Mədəniyyət günləri çərçivəsində noyabrın 3-də Q.Mursepov adına Qazaxıstan Dövlət Uşaq və Gənclər Teatrı Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çıxış edib.
Qonaq teatr qazax ədəbiyyatının klassiki, yazıçı-dramaturq Muxtar Auezovun (1897-1961) "Qaragöz" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı nümayiş etdirib.
Səhnələşdirəni və quruluşçu rejissoru Fərhad Moldağali olan tamaşa köhnə adətlərin qurbanına çevrilmiş iki gəncin – gözəl Qaragöz ilə gənc şair Sırımın nakam məhəbbətindən bəhs edir.
Mədinə Özervayeva, Nurjan Asılxan, Maksat Raxmet və başqalarının rol aldığı səhnə əsəri alqışlarla qarşılanıb.
Xatırladaq ki, dekabrın 4-də Heydər Əliyev Mərkəzində Qazaxıstan təsviri sənət sərgisi açılacaq, və dost ölkənin incəsənət ustalarının qala-konserti keçiriləcək.