Fevralın 23-də Nizami Kino Mərkəzində “CINEMO” Mobil Film Festivalının mükafatlandırma və bağlanış mərasimi keçirilib. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Yaradıcı Həftə” çərçivəsində ötən ilin dekabrın 1-dən start götürmüş CINEMO Mobil Film Festivalı Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə baş tutub.
Devizi “Fikir çəkmə, telefona çək” olan festivalın məqsədi Azərbaycanda gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onlar arasında mobil telefon vasitəsilə film istehsalının daha geniş tanıdılması, mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği və istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.
Festivala 150 nəfərin film təqdim edilib və onlardan 70-i (34 bədii film, 17 sənədli film, 19 sosial çarx) seçilib. Festivala respublikanın 15 şəhərindən iştirakçı qoşulub.
“CINEMO” Mobil Film Festivalının “Sosial çarx” nominasiyası üzrə birinci yerə "Qismət" (Məmmədəli Əbilov), ikinci yerə "Gəlincik" (Fikrət Gündüzlü), üçüncü yerə “Mənim adım autizmdir” (Azər Kazımov) filmləri layiq görülüb. “Sənədli film” nominasiyasında birinci yeri "Alovla savaşanlar" (Taleh Urfansoy, Şəki), ikinci yeri "Şərqiyyə" (Sabir Nurullayev, Zaqatala), üçünccü yeri "Daşların sirri" (Emin Həsənov, Şuşa) filmləri tutub. “Bədii film” nominasiyasında isə birinci yeri "44 ölçü" (Dilavər Manafov), ikinci yeri "Bayram hədiyyəsi" (Şirin Əhmədov), üçüncü yeri "Bağlıdır-açıqdır" (Aydan Qafarova) filmləri tutub.
Həmçinin festivalın yaşca ən kiçik (Səma Abdullayeva, 14 yaş, Şəki) və ən böyük (Oleq Namazov, 64 yaş, Gəncə) iştirakçıları diplomla təltif olunublar.