıldı.

Laçın Şəhəri Günü tədbirlərinə möhtəşəm atəşfəşanlıqla yekun vuruldu. Azad şəhərin səması rəngbərəng işıqlara büründü.

Beləcə, növbəti dəfə təntənə ilə qeyd olunan Laçın Şəhəri Günü unudulmaz anlarla tarixə qovuşdu.

XƏBƏRLƏR

15.10.2024 17:32
Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
15.10.2024 10:00
Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib
11.10.2024 16:11
ICESCO nümayəndə heyəti Ağdam şəhərinə səfər edib
11.10.2024 12:54
Adil Kərimli “Yuğ” teatrının kollektivi ilə görüşüb
11.10.2024 12:38
Mədəniyyət naziri Azərbaycan Dövlət Kukla Teatrında olub
09.10.2024 18:17
Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib
09.10.2024 09:17
Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası öz işinə başlayıb
07.10.2024 22:31
“Baku Cinema Breeze” çərçivəsində 8-ci DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalı keçirildi
07.10.2024 17:27
Türk Dünyasının Beynəlxalq Animasiya Festivalı keçirilib
07.10.2024 17:18
7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirildi
07.10.2024 14:37
XV Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi baş tutub
04.10.2024 17:15
Cəbrayılda ilk "Şəhər günü" keçirilib
04.10.2024 15:17
“Baku Cinema Breeze” festivalı çərçivəsində “Omarket”in platformasının açılışı olub
03.10.2024 17:26
Bakıda tarixi İpək Yoluna həsr olunmuş UNESCO konfransı keçirilir
03.10.2024 12:34
Görkəmli qazax yazıçısı Kemel Tokayevin dilimizə tərcümə edilmiş "Xüsusi tapşırıq" kitabının təqdimatı keçirilib
03.10.2024 12:14
“Baku Cinema Breeze” Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib
02.10.2024 17:29
Paytaxtımızda X Beynəlxalq Kitab Sərgisi başlandı
01.10.2024 14:35
Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi işğaldan azad edilən ərazilərdə incəsənət təhsili üzrə ilk tədris ocağıdır
01.10.2024 12:14
Qazaxıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin geniş icmalı
01.10.2024 10:22
“Baku Cinema Breeze” beynəlxalq film festivalının açılışına sayılı günlər qaldı
30.09.2024 17:47
X Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib
30.09.2024 17:40
İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024 17:20
Monteneqroda Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının növbəti Assambleyası təşkil olundu
27.09.2024 16:55
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad edib
27.09.2024 15:44
Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər
26.09.2024 14:32
Qazaxıstan Milli Muzeyində müxtəlif mövzularda mühazirələr təşkil olunub
26.09.2024 09:50
Qazaxıstanda Azərbaycan Dövlət Rəqs Ansamblının möhtəşəm konserti olub
25.09.2024 15:55
Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunub
25.09.2024 15:04
Qazaxıstan Milli Akademik Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı olub
25.09.2024 11:29
Salam Sarvan və Rövşən Abdullaoğlu 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları seçilib
25.09.2024 10:30
Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin ilk konserti keçirilib
24.09.2024 16:51
Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib
23.09.2024 17:53
Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir
23.09.2024 16:52
Regionun ən böyük beynəlxalq kitab sərgisinə sayılı günlər qaldı